Azərbaycan Prezidenti İlham Əliyev qurultay iştirakçılarını təbrik etdi
  • Prezident İlham Əliyev: Müasir dövrün inkişaf meylləri sahibkarların məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının IV qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Trend-in məlumatına görə, təbrik məktubunu iqtisadi inkişaf naziri Şahin Mustafayev oxuyub.

Məktubda deyilir: "Hörmətli qurultay iştirakçıları! Sizi salamlayır və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının IV qurultayının işə başlaması münasibətilə ürəkdən təbrik edirəm.

1999-cu ildə yaradılmış, özündə minlərlə sahibkarları birləşdirən Konfederasiya son illərdə daha da inkişaf edərək, ölkənin ictimai həyatında öz layiqli yerini tutmuşdur.

Bu gün Azərbaycanda dövlət - sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilmişdir. Ölkəmizdə ümumi daxili məhsulun həcmində özəl sektorun payı 83 faizə çatmışdır.

Sahibkarlığın dəstəklənməsi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir. Zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində görülən ardıcıl işlər, özəl sektorun inkişafına dövlət qayğısı nəticəsində sahibkarların sayı sürətlə artır, ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr açılır, ölkə iqtisadiyyatına investisiya qoyuluşu genişlənir. Azərbaycanın iş adamları dünyanın bir çox ölkələrində qarşılıqlı fayda əsasında işgüzar əlaqələr quraraq uğurla fəaliyyət göstərirlər.

Hörmətli qurultay iştirakçıları!

Cəmiyyətin tərəqqisi qarşıya daim yeni vəzifələr qoyur. Müasir dövrün inkişaf meylləri sahibkarların məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir. Əminəm ki, qurultayın qərarları ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verəcəkdir.

Sizi bir daha təbrik edir, işlərinizdə uğurlar arzulayıram".

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.