Elçin Quliyev sərhəd pozuntularından danışıb
  • Bu ilin ötən dövründə Azərbaycan sərhədçiləri tərəfindən terrorçuluqla mübarizə çərçivəsində 10 nəfər saxlanılıb.

Hesabat dövründə, həmçinin 7 Azərbaycan, 2 xarici vətəndaş casusluğa görə saxlanılıb. Trend-in məlumatına görə, bunu cümə günü ilin yekunlarına dair keçirilən müşavirədə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev deyib.

Quliyev bildirib ki, qanunsuz miqrasiya ilə bağlı 5 qrup, qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil dəstə zərərsizləşdirilib. Azərbaycanın dövlət sərhədlərini pozan 615 sərhəd pozucusu, eləcə də sərhəd rejim qaydalarını pozan 12011 şəxs saxlanılıb. Sərhəd pozucularından 25,1 faizi Azərbaycandan digər ölkələrə keçərkən, 74,9 faizi isə digər ölkələrdən Azərbaycana gələrkən tutulub.

Sərhəd pozucularının 36,8 faizi Azərbaycan-Rusiya, 15,1 faizi Azərbaycan-İran, 10,9 faizi Azərbaycan-Gürcüstan, 0,3 faizi Azərbaycan-Türkiyə sərhədində saxlanılıb. Onların 1,6 faizi dəniz, 35,2 faizi hava sərhədlərini pozarkən tutulublar.

DSX rəsinin sözlərinə görə, sərhəd pozucularının 63 faizindən çoxu Azərbaycan vətəndaşları olub. Digərləri isə Özbəkistan, İran, Gürcüstan, Əfqanıstan, Nigeriya və digər dövlətlərin vətəndaşları olublar.

Quliyev bildirib ki, Azərbaycanın quruda olan dövlət sərhədlərini pozmağa cəhd edən Azərbaycan vətəndaşlarının 39,3 faizi sərhədyanı rayonların sakinləridir.

Onun sözlərinə görə, hesabat dövründə 10 halda dövlət sərhəd xidməti əməkdaşları tərəfindən silah tətbiq edilib. Silah tətbiqi zamanı bir İran vətəndaşı yaralanıb, biri ölüb.

"427 nəfər saxta, 21 nəfər özgəsinə məxsus sənədlə, 24 nəfər isə gizli şəkildə sərhədi keçməyə cəhd edib. 1896 nəfər axtarışda olan şəxs tutularaq hüquq-mühafizə orqanlarına verilib. 4836 nəfər ölkədən cıxışına qadağa qoyulmuş şəxs, 463 nəfər ölkəyə girişi qadağan olunmuş şəxs sərhəddən buraxılmayıb", - Quliyev deyib.

DSX rəisi bildirib ki, 7 milyon 857 min manatlıq qaçaqmal müsadirə olunub. 250 kq-dan artıq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb. 3 halda dənizdə xilasetmə əməliyyatı keçirilib, 11 nəfər xilas olunub. Azərbaycana məxsus 80, Rusiyaya məxsus 18, İrana məxsus 3, Türkmənistana məxsus 5 gəmiyə və Azərbaycana məxsus 539 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycana məxsus 18, Rusiyaya məxsus 5, İrana məxsus 1 gəmi və Azərbaycana məxsus 250 qayıq barəsində zəruri tədbirlər görülüb.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.