Şuşanın işğalından 20 il ötür
  • Azərbaycanın tarixi şəhəri Şuşanın işğalından 20 il ötür. Şəhər 1992-ci il mayın 8-də erməni silahlı dəstələri tərəfindən işğal edilib.

Həmin dövrdə 24 min 900 nəfərin yaşadığı, ərazisi 189 kvadrat kilometr olan Şuşa şəhərinə artilleriya zərbələri səhər saat 6 radələrinə qədər davam edib. Bundan sonra düşmənin 11 minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyi ilə həyata keçirilib. 11 min erməni əsgərinə çox az sayda azərbaycanlı müqavimət göstərib. 10 saatdan artıq davam edən döyüşlərdə 480 azərbaycanlı həlak olub, 1860 azərbaycanlı yaralanıb, 20 min nəfərdən çox adam öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

Şəhərin işğalı zamanı Azərbaycan xalqının mədəni və tarixi abidələri, dahi Üzeyir Hacıbəyovun, Natəvanın və Xan Şuşinskinin heykəlləri dağıdılıb, beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi erməni qəsbkarları tərəfindən məhv edilib. Ermənilər Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

Qeyd edək ki, Prezident İlham Əliyev Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü münasibəti ilə sərəncam imzalayıb. Sərəncamda ölkədən kənarda və ölkə ərazisində Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə bağlı müvafiq anım tədbirlərinin keçirilməsi tapşırılıb. Prezident Administrasiyasına isə Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə bağlı tədbirlər planını hazırlamaq və həyata keçirmək tapşırılıb.

Milli Məclis də Şuşanın işğalı ilə bağlı Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və dünya ölkələrinin parlamentlərinə müraciət qəbul edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.