Millət vəkili Rəsulzadəni alçaltdı
  • “Məhəmməd Əmin Rəsulzadənin həyatında çox ciddi problemlər və ziddiyyətlər olub”.

Mən bir ümummilli lider tanıyıram, o da Heydər Əliyevdir. Onun tarixi nailiyyətlərini başqalarından daha üstün hesab etmək olar. Məhəmməd Əmin Rəsulzadə tarixi hadisədir və hər bir tarixi şəxsiyyətə də öz tarixi mövqeyinə görə qiymət vermək lazımdır. Kiminləsə qarşı-qarşıya qoymaq olmaz.

Bunu virtualaz.org saytına Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov deyib.

YAP üzvü olan deputat bildirib ki, M.Ə.Rəsulzadənin tərcümeyi-halını, yaradıcılığını istənilən müxalifət liderindən yaxşı bilir:

“Mən onun tərcümeyi-halını kifayət qədər diqqətlə öyrənmişəm. Yalnız onu yox, onun dövrünü, mühitini, o zaman yaranan ideoloji ədəbiyyatı və ümumiyyətlə, tarixşünaslığı və ədəbiyyatı çox dəqiq öyrənmişəm”.

M.Ə.Rəsulzadənin millətin tarixi ilə bağlı ciddi səhvlərinin olduğunu deyən N.Cəfərov qeyd etdi ki, bu səhvlərdən biri Rəsulzadənin özünün “Əsrimizin Siyavuşu” əsərində açıq mətnlə dediyi “Azərbaycan xalqı bir fars ata ilə bir türk ananın övladıdır” fikridir:

“Yəni Siyavuşun atası fars, anası isə türk idi. Bu baxış olduqca qeyri-ciddi və yanlış bir baxışdır. Mən xatırlatmaq istəmirəm, amma tədqiqatçılar yaxşı bilirlər ki, Rəsulzadənin həyatında çox ciddi problemlər, düzgün qərar çıxarmamaq məqamları və ziddiyyətlər olub. Burada söhbət ondan gedir ki, kimisə ideallaşdırarkən diqqətlə baxmaq lazımdır. Çünki bunun arxasınca onun ideyaları gəlir. Kimisə ideallaşdırırsansa, onun ideyalarına sözsüz və şübhəsiz əməl etməlisən, bu isə mümkün deyil”.

Nizami Cəfərov M.Ə.Rəsulzadənin nəşinin Azərbaycana gətirilməsinə münasibət bildirərkən bunun əleyhinə olduğunu dedi:

“Nəinki Rəsulzadənin, həmçinin Topçubaşovun, Məhəmməd Füzulinin, Nəsiminin və o dövrün lideri olmuş şəxslərin nəşinin Azərbaycana gətirilməsinin əleyhinəyəm. Çünki bu, onların tərcümeyi-halıdır. Məsələn, Bakıxanov Məkkəyə ziyarəti zamanı öz vəsiyyəti ilə orada dəfn olunub. Onun məzarını necə gətirə bilərsən?! Nəriman Nərimanovun məzarını Moskvadan niyə gətirməlisən? Ancaq Hüseyn Cavid başqa. Çünki o, sürgündə, həbsdə ölüb. Bunu indi də müzakirə edə bilərəm ki, əgər onun vəfat etdiyi yerdə Naxçıvandakı kimi dəfn olunmasına şərait yaratmaq mümkün olsaydı, onun da məzarını Azərbaycana gətirməyə ehtiyac olmazdı”.

N.Cəfərov əlavə etdi ki, Rəsulzadə dəfn olunduğu yerdə yaşayıb, bir dəfə də ailə həyatı qurub və Avropa ölkələrində olub:

“Türkiyə bizim üçün Sibirin səhraları deyil ki, onun məzarının Azərbaycana gətirlilməsini istəyək. Bu məsələlərə belə baxmaq lazımdır ki, bütün dünya birləşib, qloballaşıb. Əgər bizim hər hansı birimizi tale aparıb harasa çıxarıbsa və biz orada normal şəkildə dəfn olunmuşuqsa, yenidən məzarını bura gətirilməsinə ehtiyac yoxdur”.

Amma YAP-çı deputat Rəsulzadənin məzarının nəzarətdə saxlanılmasını mütləq hesab edir:

“Xalqımızın övladının harada məzarı varsa, ora mütləq nəzarətə götürülməlidir. Bu, artıq dövlətimizin iradəli siyasəti halına gəlib. Bizim hər yerdə səfirliklərimiz var və nəzarət olunur. Bu nəzarət şübhəsiz olmalıdır və olur”.

(virtualaz.org)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.