“Əsgərlərimizi öz vəsaitim hesabına hərbi texnika ilə təmin edən kişilərdən biri olmuşam”
  • "Onsuz da bu cür böhtanlar mənə yapışmaz. Mənə qarşı bu cür addımlar, təzyiqlər çox olub. Heç nə məni yolumdan döndərə bilməz. Oğlumu da qətlə yetiriblər, həyatıma isə 3 dəfə sui-qəsd edərək 29 güllə vurublar, lakin mən bu gün də Aslan Aslanov olaraq qalıram”.

Bu günlərdə kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad olunan Aslan Aslanov son günlər mətbuatda barəsində yayılan informasiyalara münasibət bildirib.

O, “Qafqazinfo”ya açıqlamasında mediada yazılan məlumatları təkzib edib:

“Mən uzun illərdir Azərbaycan dövlətinə xidmət edirəm. 90-cı illərdən- ulu öndərin vaxtından bu günə qədər dövlətimizin və vətənimizin qarşısında xidmətlərim olub. Etdiyim xidmətlər barəsində heç vaxt danışmamışam. İndi məni bu barədə danışmağa məcbur edirlər. Mən Azərbaycan –Ermənistan münaqişəsində əsgərlərimizi öz vəsaitim hesabına hərbi texnika ilə təmin edən kişilərdən biri olmuşam. Onlarla zirehli texnikanı alıb əsgərlərə vermişəm. Şəhid olan 22  əsgərin qəbirüstü abidəsini öz vəsaitim hesabına götüzdürmüşəm. Bu xidmətlərimi də Heydər Əliyev yüksək qiymətləndirərək 35 yaşında mənə birbaşa polkovnik rütbəsi verib. Bundan başqa mən Gürcüstanda M.F.Axundov, N.Nərimanov, C.Məmmədquluzadənin yaşadığı evləri öz vəsaitimlə alaraq ev muzeyinə çevirmişəm. Gürcüstanda Azərbaycanın mövqeyi üçün çox şeyi qurban vermişəm. Gürcüstanın eks-prezidenti Eduard Şevarnadzenin prezidentlik dövründə Azərbaycan Xalq Cümhuriyətinin qurucuları üçün park salmışam və heç birinə görə təmənna ummamışam. Ölkə rəhbərliyinin mənə qarşı həmişə yüksək diqqəti olub. Məsləhət olub vəzifəmdən azad olunmuşam. Bu isə cəmi bir neçə gündür baş verib. Hazırda evimdə oturub istirahət edirəm. Mən həm də YAP-ın Siyasi Şurasının üzvüyəm. Yaxın günlərdə ölkə rəhbərliyi hansı vəzifəni mənə tapşıracaqsa, o işin qulpundan yapışıb dövlətimə xidmət edəcəyəm”.

Aslan Aslanov həmçinin yaxın qohumunun cəzalandırılaraq Murova göndərilməsi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

“Doğrudur, mən Səfər Əbiyevlə kirvəyəm. Lakin mənim hərbi sistemdə cəmi bir əmim oğlu işləyir. O da Nizami rayon Hərbi Komissarının müavini olan Azər Aslanovdu. Onun vəzifəyə gəlməsiylə bağlı S.Əbiyevdən heç bir xahiş etməmişəm. Gördüyünüz kimi, Gürcüstana qaçmağa da cəhd etməmişəm. İndi sizinlə danışıramsa, deməli, həbs xəbərim də yalandı. Mən öz dövlətimə o cür xidmət etməmişəm ki, bir gün onu qoyub qaçmaq məcburiyyətində qalım. Bütün mediadan xahişim odur ki, nə yazırlar yazsınlar, məni ləkələməyə cəhd etməsinlər.  Onsuz da bu cür böhtanlar mənə yapışmaz. Mənə qarşı bu cür addımlar, təzyiqlər çox olub. Heç nə məni yolumdan döndərə bilməz. Oğlumu da qətlə yetiriblər, həyatıma isə 3 dəfə sui-qəsd edərək 29 güllə vurublar, lakin mən bu gün də Aslan Aslanov olaraq qalıram”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.