"Bunlar hamısı boş söhbətlərdir"
  • ““Azərenerji”ni məhkəməyə verə bilərik. Amma... Həmin gün Bakı Metropoliteninə xeyli ziyan dəydi, 100 min sərnişin itirdik...”

Sentyabrın 28-də respublika miqyaslı elektrik qəzası Azərbaycanın enerji sistemində ciddi nöqsanların olduğunu bir daha üzə çıxardı. Bu sahəyə son illər iri məbləğdə investisiyaların qoyulmasına baxmayaraq, vəziyyət hələ də acınacaqlıdır. Əvvəlki belə miqyaslı qəzalar 14 iyul 2002-ci, 28 yanvar 2006-cı və 10 fevral 2010-cu illərdə baş verib. Bütün qəzalarda günah yenə Mingəçevirdəki İstilik Enerji Stansiyasından (İES) regionlara və paytaxta gələn elektrikötürücü xətlərin üzərinə atıldı.

Metroda sistem pozuldu, qurğular sıradan çıxdı

Qəza baş verəndə əsas çaşqınlıq metro tunellərində yaşandı. Çünki insanlar yerin altında nəyin baş verdiyini ayırd edə bilmirlər. Ona görə də metro sərnişinləri arasında yaranan psixoloji gərginlik yerin üstündəkindən çox fərqlənir. Son hadisə bir daha Bakıda metronun nə qədər əhəmiyyətli olduğunu ortaya çıxardı. Sentyabrın 28-də baş vermiş qəzada metroda qatarların hərəkəti səhər saat 06.44-09.45 arası müddətdə dayandı. Xatırladaq ki, son qəzadan sonra səslənən fikirlərdən biri də metropolitenin alternativ enerji mənbəyinin olmaması haqda idi. Bu və digər sualları cavablandırmaq, deyilən ittihamlara, səslənən təkliflərə münasibətini öyrənmək üçün metropolitenin rəisi Tağı Əhmədovla danışdıq.

T.Əhmədov “Yeni Müsavat”a açıqlamasında baş verən məlum qəza ilə bağlı metropolitenin üzərinə heç bir məsuliyyət düşmədiyini bildirdi: “Bunun bizə qətiyyən aidiyyəti yoxdur. Həmin gün ölkənin hər yerində işıq kəsilib. Burada başqa problem varsa, ona ”Azərenerji" cavab verməlidir. Mən nə deyə bilərəm. Qəzadır, baş verib, elektrik enerjisi kəsilib. Bu məsələyə ancaq onlar cavab verə bilərlər. Sualınızı “Azərenerji”yə ünvanlayıb, cavab ala bilərsiniz".

Metroda artıq belə hadisənin üçüncü dəfədir baş verdiyini xatırladan metropoliten rəisi bildirdi ki, elektrik enerjisinin verilməsində yaranan problemlər Bakı Metropolitenini ziyana salıb: “Bu hadisə 45 ildə üçüncü dəfədir baş verir. Buna da məsuliyyəti ”Azərenerji" və “Bakıelektrikşəbəkə” daşıyır. Bu, sırf onların işidir. Ona görə də mən bu suallara cavab verə bilməyəcəm. Əks halda, öz işimdən çox, başqasının işinə müdaxilə etmiş olaram.

Amma onu deyə bilərəm ki, qəza hamı üçündür. Gərginliyin aşağı düşməsi nəticəsində Bakı Metropolitenində çoxlu sayda elektrik avadanlığı sıradan çıxdı. Qatarların qəfil dayanması nəticəsində çarxlar xarab oldu. Qatarların hərəkətinin dayanması sərnişindaşımaya da təsir göstərib. Həmin gün 100 minə yaxın sərnişin itirdik. Ümumilikdə metropolitenə ciddi ziyan dəyib".

Bakı Metropoliteninin yaranmış problemlə əlaqədar hökumət qarşısında məsələ qaldırıb-qaldırmayacağına gəlincə, T.Əhmədov dedi: “Hər halda, həmin gün bütün ölkə işıqsız qaldı. Bunu onlar da görürlər. Qanunvericiliyə görə, biz metropolitenə dəyən ziyana görə "Azərenerji"ni məhkəməyə verə bilərik. Amma hər iki qurum dövlət strukturudur. Bu səbəbdən də bir-birimizi başa düşməliyik. Bizə güzəşt edəcəklərinə gəlincə, onlar bunu etməlidirlər. Amma mən “Azərenerji”yə rəsmi müraciət etmirəmsə, məktub yazmıramsa, onlar mənə nə etməlidirlər ki?.. 100 min sərnişini 20 qəpikdən hesablayanda görün hara gedib çıxır. Tutaq ki, bunu “Azərenerji”dən tələb etsəm, onda nə olar?! Bu, düz olmaz ki..."

Metropoliten rəisinin sözlərinə görə, Bakı Metropoliteni bir ay ərzində “Azərenerji”yə 600 min manata yaxın vəsait köçürür: “Dəqiq desəm, 560-570 min manat arası elektrik enerjisinə pul ödəyirik”.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində 2015-ci ilə kimi Bakı Metropoliteninin maddi-texniki bazasının yaxşılaşdırılması nəzərdə tutulub. Proqram çərçivəsində metroda fasiləsiz elektrik enerjisinin təmin olunması üçün yarımstansiyaların tikintisi və alternativ enerji mənbələrinin çəkilməsi planlaşdırılır. T.Əhmədov isə deyir ki, metroda alternativ enerjisinin yaradılması mümkün deyil: “İqtisadçılar yalan deyirlər. Metroda alternativ enerji yaradıla bilməz. Çünki "Azərenerji" özü hər yerdən enerji alır. Bunun bir neçə istiqaməti metroya ötürülə bilər. Dünya tarixində elə bir şey yoxdur ki, metro generatorla işlədilsin. Boş-boş şeylərdir ki, deyirlər, guya metroda alternativ enerji yaratmaq olar. Təkcə qatarların işləməsi üçün 30 MVt elektrik enerjisi lazımdır. Bunun eskalatoru, nasosu, tunel işığı və sairi var axı. Bütün bunları işlətmək üçün generatorun gücü çatmaz".

T.Əhmədov onu da qeyd etdi ki, sentyabrın 28-də baş verən qəzadan dərhal sonra ölkənin elektriklə təmin olunması üçün Dağıstana müraciət ediblər: “Sovet dövründə elektrik enerjisi hərtərəfli paylanmışdı. Dairəvi sistem vardı. Bir yerdə sönürdüsə, digər stansiyadan verilirdi. Yəni mümkün deyildi ki, bütünlüklə ölkədə elektrik enerjisi kəsilsin”.

Metropoliten rəisi sonda onu da qeyd etdi ki, hazırda qatarlar əvvəlki qaydada normal qrafiklə işləyir.

(Yeni Musavat)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.