Azərbaycan prezidenti Norveçin xarici işlər nazirini qəbul edib
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Norveç Krallığının xarici işlər naziri Espen Bart Eidenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici işlər naziri Espen Bart Eide Norveç Krallığının vəliəhdi Hookonun salamlarını dövlətimizin başçısına çatdırdı. Nazir Norveçin “Statoil” şirkətinin uzun müddət Bakıda fəaliyyət göstərməsini əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirdi. İkitərəfli münasibətlərimizin möhkəm bünövrəsi olduğunu deyən qonaq ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük imkanların mövcudluğunu vurğuladı.

Dövlətimizin başçısı Norveç Krallığının vəliəhdi Hookon ilə görüşünü məmnunluqla xatırladı. Prezident İlham Əliyev ölkəmizin beynəlxalq neft şirkətləri ilə əməkdaşlığının ilkin mərhələsində Norveçin “Statoil” şirkətinin ilk regional nümayəndəliyinin Bakıda fəaliyyətə başlamasının önəmini qeyd etdi. Prezident İlham Əliyev hazırda ölkələrimiz arasında əlaqələrin daha da inkişafı ilə bağlı məsələlər ətrafında işlərin uğurla davam etdirildiyini vurğuladı.

Görüşdə Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın gələcəkdə daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edildi. Dövlətimizin başçısı Norveç Krallığının vəliəhdi Hookonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını vəliəhd Hookona çatdırmağı xahiş etdi.

(AzərTAc).

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.