XİN rəhbəri Kolumbiya Respublikasında olub
  • Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə səfəri çərçivəsində Kolumbiya Respublikasında olub.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, iyulun 24-də Məmmədyarov Kolumbiyanın xarici işlər naziri Maria Angela Holguin Kuelyar ilə görüşüb.

Kuelyar Azərbaycanın XİN rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini salamlayaraq, Kolumbiyaya həyata keçirilən bu səfəri yüksək qiymətləndirdiyini və böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. 2011-ci ilin oktyabr ayında Kolumbiya ticarət missiyasının Azərbaycandan səfərdən çox məmnun qayıtdığını qeyd edən xanım Maria Kuelyar iki ölkə arasında ticarət, kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün geniş potensialın olduğunu bildirib və siyasi sahədə mövcud olan yüksək əlaqələrin digər sahələr üçün də səmərəli zəmin yaradacağına əminlik ifadə edib.

Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Elmar Məmmədyarov ölkəmiz haqqında qısa məlumat verib və Azərbaycan tərəfinin Latın Amerikası ölkələri ilə əlaqələrin gücləndirilməsində maraqlı olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kolumbiya Respublikasının Prezidentinə ünvanladığı məktubu həmkarına təqdim edən Elmar Məmmədyarov məktubun yüksək ünvan sahibinə çatdırılmasını xahiş edib və Azərbaycan Prezidentinin Kolumbiya Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etdiyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsini, o cümlədən ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların qarşılıqlı təşviqi və qorunması sahəsində sazişlərin imzalanmasının vacibliyini vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, BMT TŞ çərçivəsində əməkdaşlıq imkanları, həmçinin humanitar, təhsil və idman sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.

(Trend)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.