Baş Prokuror Zakir Qaralov əməliyyat müşavirəsi keçirib
  • Bu gün Baş Prokurorluqda ölkə Prezidentinin sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim edilməsi ilə əlaqədar əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən FOXnews.az-a verilən məlumatda bildirilir ki, Baş prokuror Zakir Qaralov müşavirədə çıxış edib. Diqqətə çatdırılıb ki, 2012-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün uğurlu hesabat dövrü olub, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub. Prokurorluq orqanlarının səyləri prezident İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirə salınmadan aradan qaldırılmasına yönəldilib.

Digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə birgə fəaliyyətin nəticəsində 2012-ci il ərzində cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyi, kriminogen durumun daha da stabilləşməsi ilə nəticələnən göstəricilərə nail olunduğu, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görüldüyü, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq ədalətli və şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilməklə, elan edilən müsabiqənin uğurla başa çatdırıldığı və 47 nəfər gənc mütəxəssisin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təhsilə cəlb edildiyi, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində zəruri tədbirlər görüldüyü barədə məlumat verilib.

2012-ci ildə prokurorluq orqanlarının səlahiyyətlərinə aid edilən və yuxarıda qeyd edilən vəzifələrin icrası istiqamətində əhəmiyyətli uğurlar əldə edilməsinin və  müsbət iş göstəricilərinə nail olunmasının nəticəsidir ki, peşə bayramı günü ərəfəsində İlham Əliyevin Sərəncamları ilə böyük bir qrup prokurorluq  əməkdaşı  yüksək dövlət mükafatları və ali xüsusi rütbələrə layiq bilinib.

Əməliyyat müşavirəsində, prokurorluq orqanlarının yaradılmasının 94-cü ildönümü və peşə bayramı günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 01 oktyabr 2012-ci il tarixli  Sərəncamına müvafiq olaraq, ölkədə qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə  «İgidliyə görə» və «Dövlət qulluğunda fərqlənməyə görə» medalları ilə təltif edilən  prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim olunub.

Əməliyyat müşavirəsində Azərbaycan Respublikası Prezidentinin  26 dekabr 2012-ci il tarixli «Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında» Sərəncamından irəli gələn vəzifələr ətraflı müzakirə olunub. Yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında qanunların icrasına, açılması təmin edilməyən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna verilən tövsiyələrin icrası ilə əlaqədar  zəruri tədbirlərin görülməsi  barədə konkret göstərişlər verilib

Eyni zamanda, 2012-ci il ərzində görülmüş işlərin vəziyyəti ümumiləşdirilməklə  nəticələrinin  təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində və bütün tabe struktur qurumlarda müzakirələrin aparılması, habelə  Baş Prokurorluğun geniş Kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar  müvafiq tapşırıqlar verilib.

Baş prokurorun birinci müavini Rüstəm Usubov 2012-ci ildə yol-nəqliyyat hadisələrinin istintaqı  və profilaktikası ilə əlaqədar görülən işlərin səmərəliliyinin artırılması ilə əlaqədar qarşıda duran vəzifələr, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixdə təsdiq etdiyi «Korrupsiyaya qarşı mübarizəyə dair 2012 -2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın icrası ilə əlaqədar görülən işlər, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Əzizağa Həsənov isə 2013-cü ilin birinci yarım ili üçün Baş Prokurorluğun iş planı barədə ətraflı məlumat veriblər.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.