Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər
  • Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salber Avropa Parlamentinin xarici işlər komitəsinin toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb.

O, Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupu arasında konstruktiv dialoqun saxlanmasını prioritet olduğunu deyib: “Avropa İttifaqının məsələ ilə bağlı mövqeyi dəyişmir. Biz ATƏT-in münaqişəyə həll tapma cəhdlərini dəstəkləyirik. Həmçinin, tərəflər arasında keçirilən zirvə görüşlərini təqdirlə qarşılayırıq. Bununla yanaşı, Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ icmalarının bir araya gəlməsi və qarşılıqlı inamın yaradılması vacibdir. Bu iş çox çətindir və hər iki tərəf bu cür layihələrdən imtina edir. Buna səbəb təmas xəttində davamlı olaraq itkilərin qeydə alınmasıdır."

Onun sözlərinə görə, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, fəal münaqişədir və istənilən zaman genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər: “Son dəfə Azərbaycanda olarkən mən məcburi köçkünlərin yaşadıqları düşərgələri ziyarət etdim və Azərbaycan hökumətinin onlar üçün yaratdığı şəraiti gördüm, ancaq buna baxmayaraq, bəzi məcburi köçkünlərin yaşayış şərtlərini təsvir etmək belə çətindir.”

O, Fransa prezidenti Fransua Ollandın dəvəti ilə Parisdə keçirilən görüş barədə də danışıb: "Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən sonra ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorliklə müzakirəsində C.Uorlik mənə “irəliləyişlərin olmasını və gələcəyə nikbin baxdığını” bildirib. Buna baxmayaraq, hər kəs başa düşür ki, yekunda, Rusiya rəhbərliyinin razılığı olmadan və Moskva öz “xeyir-duasını” verməyincə, münaqişənin həlli çətin mümkün olacaq."

Xüsusi nümayəndə komitə üzvlərinin diqqətinə çatdırıb ki, Azərbaycan və Ermənistan hökumətlərinə Dağlıq Qarabağ və digər rayonlara səyahət etmək icazəsi üçün rəsmi müraciət edib: "Mən oradakı vəziyyəti gözlərimlə görmək istəyirəm. Hələlik icazə verilməsə də bu məsələdən əl çəkməyəcəyəm."

H.Salber xüsusi olaraq Ukrayna böhranının regiondakı ölkələrə təsirini vurğulayıb. O deyib ki, Azərbaycan hökuməti və ictimaiyyəti Ukrayna hadisələrindən sonra, Aİ-nin ərazi bütövlüyü prinsipinə verdiyi qiyməti xüsusi həssaslıqla qarşılayır. Gürcüstanda isə Ukrayna hadisələrini 2008-ci ildə Gürcüstanın özündə baş verən müharibənin təkrarı kimi və günahkar tərəfin təsdiqi kimi görürlər.

Xatırladaq ki, H.Salber Aİ-nin xüsusi nümayəndəsi kimi son iki ayda Cenevrə beynəlxalq danışıqlarında həmsədr rolunu oynayıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.