Qanunsuz ov edilməsinə qarşı reydlər keçirilib
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə iştirakı ilə Sabirabad, Saatlı və İmişli rayonlarında reydlər keçirilib.

ETSN-nin məsul işçisi Oqtay Rüstəmovun verdiyi məlumata görə, reydlər “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsinə və qanunsuz yolla əldə edilmiş ov məhsullarının yol kənarında satılması hallarına qarşı nəzarətin gücləndirilməsi məqsədini daşıyır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə keçirdikləri reydlər zamanı Sabirabad rayonu ərazisində magistral yolun kənarında qanunsuz balıq satışı ilə məşğul olan şəxs saxlanılıb.

Həmin şəxsin 30 ədəd balığı müsadirə edilib və onun haqqında akt tərtib olunub.

“Sarısu” ovçuluq təsərrüfatının Saatlı rayonuna düşən hissəsində 1 nəfər saxlanılıb və ondan 2 ədəd ov tüfəngi, 30 ədəd dolu patron götürülüb. Həmin şəxs haqqında protokol yazılıb.

“Sarısu” ovçuluq təsərrüfatının Şərbət qobu deyilən ərazisində isə keçirilən reyd zamanı qeyri-qanuni ov etdikləri üçün 2 nəfər saxlanılıb. Həmin şəxslərin qanunsuz ov, eləcə də elektrik cərəyanı vasitəsi ilə balıq ovladıqları məlum olub.

Onlardan 1 ədəd ov tüfəngi, 42 ədəd balıq və 5 ədəd quş götürülərək akt və protokollar tərtib olunub.

Bəhrəmtəpə-Horadiz magistral yolunun sağ kənarında İmişli-Beyləqan rayonu ilə həmsərhəd olan ərazidə 2 nəfərin qanunsuz dovşan satdığı aşkar olunub. Reyd keçirildiyini bilən həmin şəxslər dovşanları yolda qoyaraq qaçıblar.

Sahibsiz qalan dovşanlar reyd iştirakçıları tərəfindən götürülüb, aktlaşdırılıb.

Qeyd edək ki, respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə bundan sonra da reydlər mütəmadi olaraq davam etdiriləcək.

(Gün.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.