Tofiq Yaqublunun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb
  • Müsavat Partiyasının başqanın müavini Tofiq Yaqublunun Hüquqlarını Müdafiə Komitəsinin təsis konfransı keçirilib.

 

Müdafiə komitəsinin sədri, Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu deyib ki, Komitə İsmayıllı hadisələrində həbs edilmiş digər şəxsləri, həmçinin REAL-ın rəhbəri İlqar Məmmədovun da müdafiəsini təşkil etməyə çalışacaq.

Q. İbadoğlu komitənin yaradılmasını müdafiənin təşkili istiqamətində atılan ilk addım hesab edib.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib ki, T. Yaqublu İsmayıllıya qəzetin əməkdaşı kimi gedib: “Onun ezamiyyətə göndərildiyi haqda sənəd Baş Prokurorluğa təqdim edib. Ortada bu qədər sübut ola-ola, istintaq Tofiq Yaqublunun ora siyasətçi kimi getdiyini israr edir. Bu, qərəzli yanaşmadır”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə bildirib ki, bu həbslər fəal insanların cəzalandırılması məqsədi daşıyır: “Biz isə buna qarşı getməliyik. Siyasətçilərin, medianın bölgələrə mütəmadi səfərləri təşkil olunmalı, mitinqlər, piketlər və yürüşlər davam etdirilməlidir”.

REAL hərəkatının həmtəsisçisi Natiq Cəfərli Müsavat Partiyasının bu təşəbbüsünü müsbət dəyərləndirib: “İlqar Məmmədovun prezidentliyə namizədliyi də irəli sürüləcək. Biz işimizi bu istiqamətdə də quracağıq”.

O, müdafiənin vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə qurulmasının təşəbbüskarı olduğunu da qeyd edib

Komitənin iclasında Xalq Partiyasının sədri Pənah Hüseyn, Dini Etiqad və Vicdan Azadlığın Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir və digərləri çıxış edərək, İsmayıllı hadisələri ilə bağlı saxlanılan şəxslərin azadlığa buraxılması istiqamətində sistemli işin qurulmasının zəruriliyini vurğulayıblar.

İclasda T. Yaqublu, İ. Məmmədov və İsmayıllı hadisələri zamanı həbs olunan şəxslərin işinə ədalətli baxılması və sərbəst buraxılması ilə bağlı müraciət qəbul olunub.

Sonda Müdafiə Komitəsi qərara alıb ki, dövlət orqanlarına, beynəlxalq hüquq müdafiə təşkilatlarına, diplomatik nümayəndəliklərin Bakı nümayəndəliklərinə yazılı müraciət ünvanlansın, yerli hüquq müdafiəçilərinin iştirakı ilə dinləmələr keçirilsin, sosial şəbəkələrdə onlayın imza kampaniyasına start verilsin. Bu tədbirlərin sonu olaraq,   yekun toplantı keçirilsin.

Qeyd edək ki, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu, REAL Vətəndaş Hərəkatının sədri İlqar Məmmədov barəsində 2 aylıq həbs qətimkan tədbiri fevralın 4-də Nəsimi Rayon Məhkəməsində seçilib. Onların hər ikisi Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham olunublar.

Jalə Suleymanqızı

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.