Sərdar Cəlaloğlu prezident İlham Əliyevə məktub ünvanlayıb
  • (ADP) sədri prezidentə İranda Məşrutə inqilabının başçısı, Şərqdə ilk parlamentin yaradıcısı Səttarxanın təbliği və dünyaya tanıdılması istiqamətində təkliflərdən ibarət məktub göndərib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, məktubda bildirilir ki, Səttarxan dünya demokratiyası tarixində şərəfli yer tutan, Avropada İranın Hannibalı adlandırılan, dünyanın əksər böyük demokratları tərəfindən ən yüksək epitetlərlə qiymətləndirilən şəxs olub: “Xalq qarşısında xidmətlərinə görə Sərdari Milli - Millət başçısı adı verilən Səttarxan 20-ci əsrin əvvəlində İslam dünyasında ilk dəfə olaraq yerli idarəetmə qurumları - əncümənlərin və o cümlədən İslam tarixində ilk parlamentin formalaşmasına nail olub.

Çox təəssüf ki, Avropada Kromvelin həyata keçirdiyi islahatlara bərabər olan işləri İranda həyata keçirən Səttarxanı nəinki dünyada, hətta öz həmvətənlərimiz belə yaxşı tanımır.

Daha doğrusu, onun tanıdılması üçün Azərbaycan dövləti tərəfindən heç bir iş görülməyib. Azərbaycan xalqının digər şərq xalqlarından daha çox azadlıqsevər olmasını nümayiş etdirən Səttarxan hərakatı haqqında faktların tanıdılması həm də müasir Azərbaycan dövlətinin dünyada təbliğ olunmasında mühüm rol oynaya bilər.

Bunları nəzərə alaraq, qeyd etmək istəyirəm ki, Səttarxanın fəaliyyətinin öyrənilməsi, onun başçılıq etdiyi mübarizənin araşdırılması, bu barədə kitab, sənədli film və s. materialların hazırlanıb yayılması, xalqa və dünyaya tanıdılması istiqamətində ciddi addımların atılması zəruridir”. 

Məktubun sonunda Azərbaycan xalqının bütövləşməsi, dövlətin beynəlxalq nüfuzunun artması, xalqın demokratiya hərakatına 110 il əvvəl başlaması, beləliklə də, xalqın demokratiyaya hazır olmamasını iddia edənlərin yanıldığını sübut etmək baxımından bu məsələnin böyük əhəmiyyətini nəzərə alaraq, Səttarxanın Azərbaycan Milli Məclisinin binası qarşısında heykəlinin ucaldılması da təklif edilib.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.