Müsavat və AXCP Rüstəm İbrahimbəyovun istefa qərarına münasibətlərini açıqlayıb
  • Arif Hacılı: “Rüstəm İbrahimbəyovun Milli Şuranın sədrliyindən istefa qərarında məhz reallıqlar həlledici rol oynadı”

“Müsavat Partiyasının mövqeyi reallıqları əks etdirirdi, Rüstəm İbrahimbəyovun Milli Şuranın sədrliyindən istefa  qərarında məhz reallıqlar həlledici rol oynadı”.

Bunu APA-ya açıqlamasında Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri postundan istefası barədə qərarına münasibət bildirən Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı söyləyib.

A. Hacılı bildirib ki, Rüstəm İbrahimbəyov öz fəaliyyət imkanlarını, Azərbaycandakı ictimai-siyasi durumu dəyərləndirərək belə bir qərar qəbul edib. Bu qərara hörmətlə yanaşdığını deyən A. Hacılının sözlərinə görə, bəziləri hesab edirlər ki, Milli Şuranın fəaliyyətinin yaxşılaşması yalnız sədrin kim olmasından, həmsədrlik institutunun olub-olmamasından asılıdır: “Əslində, biz Müsavat Partiyası olaraq hesab edirik ki, Milli Şuranın fəaliyyətinin səmərəliliyini artırmaq, gücləndirmək üçün qurumun yarandığı dövrdə olduğu kimi, yenə də müəyyən müzakirələr aparılmalıdır. Prezident seçkilərindən sonra yaranmış ictimai-siyasi vəziyyətə uyğun hədəflər müəyyənləşdirilməli, bu hədəflər uğrunda mübarizə aparmağa hazır olan qüvvələrin birliyi kimi Milli Şura yeni keyfiyyətdə öz fəaliyyətini davam etdirməlidir. Bütün bu məsələlər ətrafında razılıqlar əldə olunduqdan sonra hesab edirəm ki, Milli Şuranın sədri, müxtəlif strukturlara rəhbərlik edən şəxslərin kimliyi barədə də müzakirələr aparmaq olar. Hesab edirəm ki, bu məsələlər ikinci dərəcəlidir. Əsas məsələ yeni hədəflərin müəyyənləşdirilməsi və bu hədəflər uğrunda fəaliyyətin qurulmasıdır”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da APA-ya deyib ki, AXCP Rüstəm İbrahimbəyovun qərarına hörmətlə yanaşır: “Görünür, Rüstəm İbrahimbəyov məhz Milli Şuranın maraqlarını əsas götürərək bu addımı atıb. Çünki onun quruma sədrliyi ilə bağlı diskussiyalar başlamışdı. Diskussiyaların gərginliyə yol açmaması üçün belə bir addım atıb. Ümid edirəm ki, Rüstəm İbrahimbəyov bundan sonra Milli Şuranın üzvü, bir ziyalı kimi qurumun fəaliyyətində fəal iştirak edəcək. Bu, Rüstəm İbrahimbəyovun Milli Şuradan deyil, sadəcə, sədrlikdən kənarlaşmasıdır”.

Müsavat və AXCP R. İbrahimbəyovun sədrliyə namizədliyini irəli sürdüyü Cəmil Həsənli ilə bağlı mövqeləri də açıqlanıb. A. Hacılı Rüstəm İbrahimbəyovun bu təklifinin Müsavat Partiyasında müzakirə olunacağını bildirib.  Fuad Qəhrəmanlı isə AXCP-nin Cəmil Həsənlinin Milli Şuraya sədr seçilməsi ilə bağlı mövqeyinin birmənalı olduğunu vurğulayıb: “Cəmil Həsənlini Milli Şuranın sədrliyinə ən real və uyğun namizəd hesab edirik”.

Qeyd edək ki, dünən Rüstəm İbrahimbəyov Milli Şuranın sədrliyindən istefa verməsi ilə bağlı Milli Şuraya məktub göndərdiyini açıqlayıb. O qeyd edib ki, obyektiv səbəblərdən Bakıda ola bilmədiyim üçün sədrlikdən getməyi və bu vəzifəni Cəmil Həsənlinin üzərinə götürməsi yaxşı olar. Rüstəm İbrahimbəyov artıq bununla bağlı artıq Cəmil Həsənli ilə danışdığını və razılaşdığını da bəyan edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.