MTN 30 kiloqramdan artıq narkotik vasitə aşkar edib
  • MTN İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən 30 kiloqramdan artıq narkotik vasitə aşkar edib.

MTN-nin ictimai əlaqələr Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları - Haxıyev Tural Tahir oğlu, Məmmədov Qabil Sabir oğlu və onun oğlu Asiman Məmmədov saxlanılmışlar. Məlum olmuşdur ki, adları çəkilən şəxslər və hazırda şəxsiyyəti istintaqla araşdırılan Əhəd adlı İran İslam Respublikasının vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni - 10 kiloqrama yaxın tiryəki və 977,9 qram heroini İrandan gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirmişlər.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində İran İslam Respublikasının vətəndaşı Arami Kiyomərs Hüseyn oğlu saxlanılmışdır. Müəyyən edilmişdir ki, Kiyomərs Arami və qeyriləri tamah niyyəti ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə İran istiqamətindən külli miqdarda narkotik vasitəni qaçaq yolla, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycana gətirmişlər. Keçirilmiş baxış zamanı Arami Kiyomərsin idarə etdiyi etdiyi "Volvo" markalı avtobusun arxa oturacağından içərisində 15 kiloqram 162,86 qram həşiş qətranı gizlədilmiş dəmir boru aşkarlanaraq götürülmüşdür.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Mirzəyev Ağahüseyn Əlihüseyn oğlu və Abdullayev Samir Əyyar oğlu saxlanılmışlar. Keçirilmiş baxış zamanı Ağahüseyn Mirzəyevin idarə etdiyi "VAZ-2121" markalı avtomobilin qabaq oturacağının altından 2 kiloqram 055,14 qram tiryək aşkarlanaraq götürülmüşdür. Məlum olmuşdur ki, Ağahüseyn Mirzəyev, Samir Abdullayev və hazırda şəxsiyyəti istintaqla araşdırılan Nadir adlı İran İslam Respublikasının vətəndaşı cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə həmin narkotik vasitəni İran istiqamətindən Azərbaycana qaçaq yolla gətirmişlər.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Kazımov Elxan Şahi oğlu və İran İslam Respublikasının vətəndaşı Bani Reza Soltanəli Bairaməli saxlanılmış, 1 kiloqram 092,11 qram heroin aşkarlanaraq götürülmüşdür. Müəyyən edilmişdir ki, qrup üzvləri arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən həmin narkotik vasitəni İran istiqamətindən Bani Reza Soltanəli Bairaməli idarə etdiyi "Dang Fang" markalı yük avtomobilində qaçaq yolla Azərbaycana gətirmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir neçə əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları saxlanılmışlar. Əliyev Kamran Cəbrayıl oğlundan 220,19 qram tiryək, Mehrəliyev Rövşən Yədulla oğlu və Əliyev Cavanşir Cəbrayıl oğlundan isə257,4 qram heroin aşkarlanaraq götürülmüşdür.

Bütün faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

İstintaq-əməliyyat tədbirləri davam edir.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.