Gülər Əhmədova: “Hamının anası, bacısı var”
  • “Elşad Abdullayeva çox təşəkkür edirəm ki, dostumu-düşmənimi mənə tanıtdı”

FOXnews.az keçmiş millət vəkili Gülər Əhmədovanın Bizim Yol qəzetinə verdiyi müsahibəni təqdim edir:

Gülər xanım, güman ki, “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının məhkəmələrini media vasitəsilə izləyirsiniz. Son prosesdə Əvəz Zeynallı bildirib ki, Gülər Əhmədovada məmurların qadınlarla videoları olduğundan onu həbs edə bilmirlər. Bu barədə nə deyə bilərsiniz?
- (Xeyli gülür -N.C). Əvvəla, məhkəməni izləmirəm, çünki bu qədər informasiya oxumağa səhhətim imkan vermir. Amma hər halda onun fantaziyası həmişə güclü olub, elə bu fantaziyasının güclü olmasının da badına gedib. Ona görə o, fantaziyasını başqa səmtə yönəltsin. O qədər başqaları haqqında saçma-sapan şeylər danışdı ki, sonda gedib oralara çıxdı. Bir daha ona arzu edirəm ki, fantaziyasını başqa səmtə yönəldib kitab yazsın və tezliklə azadlığa çıxsın.

- Sizin iddianızdakı ittiham əsasında jurnalist həbs edilib, necə düşünürsünüz (sözümü kəsir)...

- Xeyr, mənim ittihamım əsasında həbs olunmayıb.

- Fakt budur ki, Sizin istintaqa və məhkəməyə təqdim etdiyiniz audio yazılar var ortalıqda...

- Natiq bəy, gəlin belə danışaq, bu barədə çox jurnalist yazır, ancaq mən hamıya bir-bir zəng edib münasibət bildirmirəm. Çalışın cinayət işinə baxın, o zaman onun mənim ittihamım əsasında həbs edilmədiyini görərsiniz.

- O zaman bir məqama aydınlıq gətirin, keçmiş millət vəkili, hakim partiyanın üzvü və nəhayət, vətəndaş olaraq necə izah edərdiniz, Elşad Abdullayev haqqınızda videolar yaydı, amma həbs edilmədiniz. Halbuki, Sizin məhkəməyə təqdim etdiyiniz audio kaset təsdiqlənməsə də, baş redaktoru həbsdə saxlayırlar?

-Söhbət ondan gedir ki, Əvəz Zeynallını mənə görə ittiham etməyiblər. Yəni mənim dediklərim təsdiqlənmədisə, lap yaxşı, təsdiqlənməsin, mən bir şey deyə bilmərəm. Bu məsələnin təsdiqlənib-təsdiqlənməməsi mənim səlahiyyətlərim daxilində deyil. Eyni zamanda, mən bir daha demək istəyirəm ki, bu barədə mətbuatda tez-tez yazırlar, onu mənimlə bağlı ittiham etməyiblər, cinayət işində tamam başqa ittihamlar var. Mən cinayət işində şahid kimi keçmişəm.

- Bəs məhkəmə iclaslarına getməməyinizi necə izah edərdiniz?

- Mən prosesdə olmuşam, nə zaman çağırıblar iclasda iştirak etmişəm.

- Son iclasların birində hakim Ramella Allahverdiyeva dedi ki, Gülər Əhmədova xəstə olduğu üçün gələ bilmir...

- Yox, məni nə vaxt çağırıblar, getmişəm. Xəstə olduğum müddətdə aydın məsələdir ki, evdən çıxmıram. Ancaq əvvəlki iclasların birində 40 dəqiqə ifadə vermişəm, ailə üzvlərimi də çağırıblar, gediblər. O cümlədən, işimlə bağlı yanımda olan insanlar da prosesdə olublar. Bir sözlə, mən məhkəmədən yayınmamışam. Bir daha deyirəm, qoy, bütün media nümayəndələri bilsin, Əvəz Zeynallı mənim ittihamım, yaxud şikayətim əsasında həbs edilməyib, işdə şahid kimi keçmişəm.

- Amma audio yazılarda onun Sizdən rüşvət istəməsi təsdiqini tapmadı...

- Tapmadımı?

- Xeyr!

- Çox gözəl də, təsdiq olunmasın. Arzu edirəm ki, onu tezliklə azadlığa buraxsınlar. Arzu edirəm ki, Əvəz Zeynallı bir daha heç bir ailənin qadını ilə bağlı fantaziyasında olan şeyləri yazmasın, nəhayət ki, xəstə təxəyyüllündə olanları. Onun danışdığı şeylərin çoxu fantaziyadır, 99,9 faizi. Hüquq fakültəsini bitirən adam kimi qayıdıb bu məsələlər haqqında hüquqi müstəvidə düşünsün, şər-böhtan yazmaqdan əl çəksin. İkincisi, mənimlə bağlı audio yazının təsdiq olunub-olunmamasına gəlincə, bu məhkəmənin səlahiyyətində olan məsələdir, təsdiq etməyiblərsə, mən onlara bir şey deyə bilmərəm.

- Əvəz Zeynallı məhkəmədə bildirdi ki, o, Gülər Əhmədovanın şəxsi həyatı haqqında bir cümlə də yazmayıb, yazıbsa, ortalığa bir cümləsini qoysunlar...

- (gülür)... O, elə dedi, mən bir şey deyə bilmərəm. Ona görə yazmadı ki, heç nə yox idi.

- Deməli, yazmayıb da...?

- Yazmayıb. Ancaq anonsları, danışdığımız söhbətlər olmuşdu, sadəcə, yazmağa vaxtı çatmadı. Bilirsən, hər şeyi düz danışmaq lazımdır, indi burada kiminsə “üzünü yumaq”, mən deputat deyiləmsə, Əvəz Zeynallını müdafiə mövqeyində dayanmaqla kiminsə mənə yazığı gəlsin, belə bir fikrim yoxdur. Əvəz Zeynallı istənilən qədər Azərbaycanda haqsız yerə kiminsə qadını, bacısı, anası haqqında xoşagəlməz şeylər yazıb. Bunların hamısı da xəstə təxəyyülün məhsulu idi, onları yazmaq olmazdı. Hamının anası da var, bacısı da var, hər halda bilmək lazımdır ki, hər şey adamın qarşısına çıxır. İkincisi, mən ümumiyyətlə, bu yaşa çatmışam, görməmişəm ki, anası, bacısı, arvadı doğru-dürüst qadınlar olan kişilər kiminsə anası-bacısı haqqında pis söz yazsın. Həmişə ailədə namus-qeyrət baxımından çox ciddi qüsuru olan adamlar kiminsə anası-bacısı haqqında nəsə yazırlar, bu faktdır. Baxın, kimsə hansısa qadın haqqında nəsə yazırsa, axtarın görəcəksiniz ki, onun ailəsində çox ciddi qüsurlar var.

- Amma Sizin təsisçi olduğunuz “Mərkəz” qəzeti “Azadlıq” haykıran 5 yaşlı qızın anası haqqında (sözümü kəsir)...

- Qətiyyən, elə şey olmayıb. Bir daha qeyd edirəm, xeyr, belə şey olmayıb. Bu məsələni dönə-dönə fırladıb danışırlar, düz deyil. Təkrar edirəm, o qızın özü və anası haqqında qətiyyən sən dediyin formada söz yazılmayıb. Qəzetdə yazılmışdı ki, filan barın müştərisi olubdur. Həmin qadın da müştərisi olduğunu inkar etmirdi. Hansısa barın, restoranın müştərisi olmaq əxlaqsızlıq anlamına gəlmir. Bara, restorana həyat yoldaşıyla da, qardaşıyla da, oğluyla gedən var. Bu, heç bir halda əxlaqsızlıq sayıla bilməz. Təəssüf ki, jurnalistlər bu məsələni “bəzəyib-düzəyib” ortalığa çıxartmışdılar. Axtarın və tapın “Mərkəz” qəzetini və qoyun mənim qarşıma ki, belə şey yazılıb. Mən heç vaxt nəinki doğru-dürüst qadınlar, hətta həyatında bir az problemlər olan xanımlar barəsində kiminsə danışmasına, yaxud yazmasına icazə verməmişəm.

- Vəkil Ramiz Zeynalov Elşad Abdullayevin son videolarının ekspertiza vasitəsilə təsdiqləndiyini söyləyib. Sizin də olduğunuz videolar təsdiqlənsə, nə edəcəksiniz?

- Mən heç nə etmərəm, çünki videoların montaj olduğunu bilirəm. Bəzi adamlardan və deputatlardan fərqli olaraq kifayət qədər texnikanı bilirəm, ətrafımda texnikanı bilən insanlar da yetərincə var. Dəfələrlə bu məsələylə bağlı müxtəlif insanlarla məsləhətləşmişəm də. Ancaq hər halda ekspertizanın rəyini gözləyirəm, ekspertizanın rəyindən sonra bu barədə fikirlərimi söyləyəcəm.

- Mən videolara baxmışam, səsinizə bələdəm, bildirirsiniz ki, siyasət uşaq-muşaq oyunu deyil, pul söhbəti və sairə. Əgər videolar təsdiqlənsə, bunlar barədə nə deyəcəksiniz?

- Bir daha deyirəm, qoy, ekspertizanın rəyi çıxsın, sonra bu məsələləri bircə-bircə müzakirə etməyə yerimiz olacaq. Mən istintaq altında olduğumdan, müsbət, yaxud mənfi fikir işlətsəm, bu, artıq istintaqa təsirim kimi qiymətləndiriləcək. Ona görə də ekspertizanın da, istintaqın da rəyini gözləyirəm, hal-hazırda bu vacibdir. Axı mənim hüquqlarım var, necə ki, Əvəz Zeynallının söylədiklərinə istinad edirsən. Bu mənada mənim hüquqlarım var.

- Gülər xanım, oğlunuzun hərbi xidmətə çağrılmasına sosial şəbəkələrdə ortaq yanaşma belədir ki, onu girov götürüblər, Sizi nəzarətdə saxlamaq üçün. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanda azərbaycanlı balasını heç kim girov apara bilməz.

- Özünüzün dediyi kimi, bu siyasətdir, uşaq-muşaq oyunu deyil...

- Siyasət olsa belə, mənim oğlumu inanmıram ki, kimsə girov götürsün. Mən hər halda belə şeyə inanmaq istəməzdim. İkincisi, əsgər getmək hər bir azərbaycanlı oğlanın, kişisinin borcudur. Burada bir anormallıq axtarmağa ehtiyac görmürəm. Mən oğlumun əsgər getməsindən qətiyyən narahatçılıq hissi keçirmirəm, fəxr edirəm ki, övladım hərbi xidmət üçün sağ-salamatdır. Məndə bir ana, insan kimi Allaha şükür hissi var, başqa bir şey yoxdur.

- Bu hadisələr Sizə dərs oldumu? Xüsusən də keçmiş partiyanıza yaxın “Səs” qəzetinin yazdığı əxlaqsız misralar fonunda...

- Mən bu suala yuxarıda cavab verdim. Mən hələ görməmişəm ki, özünün belə problemləri olmayan adamlar hansısa qadınlar haqqında danışsın. O ki qaldı qəzetin yazdığına, cəmiyyət hər kəsə kənardan qiymət verir, mənim dəyərləndirməyimə ehtiyac duyulmur. Sosial şəbəkələrdə qiymət verdilər, başqaları da münasibət bildirdilər, yəni hər kəs ləyaqəti səviyyəsində hərəkət edir. Kimin kim olduğunu hamı çox yaxşı bilir. Bir yox, yüz dənə də o cür şey yazsalar, bunun məsələyə aidiyyatı yoxdur. Mən dünənki uşaq deyiləm, hər kəs məni tanıyır.

- Ancaq həmin YAP-çılar Sizinlə 10 ildən çoxdur birgə addımlayırlar. Heç müxalifətçi haqqında o cür təhqiramiz misralar yazılmamışdı, amma Sizin barənizdə yazdılar...

- Niyə etmədilər ki?! Müxalifətdən məsəlçün Xədicə İsmayıl haqqında o məlumat yayılanda hamı qalxıb dedi ki, o bizim bacımızdır, mən isə bildirdim ki, o addım atılmamalıydı.

- Xədicə xanım jurnalistdir, müxalifətçi deyil...

- Yəni müxalifətyönlü jurnalistdir də...

- Xeyr, o, müstəqil jurnalistdir...

- Müstəqil...?

- Bəli.

- Sual qoyummu dediyinizin qarşısında?

- Mən belə düşünürəm.

- Mən sənin şəxsi fikrinə hörmətlə yanaşıram, amma mənim üçün o, müxalifyönlü jurnalistdir və hər kəs bunu belə bilir. Bütün hallarda ona qarşı o hərəkəti etməməliydilər, ediblərsə də, bu, onların vicdanına yazılıb, mənim yox. Vaxt gələcək hər kimsə edibsə, bunu dərk edəcək, çünki hər şey zamanla öz yerini tutur və hər kəs çox gözəl başa düşür ki, belə bir addım atmaq ən azı yersiz idi. Bir məqamı xüsusi vurğulamaq istərdim, Elşad Abdullayeva çox təşəkkür edirəm, şəxsən mənim üçün illərlə başa düşməyəcəyim həqiqətləri, nə qədər təəssüf hissi keçirsəm belə dostumu-düşmənimi mənə tanıtdı.

- Ancaq Sizinlə illərlə çörək kəsənlərdən heç müdafiə sorağı da eşitmədik...

- Mən müdafiəyə belə böyük ehtiyac duymuram, kimsə qalxıb məni müdafiə etsin, o günə qalmamışam. Ancaq hər halda dəstək göstərə bilərdilər, partiya içərisində ağıllı adamlar tapıla bilərdi, bəlkə də nəsə deyiblər, bizim xəbərimiz yoxdur, yəni hər şey mətbuatda yazılmır. Ola bilər ki, deyiblər və mən buna inanıram da. Mənim özümə zəng edib münasibətlərini bildirənlər, təəssüf hissi keçirdiklərini ifadə edənlər olubdur. Ona görə mən hamını eyni rəngdə görmək istəmirəm. YAP-ın içərisində çox ləyaqətli, namuslu və ağıllı adamlar var.

- Bəs niyə həmin ləyaqətli, namuslu insanlar susdular?

- Sizin üçün susdular, mənim üçün susmadılar. Mən bayaq dedim ki, zəng edib təəssüf hissi keçirdiklərini söylədilər. Bunların mətbuata çıxması vacib deyil. Bilirsən, Natiq, mənim partiya biletimi almaq olar, amma əqidəmi dəyişmək heç kimin iradəsi daxilində deyil. Partiyadan çıxarıldığım üçün sevinənlər unutmasınlar ki, ən çətin məqamlarda mən əqidəmi dəyişməmişəm və bundan sonra da dəyişməyəcəyəm.

- Siz Elşad Abdullayevin “Gülər Əhmədova da ehtiyatlı olmalıdır, öldürülə bilər” xəbərdarlığını nəzərə alırsınızmı?

- Ölüb-ölməmək məsələsi Allahın əlindədir, “Qurani-Kərim”də “Hücrələr” surəsində çox gözəl fikir var, deyir ki, Allahın izni olmadan bir yarpaq belə ağacdan düşə bilməz. O ki qaldı ölüm məsələsinə, kiminsə nə zamansa əcəli çatıbsa, dünya toplaşsa da, onu əcəldən xilas edə bilməz. Yox, əcəli çatmayıbsa, həmin adama nə etsən də, heç nə olmayacaq. Mən əcələ də, Allahın insana verdiyi ömrün saniyəsinə, dəqiqəsinə də inanıram, ona görə də belə şeyləri özüm üçün dərd etmirəm. Fərqi yoxdur, əgər əcəlim çatıbsa, yatağımda öləcəyəm, yoxsa hər hansı bir qəzada öləcəyəm, bunun mənim üçün fərqi yoxdur, zamanın çatıbsa, bu dünyadan getməlisənsə, hər kəsə Allah rəhmət etsin. Bizim zamanımız çatanda, biz də gedəcəyik. Ölümsüz insan yoxdur! Sənin müsahibən maraqlı alınsın deyə, bir lətifə də danışım, onu da yaz. Bir gəmi çox böyük fırtınaya düşür, fırtına zamanı bir nəfər oturub dayanmadan Allaha dua edir ki, onu bu fəlakətdən, ölümdən qurtar. O qədər dua edir ki, axırda ona qeybdən səs gəlir ki, Sizi zorla gəmiyə yığmışam, vaxtınız çatıbdır, sən də mənə dua edib əl çəkmirsən ki, məni fəlakətdən qurtar. Necə qurtarım ki, hamınızın vaxtı çatıb, hamınızı da zorla yığmışam bu gəmiyə... İndi də əcəl çatanda həyatını necə dəyişməyinin aidiyyatı olmur, yatağında, xəstəlikdən, yoxsa başqa yolla ömrünü bitirirsən, əcəl çatdısa, vəssalam! Əcələ inanmaq lazımdır!

- Gülər xanım, polis nəzarətində olmaq nə deməkdir, Sizi daim izləyirlər, yaxud evinizə də gəlirlər?

- Polis nəzarətində olmaq elə polis nəzarətində olmaq deməkdir, başqa bir şey deyil.

- Siz istintaqa cəlb ediləndən sonra Əvəz Zeynallının azad edilmək ehtimalı varmı?

- Başa düşmədim.

- Yəni Sizi istintaqa cəlb edirlər və buna görə jurnalist azad olunmalıdır...

- Bu məsələnin ona nə aidiyyatı var ki?

- Çünki o, məhkəmədə Sizin haqqınızda yayılan video rolikləri xatırladıb deyir ki, təqdim etdiyiniz audio kasetlərdə ehtimal olunanlar təsdiqini tapmadı...

- Mən bir daha deyirəm, Əvəz Zeynallını mənə görə həbs etməyiblər, mən bu işdə şahid kimi keçmişəm.

- Axı o, daim Sizin onu həbs etdirdiyinizi bildirir...

- O, nəsə deyə bilər, beyninin içində oturmamışam ki, onu idarə edəm. Amma təkrar edirəm, Əvəz Zeynallının işində şahidəm, onu mənə görə həbs etməyiblər. Verdiyim ifadələrin doğruluğunu sübut da edə bilərlər, təkzib də. Bu məhkəmənin işi olduğundan müdaxilə edə bilmərəm. Elə qəzetiniz vasitəsilə müraciət edirəm, hörmətli Əvəz Zeynallı, Sizi mənə görə həbs etməyiblər. Qoy, cinayət işini yaxşı oxusun və verilən ittihamları görsün.

- Bütün bu prosesdə bir nəfərin - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adı daha çox hallanır, necə düşünürsünüz, o, istefaya göndərilə bilərmi, yaxud özü istefa verməlidir?

- Kiminsə istefaya göndərilib-göndərilməməsi mənim səlahiyyətlərimə daxil deyil. Mən də heç vaxt səlahiyyətlərimə daxil olmayan məsələlərlə bağlı fikir bildirmirəm. Çünki bu ən azı mənim tərəfimdən qeyri-peşəkarlıq və yersiz addım atmaq kimi görünərdi. Hər kəs öz səlahiyyətləri daxilində fikir bildirməlidir. Səlahiyyəti olmayan insan başqasının səlahiyyətiylə bağlı fikir bildirəndə bu yüngül addım kimi qiymətləndirilir, mən həmişə kənardan belə görmüşəm. Uzun illər parlamentdə çalışan bir şəxs kimi heç zaman səlahiyyətimə daxil olmayan məsələlər haqqında fikir bildirməmişəm.

- Deputat olan zaman İngiltərədə demokratiyanın olmadığını bəyan edirdiniz, bu gün isə özünüz də daxil olmaqla əksər vətəndaşlara qarşı qanunsuzluqları görürsünüz. Məlum fikirlərə görə peşman deyilsiniz ki?

- Yox, mən heç bir fikrimə görə peşman deyiləm. O ki qaldı demokratiyaya, mütləq demokratiya heç bir ölkədə yoxdur.

- Bu aydındır, ancaq nisbət var...

- Ümumiyyətlə, fəlsəfi baxımdan ideal ədalət, mütləq demokratiya, insan haqlarının qorunması məsələsi heç bir ölkədə yoxdur. Həmçinin Avropanın bir çox ölkələrində insan hüquqları və demokratiya baxımdan ciddi problemlər var, istəyirsənsə, misalın birini də Fransadan deyim...?

- Ancaq həmin Avropa ölkələrində deputat mandatı alınıb-satılmır...

- Bizdə də deputat mandatı alınıb-satılmır.

- Bəs Elşad Abdullayevin videoları nə deməkdir?

- Videolarla bağlı mövqeyimi dedim, istintaq getdiyi üçün artıq heç bir fikir səsləndirmirəm. İstintaq bitəndən və ekspertizanın rəyi səsləndiriləndən sonra münasibətimi deyəcəyəm. Amma bizdə də deputat mandatı alınıb-satılmır. Parlamentdə oturan deputatlar bunu çox gözəl bilirlər, onların sırasında olanlardan biri də mən idim. Heç kəs deyə bilməz ki, deputat mandatına görə nəsə verib.

- Elşad Abdullayev deyir ki, 1 milyon verib...

- Bəs niyə seçilməyib?

- Artıq bu məsələni də istintaqı araşdırmalıdır...

- Əgər pul vermişdisə, niyə seçilməyib?

- O, Ramiz Mehdiyevin qardaşıyla görüşdüyünü bildirir. Bu məsələlər də istintaqda araşdırılmalıdır...

- Yaxşı olardı ki, Elşad Abdullayev Bakıya gəlsin, Fransada oturub fransız şərabı içib çox şey danışmaq olar. Azərbaycanda ən demokratik addımı bu gün mən atıram, hələ mənə qədər heç kəs bu cür addım atmamışdı, ağlı olan etməzdi. Çünki mənim demokratik addımımı təqdir etmək əvəzinə üstümə gəldilər, həm mətbuatdan, həm də partiyadan. Bir daha deyirəm, Elşad Abdullayev Bakıya gəlsin. Əvvəldən də ona deyirdim ki, sən mənim deputat toxunulmazlığımdan narahatsan, bu status da götürüldü. İndi gəl Bakıya, oturaq üz-üzə və istintaq da araşdırsın. Hələ də o, bu günə kimi Bakıya gəlmək haqqında düşünmür. Elşad Abdullayev başa düşməlidir ki, o, mütləq Azərbaycana gəlməldir. Əgər haqqın carçısıdırsa, “ağ qanadlı mələk”dirsə, mütləq Bakıya gəlməlidir və “ağ qanadlarıyla” bizə günahkar olduğumuzu göstərməlidir.

- Axı onun Bakıya gələcəyi təqdirdə həyatına təminat yoxdur...

- Mən niyə Bakıdan getmədim? Axı imkanlarım vardı. Ancaq oturdum Bakıda.

- Bir məqamı vurğulayım, bu qədər qalmaqalda Gülər Əhmədova həbs edilmir, adi bir qəzaya görə gənc xanım Nigar Yaqublu azadlıqdan məhrum edilir...

- Əzizim, Gülər Əhmədova niyə həbs olunmalıdır?

- O boyda faktlar, videolar var ortalıqda...

- Bunların heç biri sübut kimi qanun tərəfindən qəbul oluna bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və beynəlxalq hüquqa görə həmin videoların heç biri cinayət işində sübut kimi qəbul olunmur.

- Ancaq hüquqşünaslar bəyan edir ki, qəbul olunur...

- Heç bir hüquqşünas bu barədə danışmayıb. Əksinə, savadlı hüquqşünaslar bildirib ki, cinayət işində həmin videolar qəbul edilə bilməz. Açın Cinayət Məcəlləsini baxın da.

- O zaman Əvəz Zeynallı bir audio kasetə görə niyə həbs edilib?

- Natiq, üçüncü, yoxsa dördüncü dəfə deyirəm, Əvəz Zeynallı mənə görə həbs olunmayıb.

- Son sualım lirikdir, Gülər xanım, Siz sabah haqqında düşünürsünüzmü?

- Allah böyükdür, Allah bilən məsləhətdir. Nəyin necə olacağını heç kim deyə bilməz. Çox sevdiyim bir türk məsələ var: Gün doğmadan nələr doğar. Bir saatdan sonra kimin başına nələr gələcək, bunu heç kim deyə bilməz.

Müsahibəni Azərbaycanın görkəmli jurnalisti Natiq Cavadlı götürüb

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.