Leyla Əliyeva ÜNS Yaradıcılıq Səhnəsində "Beşikdən əbədiyyətə qədər" filminə baxıb
  • Noyabrın 12-də ÜNS Yaradıcılıq Səhnəsində dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş "Beşikdən əbədiyyətə qədər" filminin premyerası olmuşdur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva filmə baxmışlar.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olmuşlar.

Filmin nümayişindən əvvəl M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Müslüm Maqomayevin xanımı, SSRİ Xalq Artisti Tamara Sinyavskayanı və Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçi və tədbir iştirakçılarını salamlamışdır.

Professor Nərgiz Paşayeva demişdir ki, Müslüm Maqomayevin adı təkcə Azərbaycanın deyil, Rusiyanın, ümumiyyətlə, bəşəriyyətin tarixinə əbədi daxil olmuşdur: "O, əsl ulduzlar kimi uzun ömür yaşamamış, bir dəfə səmadan bizim üçün yerə enmiş və sonra yenidən ora dönmüşdür. Biz həmişə onu böyük insan, sədaqətli dost, əsl ustad, vətənpərvər, daxilən və zahirən gözəl şəxsiyyət kimi xatırlayacağıq. İnsanları bir-birindən ayıran zaman və məkan Müslüm Maqomayevin xatirəsi qarşısında gücsüzdür".

Gənc rejissor Mehdi Məmmədovun çəkdiyi filmi yüksək qiymətləndirən professor Nərgiz Paşayeva qeyd etmişdir ki, biz Müslüm Maqomayevin səsini və ifasını eşitməyə adət etmişik: "Bu filmdə isə həm də onun qəlbinin səsini eşidəcəyik. Filmin mətni Müslüm Maqomayevin memuarları əsasında yazılmışdır".

Rektor Nərgiz Paşayeva diqqətə çatdırmışdır ki, M.Maqomayevin "Mavi əbədiyyət" mahnısını təkcə dəniz haqqında nəğmə adlandırmaq sadəlövhlük olardı: "Mənə elə gəlir ki, bu mahnı həyatın özüdür, Müslüm Maqomayevin dərk edilməsidir. Biz böyük ustadın, təmiz qəlbli və vicdanlı insanın xatirəsi qarşısında baş əyirik".

Sonra "Beşikdən əbədiyyətə qədər" filmi nümayiş etdirilmişdir.

SSRİ Xalq Artisti Tamara Sinyavskaya filmin ərsəyə gəlməsində bütün əməyi olanlara dərin təşəkkürünü bildirmişdir. Diqqətə çatdırmışdır ki, Müslüm Maqomayevi yaxından görməmiş filmin rejissoru onun ərsəyə gəlməsində böyük zəhmət çəkmiş və nəticədə uğurlu bir əsər yaratmışdır. Sənətkarın xanımı onu da qeyd etmişdir ki, filmdə onların gənclik dövrünü əks etdirən kadrlar mənə xoş təsir bağışlamışdır. T.Sinyavskaya demişdir ki, Azərbaycan mənim üçün doğma və əziz ölkədir.

Sonda bəstəkar-müğənni Emin Ağalarov Müslüm Maqomayevin "Mavi əbədiyyət" mahnısını ifa etmişdir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.