Əbiyevin Iran səfəri dünya mediasında
  • «The Washington Post», «Associated Press», «FOX News» və «AFP» kimi media qurumları tərəflər arasındakı müzakirələrə xüsusi önəm verib

 

Müdafiə naziri Səfər Əbiyevin Irana səfəri dünyanın aparıcı media qurumlarının gündəmindəki xəbərlərdən biri olub. “Associated Press”, “AFP” xəbər agentlikləri Səfər Əbiyevin iranlı həmkarı Əhməd Vahidi ilə görüşü və görüşdən sonra rəsmilərin açıqlamalarına yer ayırıb. Xəbərlərdə deyilir ki, Bakı ilə Tehran arasında əlaqələrin gərginləşməsi fonunda rəsmilər sərt bəyanatların əhəmiyyətini azaldan açıqlamalarla çıxış edib.

Səfər Əbiyev Tehrana səfəri zamanı “dost və qardaş” Irana qarşı Azərbaycan ərazisindən istifadəyə yol verilməyəcəyini bildirib: “Bəzi beynəlxalq təşkilatlar və ölkələrlə əməkdaşlıq digər ölkənin əleyhinə yönəlmir. Bu mənada da heç bir ölkə Azərbaycanı Irana qarşı çevirə bilməz və bizim ərazimizdən Irana qarşı istifadə edə bilməz. Bu, Azərbaycanın birmənalı mövqeyidir”.

“The Washington” qəzetinin səfərlə bağlı xəbərində Iran prezidenti Mahmud Əhmədinejadın Tehranla Bakı arasında münasibətlərin zərər görməyəcəyinə dair əminliyi də vurğulanıb:"Biz qardaş və qonşu Azərbaycandan problem yaranmayacağına əminik".
“Bəyanatlar Azərbaycanın Israildən silah alması barədə xəbərlər ardınca səslənən sərt açıqlamalar ardınca verilib.

Səfər Əbiyevlə görüşdən sonra Iranın müdafiə naziri Əhməd Vəhidi Azərbaycan-Israil hərbi əməkdaşlığını şərh edib: “Biz bu mövzunu Azərbaycanlı dostlarımızla müzakirə etdik və onlar bizə olayların mətbuatda göstərildiyi kimi olmadığını izah etdilər. Israildən 1,6 milyard dollarlıq silah sisteminin alınması ilə bağlı Azərbaycan-Israil sazişi Iranda tənqid olunub. Bakı silahların ”işğal edilmiş ərazilərini azad etmək üçün alındığını” bildirib”, - deyə qəzetin məlumatında vurğulanır.

Əlavə edək ki, “Associated Press”in səfərlə bağlı məlumatı ABŞ-ın “FOX News” kanalında da yayımlanıb.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.