Ramil Usubov radikal dini təriqətlərlə bağlı tapşırıq verdi
  • "Radikal dini təriqətlərin və ekstremizmin qarşısının vaxtında və qətiyyətlə alınması istiqamətində məqsədyönlü iş aparılmalıdır"

Daxili işlər naziri Ramil Usubov radikal dini təriqətlərlə bağlı tapşırıq verib. Yanvarın 28-də DİN-də 2013-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib ki, cənab Prezidentin müəyyən etdiyi məqsədlərə nail olmaq, həmçinin müasir dövrün çağırış və təhdidləri baxımından cari ildə qarşımızda çox məsul vəzifələr durur. İlk növbədə, cinayətlərin qarşısının alınması, açılması, ölkədə sabitliyin, vətəndaşların əmin-amanlığının, qanuni mənafelərinin etibarlı qorunması, orqan və hissələrdə qanunçuluğun və daxili təhlükəsizliyin möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır:

"Eyni zamanda, transmilli mütəşəkkil cinayətkar qruplaşmaların ölkəmizin ərazisindən istifadə etmələrinin, radikal dini təriqətlərin və ekstremizmin qarşısının vaxtında və qətiyyətlə alınması, bu işə cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən nüfuzlu şəxslərin, tanınmış elm və din xadimlərinin cəlb olunması, qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır".

Nazir qeyd edib ki, vətəndaşların ərizə və şikayətlərinə baxılmasına böyük həssaslıqla yanaşılmalı, daxil olan müraciətlər ətraflı və obyektiv yoxlanılmalı, onların pozulmuş hüquqlarının bərpası tam təmin edilməlidir.

Nazir, general-polkovnik Ramil Usubov prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, şəxsi heyət bütün qüvvəsini ölkədə cinayətkarlıqla mübarizəyə, hüquq qaydasının etibarlı təmin edilməsinə, bütövlükdə ictimai asayişin yüksək səviyyədə qorunmasına səfərbər edəcək.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.