AZTV-nin efirində söyüş söyən hansı deputat olub?
  • Mübariz Qurbanlı verilişdə belə bir söz işlətmədiyini deyir; qalır Hadı Rəcəbli ilə Ziyad Səmədzadə... Mübariz Qurbanlı AzTV-nin efirində söyüş söyməsi barədə yayılan video barədə açıqlama verib.

Deputat “Yeni Müsavat”a açıqlamasında bildirib ki, verilişdə söyüş söyən şəxs o, olmayıb.

“Mən özünə və ətrafdakı insanlara hörmət edən adam olaraq ümumiyyətlə söyüş söymürəm. Söyüşə nifrət edirəm. İllər uzunu ali məktəblərdə dərs demişəm, həmişə ölkə gəncliyinin arasında olmuşam. Gəncləri necə söyə bilərəm? Siz o kadrlara diqqətlə baxsanız, əslində özünüz də çox şeyi asanlıqla aydınlaşdıra bilərsiniz. Mən studiyada elə yerdə oturmuşdum ki, söyüşün səsləndiyi anlarda əyilib kiminləsə danışmağım texniki baxımdan da mümkün deyildi. Mən aparıcı ilə həmin anlarda çıxış edən Şahin İsmayılovun arasında oturmuşdum. Şahin o anlarda kameraya baxıb çıxış edirdi. Aparıcının isə mikrofonunun açıq olduğunu hamı bilir. Bunu bilən adam belə şeyi necə edə bilər? Neçə illər televiziyalarda veriliş aparmışam, mənim efir, studiya təcrübəm var” - deyən M.Qurbanlı konkret ad çəkməsə də dolayısı ilə söyüşün verilişin digər iştirakçıları tərəfindən işlədilə bilməsinə diqqət çəkdi.

Deputat olayla bağlı maraqlı bir məqama da diqqət çəkdi. Bildirdi ki, veriliş canlı olmayıb və bu üzdən də həmin qeyri-etik ifadənin kadrlara süjet üzərində texniki işlər aparılarkən, montaj zamanı məsuliyyətsizlik və səhlənkarlıqdan düşməsi ehtimalı da istisna deyil. Bu xoşagəlməz olayın ona çox pis təsir etdiyini deyən M.Qurbanlı sonda onu da bildirdi ki, həmin anların videosunu ilk dəfə yaymış contact.az saytını məhkəməyə verməyə hazırlaşır.

Qeyd edək ki, dekabrın son günlərində contact.az saytında və sosial şəbəkələrdə YAP-çı deputatların AzTV-nin efirində söyüş söyməsini əks etdirən video yayılıb. Videoda YAP-çı deputatlar Mübariz Qurbanlı, Hadı Rəcəbli və Ziyad Səmədzadə dövlət kanalı olan AzTV-nin efirində dövlətçilik və gənclər siyasəti məsələlərini müzakirə edirlər. Deputat M.Qurbanlıdan sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılovun çıxış edir. Onun çıxışı zamanı isə efirə çox zəif səslə söyüş gedir. İştirakçılardan biri mikrofonun söndürülmədiyini unudaraq digərinə gənclər haqda ədəbsiz sözlər söyləyir. İfadələr çox aşağı tonda olsa da aydın eşidilir. Bu sözlər videoçarxda 1 dəqiqə 10-cu saniyədə eşidilir. O sözü deyən deputatın üzü görünmür, lakin saytlar onun səsinin Mübariz Qurbanlının səsinə bənzədiyini vurğulayıb. Hadisə İbrahim Məmmədovun aparıcılıq etdiyi “Günün nəbzi” verilişində baş verib.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.