“Qısa şalvarlıları və saqqalı sinəsinə düşənləri cəmiyyətdən təcrid etməliyik”
  • Parlamentdə "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər edildi

Bu gün Milli Məclisdə "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanun layihəsinə əsasən, "Dini etiqad azadlığı haqqında" qanunun “Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları” ilə əlaqədar 22-ci maddəsində dəyişiklik edilir.

Beləliklə, vətəndaş və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış yuxarıda qeyd olunan materialları əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin materialları istehsal, idxal, ixrac edə, habelə onları nəzakət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Eyni zamanda nəzarət markası ilə markalanmış qeyd olunan materialların satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir.

Millət vəkili Fazil Mustafa bildirib ki, dəyişikliklərdəki bəzi müddəalar konstitusion hüquqlara zidd deyildir: “Dini ədəbiyyatda ekstremizm təbliğ olunmursa, qanunsuz satış yoxdursa, məhdudiyyətlərin tətbiqi başa düşülmür. Bəli, dini ədəbiyyatın ixtisaslaşmış satış məntəqələrində həyata keçirilməsi başa düşüləndir. Ancaq kimsə həccə gedib, oradan 5 əşya gətirib və onu yaxın insanına verərsə, niyə məsuliyyət daşımalıdır? Deməli, kimsə dini bir ədəbiyyat və başqa əşyanı birinə verirsə, müvafiq icra hakimiyyətinə göndərməlidir ki, nəzarət markası yapışdırsın. Belə olmaz”.

Millət vəkili Qüdrət Həsənquliyev isə Fazil Mustafa ilə razılaşmayıb: “Azərbaycan saqqallı və saqqalsız mollalarla dolub. İndi gözləməliyik ki, Azərbaycanda ekstremizm yayılsın, sonra ona qarşı mübarizə aparılsın?!”

Millət vəkili Zahid Oruc da din məsələsinə həssaslığın başa düşülən olduğunu vurğulayıb: “Ancaq indi kompüter, İnternet ən ucqarlara gedib çıxır. İndi biz praktikada informasiyaların, ədəbiyyatların yayılmasına qarşı necə mübarizə aparacağıq? İnternetdə kimə nəzarət edəcəyik? İstənilən şəxs öz blokunda istənilən ədəbiyyatı yerləşdirir. Bəs dövlət müxtəlif zərərli dini cərəyanlarla necə mübarizə aparır? Ənənəvi dini təbliğ edir, insanları maarifləndirir. Dövlətlə din arasındakı sərhədi saxlamaq üçün maarifləndirməni artırmalıyıq. Ona görə də böyük eyforiya ilə qəbul etdiyimiz dəyişiklik praktikada işləməyəcək. Ancaq qanun layihəsinə səs verəcəyəm”.

“İşləməyəcək, niyə səs verirsiniz?” - deyərək Zahid Oruca irad bildirən spiker Oqtay Əsədov deyib ki, söhbət dinə qarşı çıxmaqdan yox, ekstremist dini cərəyanlardan gedir: “Bu, Azərbaycanda dövlətçiliyə zidd olan dini təriqətlərin özünə yer açmamasına yönəlib”.

Millət vəkili Bəxtiyar Əliyev bildirib ki, bu, insanların öz dini inanclarını kənar müdaxilə olmadan, sərbəst həyata keçirməsinə səbəb olacaq. O, millət vəkillərini qanun layihəsinə səs verməyə çağırıb.

Millət vəkili İlham Əliyev qeyd edib ki, bizim dinimiz var və biz bu dinə qulluq edirik: “Ancaq mən bu qanuna dəyişikliyi dəstəkləyirəm. Çünki çalışmalıyıq ki, qısa şalvarlıları və saqqalı sinəsinə qədər düşənləri cəmiyyətimizdən təcrid edək. Axşamlar insan bulvara çıxanda insan onları görəndə xarici görünüşlərinə nifrət edir”.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.