Azərbaycan prezidenti Uelsdə NATO-nun sammitində iştirak edir
  • Azərbaycan prezidenti İlham Əliyev Uelsin Nyuport şəhərində keçirilən NATO sammitində iştirak edir.

Tədbirdə Alyansa üzv olan və İSAF proqramında iştirak edən tərəfdaş ölkələrdən, BMT və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edirlər.

Həmçinin BMT və Avropa İttifaqının ali nümayəndələri də sammitə qatılıblar.

NATO baş katibi Anders Foq Rasmussen və Böyük Britaniyanın baş naziri Devid Kemeron Azərbaycan prezidentini və digər dövlət başçılarını salamlayıblar. Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Sammitin gündəliyinə Ukrayna hadisələri, Əfqanıstanın gələcəyi, yeni təhdidlərə qarşı mübarizə, silahlı qüvvələrə dəstəyin artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, İraq və Suriya böhranı ilə bağlı məsələlər daxildir.

Sammitdə çıxış edən D. Kemeron tədbirin Uelsdə keçirilməsindən məmnun olduğunu bildirib. “NATO bizim gələcəyimiz üçün çox vacib alyansdır” deyən D. Kemeron İSAF proqramında iştirak etməklə, Əfqanıstanda təhlükəsizliyə töhfə verən ölkələrə təşəkkür edib. O qeyd edib ki, NATO Əfqanıstandakı missiyasını uğurla başa vurur və bu ölkədə ordunun yaradılması ilə bağlı əldə olunan nəticələrdən qürur hissi keçirir.

Sammit öz işini sentyabrın 5-də davam etdirəcək. Burada Avstraliya, Gürcüstan, İordaniya, Finlandiya və İsveç ilə əməkdaşlığın növbəti mərhələsi barədə müzakirələr nəzərdə tutulub.

(APA)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.