Sərdar Cəlaloğlu: “Səməd Vurğun üçün “dılğır” deməyim çox gözəl bir sözdür”
  • Azərbaycan Yazıçılar Birliyi Qazax filialının fəalları xalq şairinə qarşı işlədilən ədəbsiz ifadədən narahat olduqlarını bildirib

ADP sədri Sərdar Cəlaloğlunun “Qafqazinfo” saytına müsahibəsində xalq şairi Səməd Vurğunun ünvanına təhqiramiz ifadələr işlətməsi cəmiyyətdə birmənalı qarşılanmır. Hətta bir qrup Qazax şair və yazıçısı məsələ ilə bağlı bəyanat verib. Azərbaycan Yazıçılar Birliyi Qazax filialının fəalları bəyanatda xalq şairinə qarşı işlədilən ədəbsiz ifadədən narahat olduqlarını bildiriblər.

“Xalqın mənəvi pasportu olan bir sənətkara qarşı yönələn ölçü-biçisiz bir hərəkəti pisləyirik. Hesab edirik ki, Sərdar Cəlaloğlunun bu hərəkəti seçkilər öncəsi siyasi sabitliyi pozmağa yönələn və siyasi divident qazanmaq üçün atılmış yanlış bir addımdır. O, bu ifadəsi ilə, yəni xalqın dahi sənətkarını aşağılamaq cəhdi ilə eyni şəkildə Əkrəm Əylisli və onu müdafiə edənlərin mövqeyində dayandığını nümayiş etdirmişdir”, - deyə bəyanatda vurğulanır.

Bəyanatda bildirilir ki, S.Cəlaloğlu işlətdiyi ifadəyə görə mərhum şairin ruhundan və Azərbaycan xalqından üzr istəməlidir. Bəyanatı beş nəfər imzalayıb.

S.Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında deyib ki, o, heç kimdən üzr istəmək fikrində deyil: “Əvvəla, onu deyim ki, həmin intervünü verərkən mən 31 mart soyqırımı ilə bağlı fikirlərimi ifadə etmişəm. Səməd Vurğun 31 mart qırğınını, o boyda hadisəni inqilab kimi, Azərbaycan xalqının azadlıq hərəkatı kimi təsvir edib. Azərbaycan xalqının düşməni Şaumyanı ”baba" adlandırıb. Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəni alçaq, vətən xaini adlandırıb, ona tüpürüb. Bunların müqabilində mən ona “dılğır” demişəm. Səməd Vurğunun Azərbaycanın siyasi tarixinin ən böyük şəxsiyyətinə və tariximizin ən böyük hadisəsinə belə düşmən mövqeyində yanaşmasının müqabilində mənim “dılğır” deməyim çox gözəl bir sözdür. “Dılğır” nə deməkdir ki?! “Boş”, “mənasız” deməkdir. İkincisi, mənim Səməd Vurğuna münasibətim birmənalıdır. O, Azərbaycan xalqının yox, sovet dövlətinin şairidir. O, sovet şairidir və sovet dövlətinin bütün tapşırıqlarını olduğu kimi, bircə-bircə yerinə yetirən bir adamdır. Məsələn, uzun illər Ağa Məhəmməd Şah Qacarı xalqımıza qaniçən, yadelli, işğalçı kimi tanıdılıb. Bunu kim edib? “Vaqif” dramında hörmətli Səməd Vurğun. Həmin dövrdə Azərbaycanın böyük yazıçısı Haqverdiyevin “Şah Qacar” adlı faciəsi olub. Hansı ki, o, Şah Qacarın böyük türk oğlu olduğunu, müstəqil, vahid Azərbaycan dövləti yaratmaq istədiyini və Qarabağdakı separatizmin qarşısını almaq üçün hücum etdiyini göstərən əsər yazıb. Amma sovet dönəmində Əbdürrəhim bəy Haqverdiyevin “Şah Qacar” faciəsi qadağan olunub. Əvəzində Səməd Vurğunun “Vaqif” dramı dövlət mükafatına layiq görülüb. İndi mən başa düşmürəm - 31 mart genosiddir, yoxsa inqilab? Biz həmin günü genosid kimi tanıtmaq istəyirik, Səməd Vurğun buna inqilab deyib, azadlıq deyib. Ya gərək indi biz deyək ki, 31 mart genosid deyil və Səməd Vurğun da böyük şairdir, o dəqiq bilir ki, genosid-filan olmayıb. Sən demə, 30 min azərbaycanlının öldürülməsi Azərbaycanın azadlığıdır. Ya da əgər 31 mart qırğınlarına genosid deyiriksə, onda Səməd Vurğunun həmin hadisələri azadlıq mübarizəsi kimi təqdim etməsi böyük cinayətdir. Cinayətkara hələ az söz demişəm və əcəb etmişəm. Heç kəsdən də üzr istəmək fikrim yoxdur. Nə zaman ki, mənim üzr istəməyimi tələb edənlər onun əvəzinə Azərbaycan xalqından üzr istəyər, hökumətin tapşırığı ilə belə əsərlər yazıb uzun illər Azərbaycanın gənc nəsillərini yanlış bir ruhda tərbiyə etdiyini etiraf edərlər, Azərbaycan tarixindən bu qara ləkələri siləcəklərini vəd edərlər, “26-lar” poeması və “Vaqif” dramı qadağan olunar, onda biz olarıq heç-heçə. Səməd Vurğunun Azərbaycan xalqına xəyanət etdiyini doğrudanmı heç kim başa düşmür? Dövlət səviyyəsində bu məsələlər qaldırılmalıdır. Genosidi gizlətməyə xidmət edən, bunu Azərbaycan xalqına düşmən mövqeyi kimi, azadlıq hərəkatı olaraq təqdim etmək, Şaumyana “baba” demək, Rəsulzadəyə alçaq, şəxsiyyətsiz, xain demək necə başa düşülə bilər? Səməd Vurğunun bu fəaliyyətinin qarşılığında mən onun haqqında nə demişəm ki?! 31 mart qırğınını yadıma salanda o qırğına haqq qazandıranların yox, ona biganə qalanların hamısını o cür adlandırıram".

S.Cəlaloğlunun sözlərinə görə, müstəqil Azərbaycan dövləti yaranandan sonra bu dövlətin vətəndaşları heç vaxt S.Vurğunu xalq şairi kimi tanımayacaq: “”Vaqif" dramına, “Ağa Məhəmməd Şah Qacar”a, “26-lar” poemasına, “Rəhbərə salam”ına və sairlərə görə tanımayacaq. Səməd Vurğunun dəhşətli cinayətini heç kim görmür. Bunu niyə heç kim araşdırmır? Niyə ideyalarını özünə rəhbər tutan Müsavat Partiyası bunu araşdırmır, mövqeyini ortaya qoymur, münasibət bildirmir? Səməd Vurğun Müsavat ideyasının rəhbərinə tüpürür, niyə dinən yoxdur?".

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.