Rauf Arifoğlu: Tapa bilmirik ki, hansı məmurun ürəyinə, könlünə dəymişik
  • "Milli Şura birləşdirici yox, ayırıcı bir formatdır. Milli Şurada konfliktlər, onu təsis edən partiyaların bir-birinə qarşı verdiyi bəyanat və ittihamlar heç düşmənlər arasında da olmur".

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun “Qafqazinfo”ya müsahibəsi:

- 17 oktyabr tarixindən bəri “Yeni Müsavat” qəzetinin metrolarda və köşklərdə satışına qadağa qoyulub. Bununla bağlı aidiyyəti olan bir neçə qurumlara müraciət etmisiniz. Müraciətlərinizin müsbət nəticəsi varmı?

- Təəssüf ki, bu günə qədər heç bir nəticəsi yoxdur.  Metroda bizim gündəlik olaraq 1300 ədəd qəzetimiz satılırdı, indi bir dənə də satılmır. Bütün gərəkən instansiyalara müraciət edərək vəziyyəti çatdırmışam.  Bunu mən söz azadlığına təzyiq, onun məhdudlaşdırılması faktı kimi  qəbul edirəm. Çünki bu, qəzetlərin kiçildilməsi, yayım arealının daraldılması deməkdir. Çox qəribə bir vəziyyət yaranıb. Satıcıları qorxudublar, onlar qəzetimizin adını eşidəndə, təlaşla ətraflarına baxırlar. Amma kimsə boynuna almır ki, bunu onlar edir. Hər kəs – polis, Metropoliten, Ticarət Departamenti, Prezident Administrasiyası –deyir ki, məsələ onluq deyil. Amma qəzet satdırmaq da mümkün olmur. Hələlik, digər yerlərdə qəzetin satışı mümkündür. Qadağa bütün ölkəni əhatə etməyib. Buna görə də düşünmək olar ki, son “əməliyyat”ı siyasi hakimiyyət etməyib. Mümkündür ki, bunu bir qrup məmur hansısa səbəbdən həyata keçirir.

- Qeyd edirsiniz ki, bunu bir qrup məmur həyata keçirir. O məmurların adları sizə məlumdursa, açıqlaya bilərsinizmi?

- Təsnifat vermək çətindir. Biz bilirik ki, ərazi Metropoliten rəisinin nəzarətindədir. Tağı Əhmədov deyir ki, heç kim mənim ərazimdə belə göstəriş verə bilməz.  Satıcılar deyir ki, özlərini polis kimi təqdim edən və mülki geyimdə olan  şəxslər gəlib onları qorxudurlar. Polisə müraciət edirik, Daxili İşlər Nazirliyinin sözçüləri deyirlər ki, belə bir şey ola bilməz. Prezident Administrasiyası  deyir ki, biz belə bir tapşırıq verməmişik. Mətbuat Şurasından xahiş etmişik ki, bu məsələni araşdırsın, amma hələ ki nəticə yoxdur... Bu dəqiqə kiminsə adını çəkmək bizim vəziyyətimizi daha da dramatikləşdirə  bilər.  Amma mən bir məsələni vurğulamaq istərdim. Əgər bunu prezidentə görə edirlərsə, hesab edirəm ki, ona çox böyük pislik edirlər. Çünki Azərbaycan Respublikası Prezidenti Yanında yaradılan fondun layihələrində “Azadlıq” , “ Yeni Müsavat” və digər tənqidçi media nümunələri də iştirak edir. İldə “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin hər birinin 120 min manat həcmində layihəsi maliyyələşdirilir. Əgər bunu həyata keçirən, bizi susdurmaq istəyən prezidentin iradəsidirsə, o pul niyə verilir? Yaxud da Bakının başqa nöqtələrində satış həyata keçirilməsinə niyə qadağa qoymurlar? Mən Metropoliten istiqamətində nəzarəti və biznes maraqlarını həyata keçirən məmurlardan şübhələnirəm. Amma hələ ki ad çəkmək istəmirəm. Çünki əlimdə bir fakt yoxdur. Bu əməliyyat gizli aparılır. Biz gizli əməliyyatın nəticəsi olaraq ancaq bu cür cümlələri qurub ictimaiyyətə çatdıra bilirik. Bir şeyə əminəm ki, bu proses Azərbaycanın imicini korlayır, onu kiçik düşürür. Eyni zamanda, Azərbaycan prezidentinin bu məsələlərlə bağlı məsuliyyətini və beynəlxalq təşkilatlardan ona yönələn qınağı artırır.

- Problem  prezident seçkiləri bitdikdən bir həftə sonraya təsadüf edir. Bunu  seçkilərlə əlaqələndirmək olarmı?

- Mənim üçün çətindir. Seçkilərlə əlaqədardısa, başqa təzyiq növlərindən niyə istifadə olunmur? Niyə qəzetin satışına tamamilə qadağa qoyulmur?  Amma hər halda müəyyən bir bağlılıq var. Tapa bilmirik ki, hansı məmurun ürəyinə, könlünə dəymişik.

- Belə olan  halda qısa bir xatırlatma edək. Oktyabrın 9 və 17-si  aralığında qəzetinizdə hansı məmurla bağlı yeni, ilginc  məlumat  yazılıb?

- Onları təhlil etmişik. Elə yeni olan bir şey yoxdur. Amma çox sərt yazılar var. Milli Şuranın 12 oktyabr mitinqdə müxalifət liderləri, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli və başqaları tərəfindən çıxışlar edilib və biz onların videosunu (saytımızda), fotosunu, yazısını çap etmişik. Mühit nədirsə,  ona güzgü tutmuşuq. Məsələ burasındadır ki, qadağa olunan qəzetlərin çeşidi çox maraqlıdır. Orada “Yeni Müsavat”, “Azadlıq”, “Bizim yol”, “Gündəm Xəbər” , “Bizim dövran” qəzetləri var. 5 qəzetin adını veriblər ki, onlar metroda yayılmasın. Ortaq olanı tapmaq üçün o qəzetlərin dördünü qarşımıza qoyub təhlil etdik. Burada ancaq beynəlxalq mətbuatın seçkilərlə bağlı yazdıqlarının geniş özətinin eyni olduğunu gördük. Düşünürük ki, bəlkə də buna görədir.

- Hazırda yayım necə həyata keçirilir? Qəzetin neçə faizi Bakıda satılır? Tiraj nə qədərdir?

- Bakıda satış faizi daha çoxdur. Amma artıq bizim elə bir tirajımız da qalmayıb. Bir il bundan qabaq tirajımız 12 min 500 - 13 min idi. “Qasid” yayım firmasının çökməsi və bizə pul ödəməməsi səbəbindən, daha sonra isə metrodakı yayımın dayanmasına görə xeyli tiraj itirdik. Hazırda 9000 civarında tirajımız var. Seçki dövründə tirajımızı yüksəltməli idik – satış məkanını daraltdıqlarına görə mümkün olmadı. İndi biz gündəlik olaraq 3500 -4000 tiraj itirmişik. Bu, hər ay 100 mindən artıq az qəzet satmamız deməkdir. 12 aya vuranda, 1 milyon nüsxənin satılmaması deməkdir. Manatla hesablayanda, 180-200 min manat əskik dövrüyyəmiz olub... Bizim “Qasid” firması ilə bağlı da çox ciddi problemlərimiz var. “Qasid” qəzetimizi satır, onun da pulunu yüzdə-yüz mənimsəyir. Aya zorla 2-3 min manat ala bilirik. Qəzetlərin hamısına borcu var. Yeni qoyulan köşklər isə tənqidçi medianın satışına imkan vermir. İçərişəhərdə, Fontanlar bağında, Milli Parkda, şəhərin mərkəzi hissələrində satış qadağan olunub. İndi də metroda qadağa qoymaqla bizim yayım arealımızı tam olaraq kiçildiblər.

- Hakimiyyət nədən qorxuya düşüb ki, müxalifyönlü qəzetlərə basqılar edir?

- Jurnalistləri dünyanın heç yerində sevmirlər. Bizdə də, xüsusilə. Amma baxır, hakimiyyətdəkilər kimlərdir və o sevməzliyi necə büruzə verirlər... Elə ölkə var iqtidardakılar jurnalisti öldürürlər, döydürürlər; elə ölkə var jurnalistləri tuturlar; elə ölkə də var, prezidenti tanınan köşə yazarlarını, redaktorları ayda 1-2 dəfə nahara dəvət edir, onlarla dost olmağa çalışır; eləsi də var ki, jurnalistlərlə açıq polemikaya girir,  yazılanlara təpkisini bilavasitə bildirir... Bunların hamısı iqtidarların jurnalistləri sevmədikləri üçündür. Fəqət elə iqtidarlar var, sevmədiyi jurnalistə ətli xörək yedirdir; eləsi də var, jurnalistin ətini kəsir... Azərbaycanda bunlardan hansıdır? Hesab edirəm ki, bizdə iqtidar –azad media münasibətləri o qədər də sağlam keçmiş və zəmin üzərində oturmayıb. Kobudluq, qisasçılıq, cəza niyyəti, sevməzliyin qaba ifadəsi...  Bunlar bizdə bir az da kobud şəkildə təcəlli edib.

- “Azadlıq” qəzetində də eyni problemlər var. Hətta o, bağlanma təhlükəsi ilə üz-üzədir. Rahim Hacıyevlə problemdən çıxış yolları barədə müzakirə aparmısınızmı?

- İlk vaxtar mənim təşəbbüsümlə müzakirələr aparmışıq. Təklif etmişəm ki, mütləq ortaq toplantı keçirtmək, səfirliklərlə görüşmək, ictimaiyyətə xitab etmək, birgə aksiyalar keçirtmək lazımdır. Təəssüf ki, “Azadlıq” qəzetinin rəhbərliyi mənim təkliflərimə hə dedi, amma bunları və kampaniyanı təkbaşına, hətta məni iştirakçı kimi dəvət etmədən başlatdı. Heç bir yerdə də bizim qəzetin adını çəkmirlər. Yalnız deyirlər ki, problem onlara aiddir, yeganə qəzet onlardır, boğmağa çalışırlar... Hansı ki, onlarda olan bütün problemlər bizdə də eyni ilə var. Lakin biz hər məqamda və hər yerdə “Azadlıq” qəzetinin problemlərini qaldırırıq, dilə və yazıya gətiririk... Bizim media qrupunda 60 nəfər işçimiz var. 60 jurnalistin küçəyə çıxması, aksiyalara start verməsi, başqa reaksiyalara əl atması dünyanın gündəminə otura biləcək hadisədir. Biz sakitcə baxmayacağıq, barışmayacağıq ki, bizim iş yerimizi əlimizdən alsınlar.

- Bəziləri iddia edir ki, bu cür təzyiqlər müəyyən bir dövr üçün keçici xarakter daşıyır. Yəni vəziyyət sizin dediyiniz kimi təhlükəli deyil...

- Mən düşünürəm ki, qəzetlərdən, cəmiyyətdən beynəlxalq mühitdən reaksiya olmasa bu təzyiqlər qalıcı olacaq. Biz son 20 ildə ancaq  bu müqavimətlərin və reaksiyaların hesabına ayaqda qala bilmişik. Prosesi axarına buraxsaq, hakimiyyət öz məqsədinə nail olacaq. Biz beynəlxalq aləmin, cəmiyyətin, media quruluşlarının dəstəyini alsaq, təbii ki keçici hal olacaq.

- Seçkidən sonra Azərbaycan hakimiyyətinin məlum bir neçə təşkilatlarla münasibətləri korlandı. Amma son iki gündə sanki münasibətlər yaxşılaşmağa doğru gedir. Siz necə düşünürsünüz, bu medianın  xeyrinizə olacaqmı?

- Beynəlxalq aləm fakt qarşısındadır. Kim nəyə iddia etsə də, hakimiyyətdə İlham Əliyev və onun komandası qaldı. Beynəlxalq təşkilatların iki yolu var. Ya tənqid edib əməkdaşlıqdan  imtina etməlidir, ya da faktı tanımalıdır. Məncə dünyanın indiki vəziyyətində heç kim imtina etməz. Azərbaycan mühüm bir regionda yerləşir. Bu ölkə elə bir zolaqdadır ki , həm Amerikaya, Avropaya, həm Türkiyə, həm də Rusiyaya lazımdır. Hər kəs istəyir ki, ölkəmizə təzyiq riçaqları onun əlində olsun. Rusiya da bunun üzərində işləyir – hazırda Amerika-Avropa da Azərbaycan iqtidarına təsir rıçaqları düzəltməklə məşğuldur... Müxalifət və xalq iqtidara gəlməyi bacarmadı. Ona görə düşünürəm ki, beynəlxalq təşkilatların hamısı enində - sonunda iqtidarda kimdirsə, onunla münasibətləri yaxşılaşdıracaq.  Əks halda hakimiyyətə, onun qərarlarına təsir edə bilməzlər. Ancaq Azərbaycanda xalq hərəkatının və müxalifətin güclü olduğu təqdirdə, qarşıdurmaya gedərlər.  Alternativ, güclü müxalifət olmayacağı təqdirdə kimsə qeyri-müəyyən perspektiv üçün özünü iş başında olan komanda ilə düşmən etməz.

- Elə bu fonda AXCP və Müsavatın Cəmil Həsənlinin sədarəti altında birləşməsini təklif etmisiniz. Media vasitəsilə təklif ictimai rəy yarada bilər. Amma real olması nə dərəcədə mümkündür?

- Dediyiniz təklif əslində mənim deyil. Bu təklifi həftələr öncə Azər Rəşidoğlu da yazıb, keçən həftə eyni mənim verdiyim cümlələr və başlıqla Sərdar Cəlaloğlu “Hürriyyət” qəzetinə müsahibəsində deyib... Heç kim diqqət etməmişdi. Rauf Arifoğlunun dilindən onu təkrarı çıxdı və ölkənin gündəminə oturdu -  təqdirlər və tənqidlər sıralandı...Maraqlı bir eksperiment alındı.  Gələn həftələrin birində də Rəsul Quliyevin tezisləri əsasında bir cümlə də özümdən yazmadan, bir köşə düzəldəcəm...  Baxacam ki, ona reaksiyalar necə olacaq... Bununla bərabər, mən Azər Rəşidoğlunun, daha sonra isə Sərdar Cəlaloğlunun müəllifi olduğu versiyanı müxalifət düşərgəsinin yenidən şəkilləndirilməsi variantlarından biri kimi qəbul edirəm. Bunu düşərgəyə uğur gətirəcək variantlardan biri kimi qiymətləndirirəm. Bu baş verərsə,  bütün narazı elektoratı bir araya yığmaq mümkün olar. Bu, 2015-ci il parlament seçkilərinə yaxşı bir hazırlıq olardı. Təəssüf ki, bunun həyata keçməsi imkanları yox kimidir. Amma bunun üçün xüsusi narahatçılığım və üzülməm də yoxdur. Olmursa, heç olmasın, “demokrasilərdə çarə tükənməz...”

- Çətinliklə də olsa, bu iki qüvvə Milli Şura daxilində  bir araya gələ bildi. Bu birliyin də gerçəkləşməsi mümkün ola bilərmi?

- Milli Şura birləşdirici yox, ayırıcı  bir formatdır. Milli Şurada konfliktlər, onu təsis edən partiyaların bir-birinə qarşı verdiyi bəyanat və ittihamlar heç düşmənlər arasında da olmur. MŞ-ni təsis edən qurumların bir yarısı digər yarısına qarşıdır. Xarici dövlətə  -  konkret Rusiyaya bağlı olan siyasi liderlər var orada. Seçki kampaniyası dönəmində bir sıra liderlərin -  xüsusi ilə Rəsul Quliyev və Lalə Şövkətin verdiyi açıqlamalar müxalifətin kürəyinə saplanan bıçaq kmi qiymətləndirilə bilər. MŞ-nin tək bir sessiyası olmadı ki, tam həmrəylik şəraitində keçsin. Təlatümlər indi də davam edir. Bu baxımdan, Millli Şura layihəsi Azərbaycana, onun müxalifətinə problemdən başqa heç nə vermədi.

Ümumi prosesi ancaq AXCP və Müsavatın bir-biri ilə müttəfiqliyi, anlaşması və ortaq namizədi tapması xilas etdi. Mən bu barədə zamanında yazmışam və onların üzərində qalıram. Hesab edirəm ki, Müsavat və AXCP liderləri doğru namizəd seçə bildilər və həmin namizədin -  Cəmil Həsənlinin fenomenal bacarığı müxalifəti ciddi iflasdan xilas etdi. Professor Həsənli mümkün olmayacaqları etdi; seçkilərin nəticələrini təsirləndirdi və demokratik düşərgənin seçkidən zəifləyərək deyil, güclənərək çıxmasını təmin etdi. Bu, olduqca ciddi nəticədir; lakin həmin nəticənin qazanılmasında Milli Şuranın yalnız bir neçə təsisçisinin xidməti var. Şuranın sədri Rüstəm İbrahimbəyovun timsalında bütün ölkənin yaşadığı xəyal qırıqlığını, ümidsizliyi Cəmil Həsənli, İsa Qəmbər və Əli Kərimli üçlüyü, eləcə də Müsavat və AXCP funksionerləri, gənclər təşkilatları bərpa etdilər ...  Ona görə də gələcək birlikləri layihələndirəndə, mütləq onların mərkəzinə AXCP və Müsavatı qoymaq lazımdır. Onlar ikisi bir yerdə olmasa, heç nə olan deyil. Və əslində iksinin bir yerdə olması yetər ki hamı bir yerdə olsun.

- Belə demək olarmı ki, Milli Şura formatı dağılacaq?

- Milli Şura formatı heç vaxt funksionallıq göstərmədi axı. Belə bir struktur, yoxdur. Sadəcə, üzvlər var; hər dəfə fərqli salona yığışıb, dalaşırlar. Bundan sonra da, nə zaman yığışsalar, mütləq dalaşacaqlar. Əksinin olması üçün gərək MŞ yenidən formatlaşdırılsın.

- Müsavat Partiyası qurultay keçirməyə hazırlaşır. Belə fikirlər  var ki, Müsavat başqanı İsa Qəmbər bu qurultayda başqanlıqdan gedəcək. Sizcə bu gediş gələcək proseslərə nə kimi təsir edə  bilər?

- Müsavat Partiyası çətin bir dönəmdən keçməlidir. Mən əminəm ki, partiya bu sınaqdan da çıxa biləcək. Partiyanın özünün potensialı, rəhbərliyinin ağlı, qabiliyyəti eyni zamanda İsa Qəmbərin tarazlayıcı mövqeyi imkan verəcək ki, Müsavat Partiyası növbəti demokratiya eksperimentindən sağ-salamat çıxsın.

- Son günlərdə sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmələrdəki çıxışları gündəmdə oldu.  Həbsə atılmasına görə medianı günahlandırdı. Siz də bu məsələyə münasibət bildirərkən Gülər Əhmədovanın bir an öncə azadlığa qovuşmasını istədiyinizi bildirmisiniz. Bilmək istəyirəm ki, niyə onun azadlığa çıxmasının tərəfdarısınız?

- Bu bir dua, arzudur, həbsdə olan hər kəsə söylənər. Allah hamının qapısını açısın. Gülər xanım isə, qadındır, anadır, azyaşlı uşağı var...

- Çoxlu sayda cinayət işləmiş, həbs  həyatı yaşayan, uşaqları olan qadınlar var. Belə çıxır ki, hamısı azad  olunmalıdır?

- Bəli, mən məhbus qadınların azadlığa çıxmağını istəyirəm. Həbsxana çox pis yerdir. Mən oranı iki dəfə görmüşəm. Heç kişi yeri də deyil, nəinki qadın... Digər tərəfdən, o həyata keçirtdiyi cinayəti tək etməyib ki? Ondan yuxarıda olanlar da var. Onları niyə tutmurlar? Qadının biri öldü, biri də həbsxanadadır, bəs kişilər hardadır?

- Bunlar aydın məsələdir Rauf bəy. Sadəcə bir paradoks yaranır. Elşad Abdullayevin yaydığı videolar üzə çıxanda aparıcı media orqanları, onların rəhbərləri fakta əsasən Gülər Əhmədovanın həbsini istəyərdilər. İndi isə siz onun azadlığa çıxmasının tərəfdarısınız...

- Boynuma qoymayın, tərəfdar deyiləm, duaçıyam. Ona və darda olan hər kəsə, o cümlədən hər kəsdən daha artıq Əvəz Zeynallıya; Gülər Əhmədovanın əli ilə həbs olunan həmkarıma dua edirəm və məhz onun həbsxanadan çıxmasının tərəfdarıyam. Hesab edirəm ki, Gülər Əhmədova kifayət qədər cəzasını çəkib. Mandatını itirdi, həbsxanada yatdı, mənəvi sarsıntı keçirtdi, hər şeyini qeyb etdi... Bu cinayətin bütün yükünü onun iştirakçılarından yalnız birinə -  həm də qadına yükləmək doğru deyil. Bu mənim şəxsi fikrimdir, hüquq nə deyər o ayrı məsələdir. Mənim ürəyimdən keçən ondan ibarətdir ki, 8 yaşında bir uşağı var. Özü xəstədir. Məhkəmə qərarına qədər həbsi ev dustağı ilə əvəz olunsa, hesab edirəm ki, Azərbaycan ictimaiyyəti, başqaları da heç nə itirməz. Həbsdə olanda mənim uşaqlarımın ən böyüyünün 10 yaşı var idi. Ən kiçiyi isə 2 yaşındaydı. Onlar  17 ay nələr çəkdilər, mən bilirəm. Mən nələr çəkdim onlarsız, onu da bir Allah bilir. Yəni oraya düşən adam haldan anlaya bilər.  Hesab edirəm ki, bu istiqamətdə fikir deməyi haqq edirəm.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.