İlham Əliyevin ötən ili - Bir il ərzində 23 səfər və 78 obyekt açılışı
  • Ölkənin rəsmi “Azərbaycan” qəzeti prezident İlham Əliyevin 2014-cü il ölkədaxili səfərlərinə həsr olunan statistik məqalə dərc edib.

Həmin məqaləni təqdim edir:

Prezident İlham Əliyevin 2014-cü ildəki fəaliyyətində də regionların sosial-iqtisadi inkişafı prioritet sahə oldu

2014-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilməlidir. Hesab edirəm ki, əvvəlki illərdə qəbul edilmiş qərarlar və 2014-cü ildə görüləcək işlər imkan verəcək ki, biz cari ili də uğurla başa vuraq”.

Bu fikirləri Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev söyləmişdir. İndi budur, dövlət başçısının dediyi kimi, ölkəmiz artıq 2014-cü ili də uğurla başa vurdu.

Bu gün regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verdi.

Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratdı. Elə bu məqsədlə də dövlət başçısı növbəti sərəncamı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etdi. Qarşıya qoyulan məqsəd isə ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasıdır.

Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi siyasətin əsas nailiyyətlərindən biri də ölkədə sənayenin müxtəlif istiqamətlərinin müəyyən olunması və inkişaf etdirilməsidir.

Bu baxımdan son dövrlərdə neftdən əldə edilən gəlirlərin yeni istehsal müəssisələrinin yaradılmasına yönəldilməsi təsadüfi deyildir. Bu məqsədlə Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü il ölkədə “Sənaye ili” elan edilmişdir. Yerlərdə yaradılan bir çox yeni sənaye müəssisələrinin məhz ötən il istifadəyə verilməsi isə “Sənaye ili”nin uğurlu olmasının göstəricisidir.

Yeni proqramlar, yenidənqurma və digər abadlıq-quruculuq işlərinin hansı formada icra edildiyini dövlət başçısı ciddi nəzarətdə saxlayaraq tez-tez respublikanın bölgələrinə səfər edib bütün proseslərlə tanış olmuş, görülən işlərlə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

Yola saldığımız 2014-cü ildə dövlət başçısı respublikanın 20 şəhər və rayonuna, o cümlədən Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Ümumilikdə isə Prezident İlham Əliyevin 2014-cü ildə respublikamızın şəhər və rayonlarına (Qəbələyə iki dəfə, Gəncəyə iki dəfə, Göygöl, Sumqayıt, Ağdaş, Şamaxı, Neftçala, Xızı, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Horadiz, İsmayıllı , Abşeron, Daşkəsən, Naftalan, Goranboy, Şəmkir, Sabirabad və Naxçıvan MR daxil olmaqla) 23 səfəri baş tutmuşdur.

Dövlət başçısı bu səfərlər çərçivəsində bir sıra mühüm obyektlərin, mədəniyyət mərkəzlərinin, muzeylərin, parkların açılışını etmiş avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olmuş, təməlqoyma mərasimlərində iştirak etmiş, hərbi hissələrə baş çəkmiş və sakinlərlə görüşlər keçirmişdir.

Prezident İlham Əliyev 2014-cü ildə ilk olaraq Qəbələ şəhərinə səfər etmişdir. Yanvar ayının 3-də Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışı mərasiminə qatılan dövlət başçısı qeyd etmişdir ki, bu hadisə 2014-cü ilin Azərbaycan üçün uğurlu il olacağının göstəricisidir.

Gərgin iş qrafiki olan dövlət başçısı yanvarın 21-də İsveçrədə Davos Dünya İqtisadi Forumuna qatılıb və həmin gün geri qayıdaraq birbaşa Gəncə şəhərinə səfər edib. Öncə deyək ki, dövlət başçısı son 11 il ərzində Gəncəyə bir çox səfərlər edib. Elə ötən ilin yanvar ayının 21-də bu şəhərə səfəri çərçivəsində sakinlərlə görüşən Prezident demişdir:

“Gəncə gözəlləşir, abadlaşır. Bu, mənim Gəncəyə on ikinci səfərimdir. Mən demək olar ki, son on il ərzində hər il, yaxud da ildə iki dəfə Gəncədə olmuşam və hər dəfə yeniliklər, dəyişikliklər, abadlıq, quruculuq görürəm”.

Gəncəyə səfəri çərçivəsində Prezident bir parkın, iki muzeyin, iki zavodun (metaltökmə və fasiləsiz yayma zavodu) açılış mərasimində iştirak edib. Olimpiya parkının təməlqoyma mərasiminə qatılan dövlət başçısı 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsi ilə də tanış olub.

Gəncə səfərini başa vuran dövlət başçısı Göygöl rayonuna gəlib. Burada Azərbaycan Prezidenti iki kompleksin və iki mərkəzin açılışında iştirak edib. Rayona içməli suyun verilməsi mərasiminə qatılıb. Gəncə və Göygölə səfəri çərçivəsində dövlət başçısı ümumilikdə bir park, üç mərkəz, iki muzey, iki kompleks, iki zavod və iki sosial obyektin açılışında iştirak edib.

Fevral ayının 25-də Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfər edib. Burada dövlət başçısı kağız və karton istehsalat kombinatının, Sumqayıt yağ fabrikinin, mis emalı zavodunun açılışında iştirak edib. Prezident həmçinin Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında görülən irimiqyaslı abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olub. Bu səfərdə isə Prezident üç sosial obyektin (istehsalat kombinatı, bir fabrik və bir zavod) açılışına qatılıb.
Aprelin 8-də isə Prezident Naxçıvana səfər edərək muxtar respublikanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. Səfər çərçivəsində dövlət yeddi sosial obyektin, iki mərkəzin, bir xəstəxananın, bir muzey kompleksinin açılışında iştirak edib, Naxçıvandakı “N” saylı hərbi hissədə muxtar respublikanın hərbi hissələrinə daxil olan yeni texnika və silahlarla tanış olub.

May ayının 1-də Ağdaş rayonuna səfər edən Prezident İlham Əliyev bir mərkəz, dörd sosial obyekt, iki zavodun açılışında iştirak edib, Bayraq meydanında yaradılan şərait və Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub.

Mayın 14-də isə dövlət başçısı Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” hotel kompleksinin açılış mərasimində iştirak edib.

Prezident İlham Əliyev mayın 28-də Neftçalaya səfər edib. Dövlət başçısı 2 obyektin açılış mərasimində iştirak edib, şəhərdə yaradılan yeni bulvarla tanış olub.

Dövlət başçısı iyulun 22-də Xızı rayonuna səfəri çərçivəsində Heydər Əliyev parkında aparılan yenidənqurma işləri, rayon icra hakimiyyətinin yeni binası və Cəfər Cabbarlı parkında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Bununla yanaşı, bir mərkəzin açılışına qatılıb, bir sosial obyektin təməlinin qoyulması mərasimində iştirak edib. Həmçinin İlham Əliyev Xızı şəhərində inşa edilmiş 25 fərdi evdə yaradılan şəraitlə tanış olub.

Avqust ayının 6-da Prezident Ağdam və Bərdə rayonlarına səfərə çıxıb. Öncə dövlət başçısı Bərdə şəhərində yeni salınan Heydər Əliyev parkında görülən işlərlə tanış olub. Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak etdikdən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Ağdamdakı “N” saylı hərbi hissədə olub.

Dövlət başçısı avqustun 28-də Beyləqan və Füzuli rayonlarına səfər edib. Prezident İlham Əliyev Beyləqanda əsaslı təmir və yenidənqurmadan sonra mərkəzi şəhər stadionunda yaradılmış şəraitlə tanış olub. Eyni zamanda, Beyləqanda üç obyektin, bir mərkəz, bir şahmat məktəbi və bir uşaq bağçasının açılış mərasimində iştirak edib.

Sonra Horadiz şəhərinə yollanan dövlət başçısı burada bir fabrik, üç sosial obyektin açılış mərasimində iştirak edib. Füzuli rayonunda isə tarix-diyarşünaslıq muzeyinin açılışını edib. Rayon icra hakimiyyətinin yeni binasında yaradılan şərait və Mil-Muğan hidroqovşağının fəaliyyəti ilə tanış olub.

Sentyabr ayının 22-də isə Azərbaycan Prezidenti İsmayıllı və Qəbələ rayonlarına səfərə çıxıb. Prezident İlham Əliyev İsmayıllı Rayon Mərkəzi Xəstəxanası, rayon icra hakimiyyətinin inzibati binasında əsaslı yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Bununla yanaşı, rayonda iki sosial obyektin açılışında iştirak edib.

Qəbələyə ikinci səfərini reallaşdıran dövlət başçısı burada bir hotel və bir sosial obyektin, Qəbələ arxeoloji mərkəzinin açılışında iştirak edib. Səfər çərçivəsində Prezident Gilan Qida Şəhərciyi ilə tanış olub. Daxili Qoşunların Qəbələdəki “N” saylı hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışında iştirak edib.

Oktyabr ayının 3-də isə Prezident Abşeron rayonuna səfəri çərçivəsində Xırdalanda Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında aparılan yenidənqurma işləri ilə tanış olub. İki mərkəzin, üç obyektin açılışında iştirak edib.

Oktyabrın 16-da Tacikistan Respublikasına rəsmi səfərdən dönən Prezident İlham Əliyev oktyabrın 17-də respublikanın qərb bölgəsinə səfər edib. Öncə Daşkəsən rayonunda olan dövlət başçısı iki mərkəz, bir sosial obyektin açılışında iştirak edib. Sonra Naftalan şəhərinə yola düşən Prezident burada “Qarabağ SPA and Resort” hotel kompleksinin açılışında iştirak edib, “Naftalan Hotel by Rixos” hotelinin yeni korpusunda yaradılan şəraitlə tanış olub.

Sonra Goranboya yola düşən dövlət başçısı rayonda bir mərkəz, bir sosial obyektin açılışında iştirak edib. “Goranboy” paylayıcı elektrik məntəqəsində görülən işlərlə tanış olub və Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimdə iştirak edib.

Oktyabrın 18-də dövlət başçısı Gəncə şəhərinə il ərzində ikinci dəfə səfər edib. Bu dəfə Prezident şəhərdəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olub. Bir zavodun, iki sosial obyektin açılışında olub və Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak edib.

Prezident İlham Əliyev noyabrın 15-də Şəmkir rayonuna gəlib. Dövlət başçısı Şəmkirçay su anbarının, çörək zavodunun və Şəmkir hərbi birliyinin hərbi şəhərciyi ərazisində yeni inşa olunmuş qərargah binasının açılışında iştirak edib. Eyni zamanda, “Şəmkir Aqropark”ın təməlqoyma mərasiminə qatılıb.

Dövlət başçısı ötən il bölgələrə son səfərini Sabirabad rayonuna edib. Prezident dörd obyektin açılışında olub və Sabirabadda ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılışında iştirak edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.