Bakıda qar yağacaq
  • Oktyabrda müşahidə olunan hava şəraitini bəzi ekoloqlar atmosferdə baş verən anomal dəyişikliklərlə əlaqələndirirlər.

Ekoloq Telman Zeynalov bildirir ki, oktyabr ayında anomal iqlim şəraitinə səbəb antropogen amillərdir. Onun fikrincə, bu cür hava şəraiti qışın sərt keçəcəyindən xəbər verir.

Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirdi ki, oktyabrda hava iqlim normasına uyğun keçib, heç bir anomal hadisə baş verməyib, iqlim şəraitinin uyğunluğu noyabr ayı üçün də gözləniləndir: "Oktyabrda orta aylıq temperatur iqlim normasından yüksək olsa da, anomal temperatur müşahidə olunmadı. Noyabr ayında da ölkə ərazisində temperaturun iqlim normasına yaxın olacağı, ayrı-ayrı rayonlarda isə bir qədər yüksək keçəcəyi gözlənilir”.

A.Verdiyev deyib ki, ölkə ərazisində yağıntının qeyri-bərabər paylanacağı proqnozlaşdırılır: “Yağıntının aylıq miqdarı əksər rayonlarda normaya uyğun, bəzi rayonlarda normadan bir qədər yüksək olacağı ehtimal edilir. Noyabr ayının ikinci və üçüncü ongünlüyün ayrı-ayrı günlərində bəzi dağlıq ərazilərdə yağış, sulu qar və qar yağacağı da gözlənilir”.

Baş hidroloq noyabr ayında ayrı-ayrı illərdə havanın iqlim normasına uyğun olmadığını da xatırlatdı: “1970-ci il noyabrın 4-də Bakıda 29 dərəcə isti qeydə alınıb. Amma ən isti noyabr 1974-cü ildə, ən soyuq noyabr isə 1993-cü ildə qeydə alınıb. Bakıda ən soyuq temperatur 1931-ci ildə noyabrın 30-da mənfi 6 dərəcədə özünü göstərib. Ən çox yağıntı 1999-cu ildə olub, normadan 2,5 dəfə çox olan maksimal yağıntı noyabrın 10-na təsadüf edib. Xatırlayırsızsa, 2011-ci il noyabrın 7-də və 24-25-də Bakıda qar yağmışdı, temperatur mənfi 3 dərəcəyə düşmüşdü.

Noyabrda güclü külək əsməsi isə 1983-cü ildə olub. Noyabrın 13-də güclü şimal-qərb küləyinin sürəti 35-ə yüksəlmişdi. Yəni ayrı-ayrı illərdə noyabr ayında belə temperaturlar qeydə alınıb”.

Hidroloqun bildirdiyinə görə, Azərbaycana adətən soyuq hava kütlələri şimaldan daxil olur. Hazırda ölkə ərazisində hava şəraitini yüksək təzyiq sahəsi altında antisiklon müəyyən edir. Bununla əlaqədar şərait imkan vermir ki, havada kəskin dəyişiklik müşahidə olunsun.

Bu il qışın sərt keçməsi ehtimalına gəldikdə, hidroloq dedi ki, indidən bu barədə dəqiq söz demək çətindir: “Qışın sərt keçməsi barədə hələlik heç bir informasiya yoxdur. Noyabrın üçüncü ongünlüyündə bu barədə əhaliyə məlumat veriləcək. Çünki noyabr ayında regionda havaların qış aylarında necə olacağı ilə bağlı konfrans keçiriləcək. Tədbirə Azərbaycandan da nümayəndə qatılacaq”.

Vüsalə Telmanqızı (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.