Ebru Gündəşin əri Rza Zərrab kimdir?
  • Bu gün Türkiyədə üç nazir oğlu, onlarla iş adamı və yüksək vəzifəli məmurla birlikdə həbs olunmuş azərbaycanlı milyarder, müğənni Ebru Gündəşin əri Rza Zərrab kimdir?

Türkiyə qaynaqlarında bu iş adamı ilə bağlı yer alan bioqrafiyanı təqdim edirik:

Ebru Gündəşlə evlənəndən sonra bütün Türkiyədə tanınan və məşhurlaşan Rza Zərrab azərbaycanlı ailənin övladıdır. 1984-cü ildə Bakıda anadan olub. Zəngin ailənin övladı olduğu üçün kiçik yaşlarından etibarən ticarəti mənsimsəyib və öyrəndiyi qabiliyyətlərlə ailəsinin sərvətinə sərvət qatıb.

Rza Zərrab daha çox qızıl alverində püxtələşib. O, neft nəqli biznesi, daş-qaş alveri kimi gəlirli sahələrə girib və qısa zamanda milyarderə çevrilib. Rza Zərrabın sürətlə varlanmasının sirlərindən biri də onun qızıl bazarını çox yaxşı bilməsi və bütün yatırımlarını qızılla etməsi ilə bağlıdır.

Bəzi məlumatlara görə, Rza Zərrabın atası hələ də Bakıda yaşayır və Azərbaycanda bizneslə məşğuldur. Lakin mətbuatla heç vaxt təmasda olmur.

Qeyd edək ki, Rza Zərrabın ailəsinin əslən İrandan olduğu məlumdur. Məlumatlara görə, Rza Zərrab və atası “Azersun Holdinq”lə neft nəqli biznesində ortaqdır, eyni zamanda Azərbaycan bazarına müxtəlif ərzaq mallarının idxalına da nəzarət edir...

Bunlar türk mətbuatının təqdim etdiyi informasiyalardır. Özəl mənbələrdən aldığımız digər məlumatları da bura əlavə edirik.

Əslən Cənubi Azərbaycandan olan Zərrablar ailəsi Təbrizin köklü zərgərlərindəndir. Təbrizin qədim Əmrəxız məhəlləsindən olan Zərrablar, konkret olaraq Rza Zərrabın atası və böyük əmiləri hələ 60-cı illərdə, İran şahının elan etdiyi "ağ inqilab" dövründə Avropaya sıx-sıx gedib-gələn iri qızıl və əntiq mallar tacirləri sayılıblar.

Hələ 1979-cu il İslam İnqilabından əvvəl onlar nəinki Təbrizin, ümumən bütün İranın ən nüfuzlu daş-qaş alverçiləri kimi ad qazanıblar. Təkcə Təbrizdə yox, Tehranda və İstanbulda da böyük biznes quran Zərrablar ailəsi İslam inqilabından sonra İranı tərk ediblər. Əsasən Türkiyədə məskunlaşan və Avropada (əsasən Londonda) da biznes quran ailə 90-cı illərin ortalarında İranla əlaqələrini qaydaya salıb.

Rza Zərrab ailənin sonbeşiyidir, özündən böyük bir neçə qardaşı var. Onun müğənni Ebru Gündəşlə ailə qurmaq qərarı ailəsində ciddi etirazla qarşılanıb. Buna baxmayaraq o, bu qərarından geri çəkilməyib. Bundan sonra o, Zərrablar ailəsinin biznes imperiyasından kənarlaşdırılıb və hər şeyi sıfırdan başlamağa məcbur qalıb. Amma sonradan yenidən ailənin biznesinin idarəçiliyinə qayıdıb. Çünki ailənin başçısı məhz onu ən yaxşı menecer sayır...

(Virtualaz.org)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.