“Skinhed”lər Moskvadakı “Pokrov” meyvə-tərəvəz bazasına hücuma hazırlaşır
  • Bazaya meyvə-tərəvəz gətirən azərbaycanlı: “500 min ABŞ dolları dəyərində malım tələf olub gedir. İndi də xəbər verdilər ki, skinhedlər bura hücuma hazırlaşır. Qalmışıq pis vəziyyətdə!”

Bir qrup rus milliyətçisi “skinhed”lər bu satlarda Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasına hücum etməyə hazırlaşır. Bu barədə APA-nın Moskva müxbirinə paytaxtın “Prajskiy” metrosu yaxınlığında yaşayan həmyerlilərimiz bildirib. Onların sözlərinə görə, bir qrup “skinhed” Prajski metrosu tərəfdən Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” bazasına yürüş etməyə hazırlaşır.

Həmyerlilərimizin bildirdiklərinə görə, skinhedlərin əksəriyyəti alkoqollu içki qəbul ediblər.

Qeyd edək ki, oktyabrın 13-də Qərbi Biyulevo rayonunda baş verən iğtişaşlardan sonra minlərlə azərbaycanlının çalışdığı “Pokrov” bazası bağlı elan olunub. “Rospotrebnadzor” bazanın bağlanması iddiası ilə məhkəməyə müraciət edib. Bazanın bağlanması yüzlərlə azərbaycanlının bazara satmaq üçün gətirdiyi məhsulun xarab olması təhlükəsi ilə üz-üzə qoyub.

Hazırda Qərbi Biryulevo rayonunda içi meyvə-tərəvəz məhsulları ilə dolu olan TIR-ların növbəsi yaranıb. Meyvə-tərəvəz məhsullarının sahiblərinə bazadan çıxmaq üçün iki gün vaxt verilib. Azərbaycanlı sahiblarlar bu müddət ərzində məhsullarının xarab olacağından ehtiyyatlanırlar.

Bazaya meyvə gətirən həmyerlimiz APA-ya açıqlamasında skinhedləıin bazaya yürüşündən xəbər tutduqlarını bildirib: “Bilmirik nə edək! 15 milyon rublluq (500 min ABŞ dolları) dəyərində malım tələf olub gedir. İndi də xəbər verdilər ki, skinhedlər bura hücuma hazırlaşır. Qalmışıq pis vəziyyətdə!”

Qeyd edək ki, , Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhed”lər Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüb. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurub. Rus milliyyətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Rusiya hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Orxan Zeynalovu saxlayıb. Kolomno şəhərində yaxalanan O. Zeynalov vertalyotla Moskvaya  gətirilib.

Qatilin azərbaycanlı olması, həm Rusiya mətbuatında, həm də cəmiyyətdə böyük etirazla qarşılanıb. Bundan istifadə edən milliyətçilər azərbaycanlılara qarşı kampaniya aparmağa başlayıblar. Dünəndən etibarən həmyerlilərimiz işlətdiyi obyetktlərə mütəmadi hücumlar təşkil olunur.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.