Pərviz Müşərrəfi mühafizəçiləri məhkəmə zalından qaçırıblar
  • Məhkəmə Pərviz Müşərrəfin həbsinə qərar verib, mühafizəçilər sabiq prezidenti məhkəmə zalından qaçırıblar

Məhkəmə parlament seçkilərində iştirak etmək üçün ötən ay könüllü olaraq Pakistana qayıtmış sabiq prezident Pərviz Müşərrəfin həbsinə order verib.

APA-nın məlumatına görə, Pərviz Müşərrəf Konstitusiyanı pozmaqda və hakimiyyəti dövründə qanunsuz həbslər həyata keçirməkdə ittiham olunur.

İslamabad məhkəməsinin qərarına baxmayaraq, polis məhkəmə zalında olan Müşərrəfi həbs edə bilməyib. Mühafizəçilər onu zaldan çıxarmağa müvəffəq olublar. Sabiq prezidentin harada olduğu məlum deyil. Onun məhkəmə qərarından Ali Məhkəməyə apellyasiya şikayəti vermək imkanı var.

Müşərrəfə qarşı cinayət işi qaldırılmasına səbəb onun 2007-ci ildə ölkədə fövqəladə vəziyyət rejimi elan etməsi ilə əlaqədardır. O zaman Pərviz Müşərrəf həm prezident, həm də ali baş komandan olduğuna görə Ali Məhkəmə onun prezidentliyini qəbul etməyib. Pakistan qanunlarına görə, icra hakimiyyətinin rəhbəri ölkənin Silahlı Qüvvələrinə rəhbərlik edə bilməz. Pərviz Müşərrəf son nəticədə ali baş komandan postundan istefa versə də, Ali Məhkəmənin hakimləri ilə münaqişəyə girib və bu münaqişə bir neçə hakimin həbsi ilə nəticələnib.

Bundan başqa Pərviz Müşərrəfə qarşı başqa ittihamlar da irəli sürülür. O 2006-cı ildə Bəlucistanda üsyançıların liderinin qətlində, bir il sonra isə sabiq baş nazir Bənazir Bhuttonun öldürülməsində ittiham olunur.

Bu ittihamlar 1999-2008-ci illərdə ölkəyə rəhbərlik etmiş Pərviz Müşərrəfə parlament seçkilərində iştirak etməyə mane olub. O dörd seçki dairəsinə namizədliyini qeydə aldırmaq üçün müraciət edib, lakin onun müraciətləri geri qaytarılıb.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.