AXCP sədri Əli Kərimli də seçkilərə qatılacaq
  • Avqustun 19-dək vahid namizəd dəqiqləşdirməsə, AXCP prezident seçkilərinə qatılmaq variantını müzakirəyə çıxaracaq

Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimli də oktyabr ayında keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etməyə hazırlaşır.

Bu barədə AXCP-dəki mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, Milli Şura avqustun 19-dək seçkilərdə kimin vahid namizədliyi ilə gedəcəyi dəqiqləşdirməsə, AXCP partiya olaraq prezident seçkilərinə qatılmaq variantını müzakirəyə çıxaracaq.

Xatırladaq ki, AXCP Ali Məclisinin son iclasında da partiya sədri Əli Kərimli seçkilərdə namizəd ola biləcəyi ilə bağlı ipucları vermişdi. O, çıxışında Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığına son qoyulmayacağı halda, onun özünün də məqsədə uyğun saydığı təqdirdə yeni bir şəxsin vahid namizədliyinin müəyyənləşdirilməli olduğu barədə təkliflərinin olacağını demiş və MŞ-in avqustun 12-də keçirilən sessiyasında Cəmil Həsənlinin ehtiyat namizəd olmasını dəstəkləmişdi.

AXCP sədri partiya Ali Məclisinin sessiyasında özünün seçkilərdə iştirakı ilə bağlı məsələyə də toxunmuşdu. Sitat: “AXCP bu seçkidə özünün iştirakı ilə bağlı da məsələni nəzərdən keçirməlidir. Mən hesab edirəm ki, AXCP seçkidə öz namizədi ilə o zaman iştirak edə bilər ki, bir yerdə olduğumuz demokratik qüvvələr belə bir razılığa gəlsinlər”.

AXCP sədrinin sözlərindən də göründüyü kimi, R.İbrahimbəyovun namizədliklə bağlı probleminin həll edilməməsi halında Ə.Kərimli Milli Şuranın yeni vahid namizəd olmağa iddiasını ortaya qoyub. Mənbənin sözlərinə görə, AXCP sədri əmindir ki, Milli Şuranın vahid namizədi olması ehtimalı yarandığı halda, qurum üzvləri onun namizədliyini dəstəkləyəcəklər.

Fikirlərini öyrəndiyimiz Milli Şuradakı mənbələrimiz də bu məsələnin kifayət qədər ciddi olduğunu bəyan edirlər. Onların sözlərinə görə, əgər Milli Şura partiya sədrlərindən birini vahid namizəd olaraq müəyyənləşdirəcəksə, bu şəxs böyük ehtimalla AXCP sədri olacaq.

Mənbələrimiz fikrincə, Milli Şurada Müsavat başqanı İsa Qəmbərin namizədliyinin əleyhinə olan və onunla şəxsi prinsipləri olduğu üçün Müsavat başqanından başqa hər kəsi dəstəkləyə biləcək şəxslər kifayət qədərdir. AXCP sədri də bu məqamı yaxşı bildiyi üçün bundan istifadə etmək niyyətindədir. Məhz bu səbəbdən də partiya Ali Məclisinin son iclasında Milli Şuranın yeni vahid namizədi ola biləcəyi ilə bağlı ilkin siqnalları verdi.

Onu da xatırladaq ki, Milli Şurada adı ehtiyat namizəd kimi səsləndirilən şəxslərdən Cəmil Həsənli və Rafiq Əliyev artıq namizəd olmaqdan imtina ediblər. C.Həsənli elə MŞ-in sonuncu sessiyasında vahid namizəd olmaq fikrində olmadığını açıqlayıb, akademik R.Əliyev isə mətbuata açıqlamasında siyasi proseslərdən uzaq durduğunu bəyan edib. Adı ehtiyat namizəd kimi çəkilən iki namizəd var ki, bunlar da Mehman Əliyev və Gültəkin Hacıbəylidir.

İkincinin MŞ üzvlərindən dəstək alması ehtimalı isə sıfıra bərabərdir. Ki G.Hacıbəylinin özü də mətbuata açıqlamasında Milli Şuranın vahid namizədi olmaq fikrində olmadığını bəyan edib. M.Əliyev isə hələ də namizəd olmaqla bağlı tərəddüdlərinin olduğunu bildirir. Bu məqam isə MŞ-in özünə yeni namizəd seçəcəyi halda bu şəxsin partiya sədrlərindən biri olacağı ehtimalını gücləndirir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər MŞ-in sonuncu sessiyasında avqustun 19-dək R.İbrahimbəyovun namizədliklə bağlı probleminin həll edilməyəcəyi və MŞ-in vahid namizədlə seçkidə iştirakının dəqiqləşməyəcəyi halda, Müsavatın öz namizədi ilə seçkidə iştirak edəcəyini açıqlayıb.

MŞ-də mənbələrimiz onu da deyir ki, Müsavat başqanı Milli Şuranın onun namizədliyini heç vaxt dəstəkləməyəcəyinə əmindir: “İsa Qəmbər Milli Şurada olan öz əleyhdarlarını yaxşı tanıyır. O, yaxşı bilir ki, Milli Şurada elə şəxslər var, onlar “kim olur-olsun, ancaq İsa Qəmbər olmasın” düşüncəsindədirlər”. AXCP sədrini seçkidən kənarda qalmamağa sövq edən də məhz bu məqamdır.

Ə.Kərimli MŞ-in öz namizədi ilə seçkiyə getməyəcəyi halda Müsavat başqanının seçkilərə qatılacağını bildiyi üçün özü də seçkidən kənar qalmaq istəmir. Bu səbəbdən də ya MŞ-in yeni vahid namizədi kimi, o da alınmasa, AXCP-nin namizədi kimi seçkidə iştirak etmək fikrindədir.

Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz AXCP sədrinin müavini Asəf Quliyev AzNews.az-a açıqlamasında bildirib ki, Milli Şurada AXCP qrupu partiyanın sədri Ə.Kərimlinin MŞ-in yeni vahid namizədi olması ilə bağlı təklif vermək niyyətində deyil: “Ancaq Milli Şurada təmsil olunan digər partiyaların təmsilçiləri və müstəqil şəxslər belə bir təklif irəli sürərsə, Əli bəyin qurumun vahid namizədi olması mümkündür. O, özü də partiya Ali Məclisinin sonuncu iclasında Milli Şura üzvlərinin onu dəstəkləyəcəyi halda seçkilərdə iştirak edə biləcəyini deyib”.

A.Quliyev onu da deyib ki, AXCP indiki halda Milli Şuranın seçkilərə özünün vahid namizədi ilə getməsinin tərəfdarıdır: “Bizim sonuncu qərarımız bundan ibarətdir ki, Milli Şuranın bütövlüyünü qoruyaq və bu qurum seçkilərdə özünün vahid namizədi ilə iştirak etsin. Ancaq bu alınmayacağı təqdirdə, hər bir partiya öz namizədi ilə seçkilərdə iştirak etmək hüququnu saxlayır”.

Onu da nəzərə çatdıraq ki, mənbənin iddiasına görə, AXCP rəhbərliyi seçkilərdə iştirakla bağlı qərarını son ana qədər açıqlamamaq niyyətindədir: “Əgər Əli Kərimli avqustun 19-da Milli Şuranın yeni vahid namizədi ola bilməsə, prezident seçkilərində iştirakla bağlı partiya qərarını ən son ana qədər açıqlamayacaq və sənədlərin MSK-ya təqdimatının bitməsinə az qalmış, öz namizədliyini irəli sürəcək”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.