Abutalıbov müxalifətin təklifini yenə rədd etdi
  • Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH)İctimai Palatanın Xocalı soyqırımının ildönümünü qeyd etmək məqsədilə etdiyi yürüş müraciətinə “yox” cavabı verib.

BŞİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun cavablandırdığı  məktubda qeyd olunur ki, fevralın 26-da Xocalı soyqırımının iyirmibirinci ildönümü ilə əlaqədar Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə dövlət tədbirinin keçirilməsi planlaşdırılıb: “Həmin tədbirdə ölkə başçısı, hökumət üzvləri, nazirlik və komitə rəhbərləri, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat işçiləri, dövlət ictimaiyyətinin nümayəndələri, tələbələr və məktəblilər, ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin səfirləri, qeyri-hökumət, ictimai təşkilatların və siyasi partiyaların üzvləri şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədi ilə iştirak edəcəklər. Həmin tarixdə ictimai asayişin, piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi ilə əlaqədar olaraq, hüquq-mühafizə orqanları tərəfindən müvafiq işlər görüləcək. Belə ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin yerləşdiyi yerə yaxın ərazilərdə vətəndaşların və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq”.

Cavab məktubunda bildirilib ki, qeyd olunanlarla bağlı və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununun 8-ci maddəsinin, IV bəndinə əsasən fevralın 26-sı saat 12:00-dan 14:00-dək planlaşdırılan yürüşün keçirilməsi mümkün hesab olunmur.

Qeyd edək ki, bu il fevralın 20-də yürüşün təşkilatçıları Gülağa Aslanlı, Bəhruz Həsənov və Samir Əsədlinin imzası ilə BŞİH-ə müraciət edərək İctimai Palatanın (İP) Konstitusiyanın 49- cu maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununa əsasən fevralın 26-sı saat 12:00-dan 14:00-dək Xocalı soyqırımının ildönümünü qeyd etmək məqsədilə Bakı şəhəri, Xətai rayonu ərazisindəki AMAY Ticarət Mərkəzinin qarşısındakı meydandan başlayaraq,  Afiyyədin Cəlilov küçəsi ilə Yusif Səfərov küçəsinədək, Yusif Səfərov küçəsi ilə Xocalı prospektinədək və Xocalı prospekti ilə Xocalı soyqırımı abidəsinə qədər yürüş etməyi  və abidə qarşısında əklil qoymaqla soyqırıma məruz qalan insanların xatirəsini yad etməyi planlaşdırdı.

Müraciətdə həmçinin qeyd olunub ki, “Xocalı soyqırımının səbəbkarları cəzalandırılsın!”, “Xocalı soyqırımı rəsmən qəbul edilsin!”, “Dünya Xocalı soyqırımına biganə qalmasın!”, “Günahsız insanların qətlinə son!” şüarları ilə keçiriləcək yürüşdə 10.000 nəfərin iştirakı gözlənilir.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.