"Gülər Əhmədova bəyəm uşaqdır, nədir onu qoruyasan?!"
  • “Təşkilat nə vaxt məqsədə müvafiq biləcəksə, Gülər Əhmədovanı onda xaric edəcək” YAP İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzovun müsahibəsi:

- Mediada belə bir fikir var ki, Siyavuş Novruzov Gülər Əhmədovanı qoruyur. Bu nə dərəcədə realdır?

- Gülər Əhmədova bəyəm uşaqdır, nədir onu qoruyasan?! Maraqlı yazırlar. Hər bir şəxsin özünün atdığı addımlar var. Bu addımlarla əlaqədar da bilirsiz ki, Gülər Əhmədova MSK-ya müraciət etdi. Öz mandatından imtina etdi. MSK-da qərar verdi. Qalan məsələlər istintaqın işidir. Kimin təqsirli olub-olmamağını istintaq müəyyənləşdirə bilər. Yəni ortada fakt var. Mən dəfələrlə demişəm ki, kimin hansı partiyanın üzvü olub-olmamasından, hansı vəzifəni daşımasından, hansı ixtisas sahibi olmasından asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir. Qanun bunu araşdırıb öz fikrini deyəcək. Bunu gündəmdə saxlamağın heç bir mənası yoxdur. Bununla bağlı kifayət qədər yazılıb, hər kəs də öz mövqeyini bildirib.

- Gülər Əhmədova YAP-dan nə vaxt xaric ediləcək?

- O, YAP-ın sıravi üzvüdür. Partiyanın rəhbər orqanlarında təmsil olunmur. Ona görə də təşkilat nə vaxt məqsədə müvafiq biləcəksə, onda xaric ediləcək. Onu hələ heç kəs deyə bilmir ki, YAP-dan çıxarılacaq, ya da çıxarılmayacaq. Bunlar hamısı araşdırmalardan sonra həll olunacaq.

- Belə bir fikir dolaşır ki, YAP Elşad Abdullayevin məsələsinə birmənalı qiymət verməyib. Siz nə düşünürsünüz?

- Bu məsələ hüquq-mühafizə orqanlarının işidir. Bu da öz həllini tapacaq. Burada nə birmənalı, nə beşmənalı qiymət var? Hansı mənadan söhbət gedə bilər? YAP-da həmişə bütün məsələlərlə bağlı yekdil fikir olub. Kimsə bir cinayət törədibsə, hər cinayət törədəndən ötrü partiya münasibət bildirməlidir?! YAP iqtidar partiyasıdır. İqtidar partiyası olaraq da kim nə əməlin sahibirdirsə, qanun qarşısında cavabdehdir. Elşad Abdullayev də partiyanın rəhbər strukturunda təmsil olunmayıb. Seçkili orqanda yoxdur. Buna nə münasibət bildirməliyəm?

- Yəni bildirilir ki, Elşad Abdullayev bir il bundan qabaq YAP-dan xaric olunub? Bu düzdürmü?

- Bilirsiniz, bizim hər rayon təşkilatında 13 000, 17 000 min partiya üzvümüz var. Hər biri də partiya qarşısında bərabərdir. Elşad Abdullayev də partiyanın rayon sıralarından xaric olunub.

- İctimai Palata ilə Ziyalılar forumu arasında keçiriləcək “Ümumrespublika demokratiya müşavirə”sinə YAP-ın dəvət edilib-edilməməsi ilə bağlı iki qurum arasında fikir ayrılıqları var. Siz bunu necə qiymətləndirirsiniz?

- Birincisi, bunlar hər ikisi bir dərnəkdir. Hər hansı ictimai-siyasi bir qurum deyil. Bir-biri ilə görüşməsi və yaxud da hansısa fikirlər söyləməsi bizim üçün o qədər də əhəmiyyət daşımır. Azərbaycanda ictimai-siyasi fəaliyyətlə siyasi partiyalar məşğuldur. Siyasi partiyaların da hər birinin özünün nizamnaməsi var. Həmin nizamnamənin tələblərinə uyğun olaraq da addımlar atılır. Qarşılarına qoyduğu vəzifələrin yerinə yetirilməsi ilə məşğuldurlar. Ora hərə bir tərəfdən gəlib yığışıb. Onlar eyni əqidəyə və ideyaya qulluq edən insanlar deyil. Bu baxımdan da mən hesab edirəm ki, bu məsələ bunların YAP-ın qərargahına gəlib-gəlməməsi ilə bağlı deyil. Sadəcə olaraq özlərinin arasında ciddi şəkildə bir konflikt var. Bu konflikti ört-bastır etmək üçün də bu məsələdən istifadə edirlər. Bir çoxları elə əvvəldən İctimai Palatanın nəyəsə qadir olmadığını görüb ordan uzaqlaşdı. Bəziləri bekarçılıq əlaməti olaraq ora yığışıb. Bəziləri hər hansı məsələ ilə bağlı fikir mübadiləsi üçün yığışıb. Məqsədli şəkildə ora toplaşan insanlardır.

- Əgər müxalifətdən YAP-a həmin müşavirədə iştirak etmək üçün dəvət gəlsə, qəbul edəcəksiniz?

- Bu ümumxalq müşavirəsi deyil. Onlar heç bir xalqı təmsil etmir. Xalqın təmsilçilik norması var. Xalqı Azərbaycan Respublikasının prezidenti təmsil edir. Çünki xalq ona mandat verib. Öz qohum-əqrəbasını təmsil edə bilməyən şəxs necə xalqın təmsilçisi ola bilər? Bunu həm hüququ, həm də mənəvi tərəfdən fikirləşin. O insanların heç bir potensialı çatmır ki, xalqı təmsil etsin.

- Gürcüstanda keçirilən parlament seçkilərində sizcə, Saakişvili niyə uduzdu?

- Onu gürcü xalqı özü müəyyənləşdirir. Seçkilər xalqın iradəsini ifadə edir. Xalq belə məsləhət görüb belə olubdur yəni. Bu xalqın iradəsindən asılıdır.

- Belə demokratik bir seçki 2013- cü ildə ölkəmizdə də baş tutacaqmı?

- Azərbaycanda həmişə ədalətli, demokratik seçkilər keçirilib. Yenə də keçiriləcəkdir. Azərbaycanda keçirilən seçkilərin demokratikliyinə heç kimin şübhəsi ola bilməz. İqtidar həmişə ədalətli seçkilərin tərəfdarı olub. Bunu da həyata keçirib. Sadəcə, bəzi beynəlxalq təşkilatların, seçkidə uduzanların qərəzli fikirləri ortada olub. Azərbaycana təzyiq göstərib təbii sərvətlərini öz xeyirlərinə istifadə etmək istəyənlər, dövlətlər və bəzi beynəlxalq təşkilatlar belə addımları atır. Elə Ramil Səfərovla bağlı məsələni götürək. Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı indiyə kimi bir bəyanat verməyən təşkilatlar bir dənə Ramil Səfərovun qanuna və hüquqa uyğun şəkildə əfv olunmasına görə hər biri bəyanat yayır. Amma Azərbaycanın haqq işi qalıb kənarda. 20 ildən artıqdır ki, Azərbaycanın əraziləri işğal altındadır. BMT-nin dörd qətnaməsi var. Heç biri bir addım atmırlar. Seçkidə də həmin qərəzin şahidi olduq. İstər Avropa Birliyi, istər Avropa Şurası, istərsə də ATƏT tərəfindən. Həmin ATƏT bəyan edir ki, yazı-pozu bilməyən Əfqanıstanda demokratik seçki keçilirilib. Hansı ki, onlar imza ata bilmirlər, barmaq basırlar. Və yaxud İraqda belə demokratik seçki keçirilib. Görürsünüz da onların demokratiyasını, yəqin sizin də məlumatınız var. Azərbaycana çatanda isə öz qərəzlərini ortaya qoyurlar.

- Bu qərəzin səbəbi nədir bəs?

- Səbəb Azərbaycanın təbii sərvətlərindən güzəştli şəkildə istifadədir.

- Saxtalaşma demişkən, Gülər Əhmədovun o rüşvət videosunda da ATƏT-in, Avropa Şurasının da adı çəkilir...

- ATƏT, Avropa Şurası qərəzli bəyanatlar verir. Mən neçə-neçə ölkələrdə müşahidəçi olmuşam. ABŞ-da, Avropa ölkələrində də müşahidəçi qismində iştirak etmişəm. Azərbayacandakı qədər azad və demokratik seçki heç yerdə keçirilmir.

- Türkiyə Suriyaya müdaxilə ilə bağlı qərar verə bilər. Türkiyə Suriyaya girərsə, nə baş verəcək sizcə?

- Birinci olaraq bütün NATO dövlətləri bu məsələyə qoşulmalıdır. NATO-nun nizamnaməsinə uyğun olaraq əgər bir NATO dövlətinin ərazisinə müdaxilə olunursa, bu, bütün NATO dövlətlərinin ərazisinə müdaxilə deməkdir. Onlar həm diplomatik, siyasi, həm də hərbi yardım etməlidirlər. NATO çox böyük qüvvədir. Regionda isə qarışıqlıq getdikcə arta bilər. Suriya həm İran, həm də Türkiyə ilə həmsərhəddir. Şərqdə çox ciddi proseslər baş verə bilər.

- Türkiyəni müharibəyə Qərbmi sürükləyir?

- Burada bunun elementləri var. Əvvəldən də Suriyaya ilə bağlı bütün qərarları Türkiyənin verməsi iki dövləti qarşı-qarşıya qoyub. Hesab ediəm ki, düşünülmüş siyasi addımlar atılır.

Aynur Cəfərova

(qafqazinfo)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.