FOX.AZ saytı öz tarixini uzaq 2002-ci ildən başlayır. O vaxtlar Azərbaycan İnternet seqmentində saytlar barmaqla sayılası qədər idi. Mirc, Odigo, Mail.ru dövrü idi və demək olar ki, milli saytlar yox idi. FOX.AZ-ın əcdadı sayılacaq parwin.azeronline.com ünvanında yerləşən səhifə saytdan daha çox layihənin təməlini qoymuş Pərvin Şükürzadə-nin veb texnologiyaları öyrənmək üçün bir test məkanını xatırladırdı. Sayta müxtəlif informasiyalar qoyulur və həmən Azercell (Pərvin bəy orada işləyirdi) əməkdaşları tərəfindən yayılırdı. Qlobal İnternet arxivində parwin.azeronline.com ünvanı 2003-cü il Yanvarın 29-dan etibarən izlənmənməyə başlanıb.


AzeriNext.com saytından görünüş

Səhifənin populyarlığı artdıqca yeni müstəqil domenə ehtiyac duyuldu. Beləliklə, 2003-cü ilin əvvəllərində İnternet aləminə o vaxtların məşhur saytı — AzeriNext.com göz açdı. AzeriNext özü ilə Azərbaycan İnternet seqmentinə bir çox yeniliklər gətirdi — ona kimi saytlar baxımsız və şablon üslubda hazırlanırdısa, AzeriNext.com onlardan həm təqdim edilən kontentin keyfiyyəti, həm də görünüş tərtibatına görə tam fərqlənirdi. Hələ də İnternet məkanında AzeriNext.com-dan qalma video fayllara, dizayn tərtibatına rast gəlmək mümkündür.

Bütün üstünlüklərinə baxmayaraq, AzeriNext.com da o vaxtların bütün milli saytları kimi rus dilində yayımlanırdı. Yenilik etmək zamanı gəldi və AzeriNext.com 2004-cü ilin sonlarında (Oktyabr ayında) Azərbaycan İnternet seqmentində ilk dəfə Azərbaycan dilində yayımlanan sayta — FOX.AZ saytına transformasiya oldu.


FOX.AZ portalının ilk versiyası

FOX.AZ Azərbaycan İnternet seqmetində demək olar ki, inqilab etdi və qısa müddət ərzində o dövrün ən baxımlı və ən çox ziyarət olunan saytına çevrildi. Sayt o vaxt üçün fantastik görünüşə, kontentə, istifadəçi sayına malik idi. Hal-hazırda Azərbaycan İnternet seqmentində fəallıqları ilə seçilən administratorların, sayt rəhbərlərinin və müxtəlif aktivistlərin böyük əksəriyyəti FOX.AZ forumunun istifadəçiləri olublar.

FOX.AZ istifadəçilər üçün tam yeni üslubda tərtib edilmiş və doğma dildə (ən əsası — o vaxt yenilik kimi qəbul edilən milli hərflərlə, translitlə yox) bir məkan təqdim etdi. Sayt qısa müddət ərzində bir neçə müsabiqənin qalibi oldu (WebMaster 2005, Netty 2005, Netty 2008 və sair). Saytın uğurları böyüdükcə, klonları da artdı, amma FOX.AZ bir əyləncə saytı kimi rəqib tanımadı.

Qeyd edək ki, indiyə kimi milli İnternet seqmentdə o zamanın FOX.AZ-ını üstələyəcək üslubda və səviyyədə hələ də heç bir əyləncə saytı yaradılmayıb.


Əfsanəvi tülkü. Personaj Pərvin Şükürzadə tərəfindən çəkilib

2007-ci ilin əvvəllərində Pərvin Şükürzadə layihəni tərk edir. FOX.AZ-ı qoruyub yaşatmaq üçün Farid Şükürzadə onu öz nəzarətinə keçirir və sayt fəaliyətini sırf bloq üslubda tərtib edilmiş xəbərlər təqdim etməklə davam etdirir. Buna baxmayaraq sayt yenə də digər analoqlarından öz unikal tərtibatı və daima yenilənən xəbərləri ilə fərqlənir və kifayət qədər loyal istifadəçi ordusu qazanır.


Əyləncə portalının sonuncu versiyası

18 Dekabr 2011-ci il. Layihənin növbəti transformasiyası baş tutur — bu dəfə FOX.AZ informasiya saytına çevrilir. Bu layihənin, milli internet seqmentinin növbəti inkişaf mərhələsidir.

Saytla bağlı istənilən suallarınızı, həmçinin  məqalə, xəbər, press relizləri yerləşdirmək üçün news@fox.az ünvanına müraciət edin.

Geri dön