Azərbaycan Prezidenti Türkiyə Böyük Millət Məclisi sədrinin qəbul edib
  • Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ölkəmizə hər gəlişi zamanı paytaxtımızda çox böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi.

“Azərbaycan bölgənin, Qafqazın parlayan ulduzudur, inşallah bu ulduz həmişə parlamaqda davam edəcək”,- deyən Cəmil Çiçək ölkəmizin gələcək illərdə də sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. O, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsində, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğuladı. Cəmil Çiçək ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində də uğurla inkişaf etdiyini vurğuladı.

Dünyada gedən proseslərdə Türkiyənin fəal rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycan-Türkiyə birliyinin regional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət və digər sahələrdə davam edən uğurlu əməkdaşlıq əlaqələrinin bütün regionun inkişafı üçün böyük əhəmiyyət daşıdığını dedi və bu əməkdaşlığın daha da möhkəmləndirilməsində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının önəmini qeyd etdi. Parlamentlərarası əməkdaşlığın da yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədiyini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinin gedişi və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

(AzərTAc).

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.