Novruz süfrəsi bir ailəyə 147 manata başa gəlir
  • 2011-ci ildə Novruz süfrəsinin minimum dəyəri 134 manata, 2012-ci ildə isə 141 manata başa gəlmişdi

İqtisadi Tədqiqatlar Mərkəzi Novruz bayramı ərəfəsində bayram süfrəsinə daxil olan əsas ərzaq məhsulları üzrə istehlak bazarında mövcud qiymətlər əsasında hesablama aparıb. Hesablamalar göstərib ki, 4 nəfərlik bir ailə orta səviyyəli bayram süfrəsi açmaq üçün minimum 147 manat xərcləməlidir.
Bu məbləğə şirniyyat (paxlava, şəkərbura, qoğal, konfetlər və sair), meyvələr, içkilər, yeməklər, onların hazırlanmasına sərf olunan elektrik enerjisi, qazın dəyəri və sair daxildir. Belə ki, bayram süfrəsinin əsas komponentlərindən olan paxlavanın 1 porsiyasının hazırlanması üçün lazım olan ərzaq və ədviyyatlara(qoz ləpəsi, yağ, şəkər tozu, un, süd, smetan, ədviyyat və sair) minimum 27 manat, 30 ədəd şəkərburanın hazırlanması üçün(fındıq ləpəsi, ədviyyat, şəkər tozu, un, süd və sair) 17 manat, 30 qoğalın bişirilməsi üçün 12 manat xərcləmək lazımdır. Novruz süfrəsinin daha bir dəyişməz komponenti olan plovun stola gəlməsi üçün orta statistik Azərbaycan ailəsi ən azı 30 manat vəsait sərf etməlidir. Bayram nemətlərindən olan çərəzlər(fındıq, qoz, badam, püstə, iydə, innab, xurma qurusu, kişmiş və sair) ailənin daha 28 manat xərcləməsini tələb edir. Alma, armud, banan, mandarin, heyva və apelsindən ibarət meyvələr 15 manata, içkilər(alkoqolsuz) 10 manata başa gəlir. Və beləliklə, digər xərclərlə birlikdə Novruz süfrəsinin dəyəri 147 manata çatır. Kimsə plovdan əlavə də yemək hazırlamaq istəyəcəksə, bu zaman xərclər daha da yüksələcək.

Xatırladaq ki, İTM-in hesablamalarına əsasən, 2011-ci ildə Novruz süfrəsinin minimum dəyəri 134 manata, 2012-ci ildə isə 141 manata başa gəlmişdi.

Bundan başqa İTM-in istehlak bazarında apardığı müşahidələr göstərib ki, bu il yerli şabalıdın qiymətində kəskin bahalaşma qeydə alınıb. Ümumiyyətlə, yerli şabalıda bazarlarda çox az rast gəlinir. Əvəzində bazarlara külli miqdarda keyfiyyətcə yerli maldan qat-qat aşağılığı ilə diqqət çəkən kənar ölkələrdə yetişdirilən şabalıd daxil olub. Novruz ərəfəsində diqqət çəkən daha bir məqam qoz ləpəsinin bəzi növlərinin qiymətinin 17-18 manatadək yüksəlməsi olub.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.