YPX reydlərə başladı
  • Bakı Yol Polisi yolun hərəkət hissəsini, piyada səkilərini özbaşına zəbt edərək hərəkəti məhdudlaşdıranlara qarşı reydlərə başlayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, obyekt sahibləri tərəfindən onlara məxsus obyektlərin qarşısında küçələrin zəbt olunması, "dayanma, durma qadağandır" nişanı olan yerlərdə qanunsuz dayanacaqların salınması, bəzi küçələrdə yas çadırlarının qurulması, küçələrdə ticarətin aparılması, piyada səkilərinin zəbt olunması hallarına rast gəlinir.

Əsədov bildirib ki, bu hallara qarşı ilk reyd Nərimanov rayonu ərazisində, Əhməd Rəcəbli küçəsində ("Elit" ticarət mərkəzinin qarşısı) keçirilib.

Reyd zamanı həmin yolda yük avtomobillərinin uzun müddətə yolun hərəkət hissəsini zəbt etdiyi, yük avtomobillərinin və digər kənd təsərrüfatı texnikasının satışının, yük avtomobillərində ticarət məhsullarının satışının həyata keçirildiyi aşkar olunub.

Onun sözlərinə görə, həmin ərazidə yolun hərəkət hissəsinin özbaşına tutulması bu istiqamətdə avtomobillərin hərəkətində ləngimələr və tıxac yaradırdı.

Reyd nəticəsində küçə təmizlənib və yolu özbaşına zəbt etmiş hüquqi və fiziki şəxslər barəsində inzibati protokol tərtib olunaraq onlar cəzalandırılıblar.

Əsədov bildirib ki, reydlər paytaxtın digər ərazilərində də davam etdiriləcək.

Yol Polisi əməkdaşları bu gündən paytaxtın mərkəzi küçələrində piyadaların hərəkəti üçün nəzərdə tutulan səkiləri özbaşına zəbt edənlərə qarşı da reydlər keçirəcək.

Əsədovun sözlərinə görə, bəzi ərazilərdə piyada səkilərində avtomobillərin saxlanılması, həmin səkilərdə səyyar ticarət obyektlərinin yerləşdirilməsi hallarına rast gəlinir.

Qeyd edək ki, yolların özbaşına məhdudlaşdırılması, yollara avadanlıqların quraşdırılması İnzibati Xətalar Məcəlləsinin 164-cü maddəsi ilə inzibati xətadır və həmin xətaya görə inzibati məsuliyyət nəzərdə tutulur.

Bu xətaya yol verən fiziki şəxslər səksən manatdan yüz, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə ediləcəklər.

(Yeni Müsavat)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.