Təzələnən Jeep Wrangler (FOTO)
  • “Los-Anceles-2012” avtosalonunda Jeep avtomobilləri istehsalçısı Jeep Wrangler Rubicon ofrouderinin yubiley buraxılışını qeyd etdi.

Jeep şirkəti yeni Jeep Wrangler Rubicon 2013-ü indiyədək hazırladığı ofrouderlər arasında ən bacarıqlı model adlandırıb. Məğrur Rubicon adı bütün dünyada ən mürəkkəb yol şəraitini dəf etməyə qadir olan ofrouderin adı kimi tanınır.

2003-cü ildə Rubicon ilk dəfə buraxıldığı andan istehsalçı kompaniya özünü yolsuzluq şəraiti üçün nəzərdə tutulan avtomobillərin səriştəli istehsalçısı kimi göstərə bildi. Wrangler Rubicon-un 2005-ci ildə buraxılan yenilənmiş versiyası yüksək səviyyəli imkanlarını nümayiş etdirərək bir çox nüfuzlu mükafatlar qazandı.
Yeni Wrangler Rubicon-un yubiley versiyası iki modifikasiyada buraxılacaq: ikiqapılı Wrangler və dördqaplı Wrangler Unlimited.

Hər iki modifikasiyaya 3,6 litr həcmə malik V6 mühərriki quraşdırılır. Onun qüvvəsi 285 at gücünə, maksimal fırlanma momenti 260 Nm-ə bərabərdir. Güc aqreqatı altı pilləli mexaniki transmissiya ilə tandemdə işləyir. Həmçinin opsional qaydada beş pilləli avtomat transmissiya təklif olunur.

Ofrouderdə ön və arxa körpülərin elektron bloklanma sistemindən istifadə olunur. Bu sistem təkərlərin yerdən kip yapışmasını, yəni yerdən üzülməməsini təmin edir və mühərrikin fırlanma hərəkətini arxa təkərlərə ötürür. Təkərlərin yerində fırlanması zamanı, yaxud pis yol şəraitində hərəkət zamanı isə fırlanma hərəkəti eyni vaxtda həm arxa, həm də ön təkərlərə ötürülür. Jeep Wrangler Rubicon 2013-ə 17 düymlük alüminium təkər diskləri quraşdırılıb, onların üzərinə isə 265/70R17 ölçülü yeni BF Goodrich şinləri taxılıb.

Jeep Wrangler Rubicon 2013-ün dizaynı

Mütəxəssislər ofrouderin dizaynına yeni qabaq bamperdən başlayıblar. Kapota gəlincə, SRT Viper idman bölməsindən olan mütəxəssislər burada iri havaçəkən quraşdırmağa çalışıblar ki, bu da avtomobilə aqressiv xarici görünüş verir.

Avtomobilin dib hissəsini Mopar firmasının relsləri qoruyur. Onlar qayalıq yerlərdə dib hissənin etibarlı müdafiəsini təmin edir. Həmçinin bu firma tərəfindən yanacaq bakının boğazlığında və arxa fənərlərdə qoruyucu qurğu quraşdırılıb. Ofrouderin dizaynını kapotun hər iki tərəfində həkk olunmuş Rubicon yarlıkı tamamlayır.

Jeep Wrangler Rubicon 2013-ün yumşaq dam örtüyü kuzovun üç rəng çalarında və ya qara rəngdə təklif olunur. Avtomobilin kuzovu yalnız 3 rəngli lak-boya örtüyü ilə təklif olunur: ağ, sarı və göy.

Jeep Wrangler Rubicon 2013-ün interyeri

Avtomobilin interyeri bir sıra xüsusiyyətləri ilə, o cümlədən üzərində Rubicon 10th Anniversary yubiley loqotipi olan qırmızı dəri oturacaqları ilə seçilir. Bundan əlavə, salonda dəri üzlüklü sükan, habelə əvvəlki buraxılışlarda olmayan informasiya mərkəzi (EVIC) quraşdırılıb. Bu mərkəz aşağıdakıları göstərir: istiqaməti (kompas funksiyası), bayırdakı temperaturu, orta yanacaq sərfiyyatını, qalan yanacaq ehtiyatı ilə avtomobilin qət edə biləcəyi məsafəni, şinlərdəki təzyiqi.

Kompaniyanın rəhbəri Mayk Menlinin sözlərinə görə, 10 illik şanlı tarixi olan Wrangler Rubicon-un yubiley buraxılışı Jeep markasının ən çılğın pərəstişkarlarına ünvanlanıb. Jeep Wrangler Rubicon 2013-ün satışları 2013-cü ilin yazına planlaşdırılır.

Samirə Salahova (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.