Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan bu gün dünya çapında önəmli bir amildir (FOTO)
  • Türkiyə-Azərbaycan birliyi, eyni zamanda, türkdilli dövlətlərin birliyini də şərtləndirir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülün və xanımı Hayrünnisə Gülün adından onun və xanımı Mehriban Əliyevanın şərəfinə verilmiş rəsmi naharda çıxışı zamanı deyib:

"İlk növbədə, mənə və nümayəndə heyətinə qardaş Türkiyədə göstərilən qonaqpərvərliyə görə bir daha sizin hamınıza dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu gün mənim həyatımda tarixi bir gündür. Bu gün mən qardaş ölkənin ən ali mükafatı olan "Dövlət nişan"ı ilə təltif olunmuşam. Bu, mənim üçün böyük şərəfdir, böyük xoşbəxtlikdir. Elə başa düşürəm ki, bu təltif gördüyüm işlərə verilən qiymətin təzahürüdür.

Mən Prezident kimi çalışmışam ki, Türkiyə-Azərbaycan əlaqələri daim inkişaf etsin, bütün sahələri əhatə etsin. Çox xoşbəxtəm ki, mənim Türkiyədə Prezident və Baş nazir kimi qardaşlarım vardır. Bizim dostluğumuz, qardaşlığımız sarsılmazdır. Əldə edilmiş bütün uğurların təməlində məhz bu duyğular, bu amillər dayanır".

Dövlət başçısı qeyd edib ki, Türkiyə və Azərbaycan xalqları əsrlər boyu bir yerdə olmuşlar, yaşamışlar, yaratmışlar. Sonra tarix belə buyurdu ki, biz bir-birimizdən ayrı düşdük. Yetmiş il ərzində Azərbaycan Sovet İttifaqının tərkibində yaşayırdı. Əlaqəmiz yox idi, heç bir ünsiyyətimiz də yox idi. Ancaq xalqlarımızın qəlbində yaşayan, bir-birimizə olan sevgi, məhəbbət, qarşılıqlı hörmət bizi bir-birimizdən ayıra bilməmişdir. Təsadüfi deyil ki, Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra dərhal Türkiyə-Azərbaycan əlaqələri quruldu. Türkiyə bizim müstəqilliyimizi tanıyan ilk ölkə olmuşdur və demək olar ki, müstəqilliyimizin ilk illərindən Türkiyə-Azərbaycan əlaqələri xüsusi xarakter daşımağa başlamışdır:

"Bu gün mən tam əminəm ki, dünyada ikinci belə ölkələr yoxdur ki, bir-biri ilə bu qədər sıx bağlı olsunlar. Bu bağlılıq tarixdən gələn ismarıcdır. Bu bağlılıq ortaq mədəniyyət, ortaq tarix, etnik köklər üzərində qurulub. Biz isə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndiririk. Bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir və Türkiyənin uğurla inkişafına ürəkdən sevinir. Mən Türkiyədə dəfələrlə olmuşam. Bu, Prezident kimi mənim 16-cı səfərimdir. Ancaq Ankarada sonuncu dəfə 5 il bundan öncə olmuşam. Səmimi qəlbdən Sizi Ankarada görülən işlərlə bağlı təbrik etmək istəyirəm. Ankara müasir gözəl şəhərə çevrilmişdir, gözəl binalar tikilmişdir. Ankara böyük sənaye mərkəzinə çevrilmişdir. Ankarada gedən işlər Türkiyədə gedən işlərin təzahürüdür. Bizi sevindirən odur ki, bu gün Türkiyə dünya çapında güc mərkəzidir, cəlbedici güc mərkəzidir. Türkiyə öz siyasəti, diplomatiyası ilə dünyada çoxlu dostlar qazanmışdır. Bu, o qədər də asan məsələ deyildir. Türkiyə məhz xoş niyyəti ilə, düşünülmüş siyasətlə, qarşılıqlı anlaşma ilə böyük hörmət qazana bilmişdir".

İlham Əliyev bildirib ki, bu gün dünya miqyasında Türkiyənin çox böyük nüfuzu, hörməti vardır. Hətta böhranlı illərdə Türkiyə iqtisadiyyatı inkişaf etmişdir. Dünyada hökm sürən maliyyə və iqtisadi böhran Türkiyəyə heç bir təsir etməmişdir. Çünki Türkiyə Hökumətinin düşünülmüş, müdrik siyasəti vardır. Bu siyasət nəticəsində bu gün Türkiyə dünya birliyinin aparıcı ölkələrindən biridir, "Böyük iyirmiliyin" üzvüdür. Türkiyə iqtisadiyyatı getdikcə artır, əhalisi artır və artacaqdır:

"Türkiyənin gücü bizim gücümüzdür. Biz bir-birimizi daim dəstəkləmişik, dəstəkləyirik. Bizim gücümüz bizim birliyimizdədir. Bu gün əziz qardaşım Prezident Abdullah Gülün dediyi kimi, Türkiyə-Azərbaycan birliyi, eyni zamanda, türkdilli dövlətlərin birliyini də şərtləndirir. Mən çox şadam ki, biz artıq türkdilli dövlətlər formatı çərçivəsində çox önəmli qərarlar qəbul edirik. O qərarlar ki, bizim xalqlarımızı gələcəkdə daha da birləşdirəcəkdir. Əlbəttə, bizi birləşdirən tarix və siyasi maraqlar çox güclü amillərdir. Eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu, enerji, nəqliyyat layihələrimiz, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və "Marmaray" layihəsinin başa çatması tarixi hadisələrdir. Fürsət düşmüşkən, "Marmaray" layihəsinin icrası münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm.

Biz beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik. Biz regional müstəvidə bir-birimizin yanındayıq. Türkiyə və Azərbaycan bu gün dünya çapında önəmli bir amildir. Bizim gücümüz ancaq və ancaq artacaqdır. Çünki ölkələrimizin potensialı kifayət qədər güclüdür, biz səylərimizi birləşdiririk. XXI əsr türk dünyası əsri olacaqdır. Bunda heç bir şübhə yoxdur. Sadəcə olaraq, biz öz strateji addımlarımızı düzgün planlaşdırmalıyıq, hədəflərimizə doğru inamla addımlamalıyıq. Elə etməliyik ki, Türkiyə-Azərbaycan birliyi daim inkişaf etsin. Bizim dostluğumuz sarsılmazdır, əbədidir. Bizi bu gün böyük layihələr, siyasi maraqlar, ortaq hədəflər birləşdirir. Ancaq bütün bu amillərin təməlində xalqlarımızın bir-birinə olan məhəbbətidir, hörmətdir, biri-birimizə olan bağlılıqdır".

Prezident bildirib ki, Türkiyə-Azərbaycan birliyi XXI əsrdə bizim coğrafiyamızda bir çox məsələləri həll edəcəkdir. Bu birliyi möhkəmləndirmək üçün biz hamımız çalışmalıyıq, çalışırıq. Bu gün apardığımız danışıqlar və sabah aparılacaq danışıqlar birliyimizi daha da möhkəmləndirəcəkdir:

"Bir daha mənə göstərilən qonaqpərvərliyə və hörmətə görə sizə minnətdaram. Sizi əmin etmək istəyirəm ki, mən bu şərəfli adı ləyaqətlə daşıyacağam. Öz fəaliyyətimdə bundan sonra da Türkiyə-Azərbaycan birliyinin möhkəmləndirilməsi üçün öz səylərimi əsirgəməyəcəyəm. Yaşasın Türkiyə! Yaşasın Azərbaycan!"

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.