Dövlət Neft Fondu aldığı qızılı Azərbaycana gətirməyə başlayıb
  • Fond tərəfindən alınmış qızılın müvəqqəti saxlanılması üçün bu sahədəki müsbət təcrübələri və saxlama xərcləri nəzərə alınaraq "JP Morgan" Bankının London anbarı seçilib.

Fonddan Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a uyğun olaraq yeni investisiya siyasəti qəbul edilib. Yeni investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər.

1 fevral 2012-ci il tarixindən etibarən London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının (LQMBİA) üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışına başlanılıb. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə alınması nəzərdə tutulan qızılın ümumi miqdarının mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində Fondun investisiya portfelinə daxil edilməsi planlaşdırılıb.

2012-ci il dekabrın 31-nə ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 14 934 kq (480 146 troya unsiyası) təşkil edir.

Fond tərəfindən alınmış qızılın müvəqqəti saxlanılması üçün bu sahədəki müsbət təcrübələri və saxlama xərcləri nəzərə alınaraq "JP Morgan" Bankının London anbarı seçilib.

Növbəti mərhələdə strateji əhəmiyyətli rezerv xarakteri daşıyan qızıl ehtiyatlarının ölkəyə gətirilməsi və burada saxlanılmasının təmin edilməsi nəzərdə tutulub.

11 yanvar 2013-cü il tarixində Neft Fondu tərəfindən alınmış LQMBİA standartlarına uyğun təxminən 1 ton qızıl (32 150 troy unsiyası) Britaniyanın "Brinks Qlobal Servisiz" şirkəti tərəfindən Azərbaycana gətirilib və Azərbaycan Mərkəzi Bankında müvəqqəti olaraq saxlanılacaq.

Neft Fondunun yeni inzibati binasında müasir standartlara uyğun qiymətlilərin saxlanılması üçün xəzinə inşa edilməsi nəzərdə tutulub. ARDNF-nin yeni binası istifadəyə verildikdən sonra alınmış qızılın həmin xəzinədə saxlanılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanın suveren fondu olan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılıb. 1 dekabr 2012-ci il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 33 895 mln. ABŞ dolları təşkil edir.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.