Prezident Amdinistrasiyasının rəhbəri “Facebook inqilabı” iddialarını şərh etdi
  • Ramiz Mehdiyev: “Əgər göstərilən faktlar təsdiq olunsa, Milli Demokratiya İnstitutu ilə əməkdaşlığımızı dayandırmalı olacağıq”

“Hazırda Azərbaycanda 100-dən artıq beynəlxalq qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Ancaq qeydiyyatdan keçməyən, lakin faktiki işləyən təşkilatlar da var ki, onların fəaliyyəti bir sıra suallar doğurur”.FOXnews.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AzərTAc-a müsaşibəsində deyib. Onun sözlərinə görə, qeydiyyatdan keçən beynəlxalq QHT-lərin maliyyə hesabatlığı çox acınacaqlı vəziyyətdə olduğundan, xarici donorlardan daxil olan qrantların və ianələrin böyük hissəsinin gerçəkdə hara xərcləndiyi bilinmir: “Bu məsələdə şəffaflıq yoxdur. Mövcud qanunvericiliyə görə, yerli və xarici QHT-lərin gəlirləri və xərcləri barədə məlumat dövlət və ya kommersiya sirri ola bilməz. Onlar hər il Maliyyə Nazirliyinə müvafiq hesabat verməli, nazirlik isə qanunun tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etməlidir. Bir sıra hallarda bu təşkilatların əsl hədəfləri qeyri-müəyyən qalır. Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yarananda, hökumət hansısa addımlar atanda onların maliyyələşdirdiyi yerli müdafiəçilər, beynəlxalq havadarları dərhal hay-küy salır, birləşmək, söz azadlığının pozulduğunu iddia etməyə başlayırlar. Bəzən həmin saxta QHT-lər diplomatik müdafiədən də istifadə etməkdən çəkinmirlər. Aparılan təhlillər göstərir ki, hətta qrantlar qeydiyyata alındıqdan sonra külli miqdarda maliyyə vəsaitinin ayrılması davam etdirilir və onların barəsində məlumatlar verilmir. Vəsaitlərlə bağlı aparılan əməliyyatlar, məlumatsızlıq latent korrupsiya təzahürlərindən xəbər verir”.

Ramiz Mehdiyev deyib ki, araşdırmalar zamanı başqa gizli mexanizmlər də aşkarlanıb: “Beynəlxalq QHT-nin yerli nümayəndəliyi qeydiyyata alınmır, amma baş təşkilat yerli QHT-lərə qrant verir və ya əksinə, yerli nümayəndəlik qeydiyyata alınır, amma baş təşkilat yenə də yerli QHT-lərə birbaşa qrant verməkdə davam edir. Yerli nümayəndəliklərin qeydiyyata alınmamasına baxmayaraq, bəzi beynəlxalq QHT-lərin baş təşkilatları hər hansı bir şəxsə etibarnamə verir və onu nümayəndə təyin edirlər. Həmin şəxs ölkədə fəaliyyətə başlayır. Bu fəaliyyət isə hüquqi baxımdan qanunsuzdur. Bəzi beynəlxalq QHT-lər reallıqda mandatlarına aid olmayan məsələlərlə məşğuldurlar. Onlar rəsmi olaraq müəyyən qrant layihəsi elan edir, lakin reallıqda tamamilə başqa, bir çox hallarda dağıdıcı məqsədlər üçün vəsait ayırırlar. Təhsil sahəsində ixtisaslaşan bəzi təşkilatlar qeyri-təhsil layihələrini, qaçqın və məcburi köçkünlərə yardım etməli olan beynəlxalq QHT-lər müxalifət QHT-lərini maliyyələşdirməklə məşğul olurlar. Onların donorları qrant verəndə pulun nəyə xərclənəcəyini yaxşı bilirlər. Demək, əsl məqsəd təhsil, qaçqınlara və məcburi köçkünlərə yardım layihələri deyil, öz təsir dairələrini genişləndirməkdir. Hətta humanitar təşkilat kimi qeydiyyatdan keçən bəzi xarici QHT-lər anlaşma memorandumlarına zidd olaraq Vergilər Nazirliyində qeydiyyatdan keçməklə kommersiya fəaliyyəti ilə məşğul olurlar”.

“Bəzi xarici QHT nümayəndələrinin vaxtaşırı öz hesablarından iri məbləğdə nağd pul çıxarmaları ilə ölkədə baş verən hadisələr arasında sinxron bağlılıq müşahidə olunur. Bu çıxarışların həm də aylıq xarakter daşıması ayrı-ayrı beynəlxalq QHT-lərin həmin vəsaitləri müxalifətə aylıq maaş şəklində payladıqları barədə şübhələr yaradır. Sosial şəbəkələr vasitəsilə gənclərin dünyagörüşü radikallaşdırılır, onlar təşkilatlandırılır, pul hesabına qanunsuz tədbirlərdə iştiraka stimullaşdırılırlar. Belə təşkilatların bəzi nümayəndələri əvvəllər işlədikləri ölkələrdə vətəndaşları kütləvi iğtişaşlara təhrik etdikləri üçün oradan xaric edilmişlər. Hazırda isə qərəzli fəaliyyətlərini Azərbaycanda davam etdirirlər. Halbuki, həmin QHT-lər uzun müddət Azərbaycanda qeydiyyatdan keçmək üçün dəfələrlə müraciət etmiş və öz üzərlərinə bitərəflilik, qərəzsizlik və balanslılıq prinsiplərinə riayət edəcəkləri barədə öhdəliklər götürüblər”, - Ramiz Mehdiyev deyib.

O, son vaxtlar Azərbaycanda “iki milyon dollarıq “Facebook inqilabı”” ilə bağlı səslənən iddialara da toxunub: “Bu günlərdə yerli mətbuatda ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş fəaliyyəti haqqında məlumat yayıldı. Əgər orada göstərilən faktlar təsdiq olunsa, biz bu qurumla əməkdaşlığımızı dayandırmalı olacağıq. Üstəlik, MDİ-nin nümayəndəsi martın 10-da “Fəvvarələr” meydanında keçirilməsinə cəhd olunmuş qeyri-qanuni aksiyada iştirakını etiraf etmişdir. Görünür ki, MDİ-nin Bakı nümayəndəliyi və onun əməkdaşları haqqında yayılan məlumatlar ciddi yoxlanılmalıdır. Biz müşahidələrimizi və tədqiqatlarımızı davam etdiririk. Bu gün Azərbaycan qanunvericiliyinin tələblərini pozan digər təşkilatların adının çəkilməsini hələ ki, məqsədəmüvafiq hesab etmirəm. Lakin nəticə çıxarmasalar, onları Azərbaycan qanunlarına hörmət etməyə məcbur edəcəyik. Ədliyyə Nazirliyi də nizamnamə məqsədlərindən kənara çıxan QHT-lərə bir neçə dəfə xəbərdarlıq etmişdir. Əgər həmin QHT-lər bu iradlardan nəticə çıxarmasalar, onlar barəsində də ciddi tədbirlər görüləcəkdir. Ümumiyyətlə, belə hallar Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradır, ölkəmizin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Bu məsələlər aidiyyəti dövlət orqanlarını ciddi düşündürməlidir”.

Ramiz Mehdiyev deyib ki, Beynəlxalq münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliyin əməkdaşları qəbul edən dövlətin ərazisində hər hansı şərait və hadisəni aydınlaşdırarkən və ya öyrənərkən bunu qanuni vasitələrlə, başqa sözlə desək, qəbul edən dövlətin qanunvericiliyi ilə qadağan edilməyən vasitələrlə yerinə yetirmək öhdəliyi daşıyırlar: “Həmçinin sözügedən beynəlxalq konvensiyaya əsasən, diplomatik nümayəndəliklərin əsas funksiyalarından biri məhz iki ölkə arasında dostluq münasibətlərini təşviq etmək və bu münasibətlərin irəli aparılmasına çalışmaqdır. Lakin bəzi hallarda xarici səfirliklərin nümayəndələri Azərbaycanın daxili işlərinə müdaxilə edir, siyasi proseslərə, öz təlimatları ilə onun icraçılarına təsir göstərməyə çalışır və müəyyən mənada maraqlı tərəfə çevrilərək həm beynəlxalq, həm də Azərbaycan qanunlarının tələblərini pozurlar. Digər tərəfdən, Vyana Konvensiyasına əsasən qəbul edən dövlətin diplomatik missiyanın əməkdaşlarının toxunulmazlığını təmin etmək üçün zəruri tədbirlər həyata keçirmək öhdəliyi vardır. Bu öhdəliyin icrası ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi həm ölkəmizdə akkreditə olunmuş diplomatik missiyalara müvafiq rəsmi bildiriş ünvanlamış, həm də həmin sənədi öz internet səhifəsində yerləşdirmişdir. Bildirişdə qeyd olunur ki, diplomatik missiyaların əməkdaşları və onların ailə üzvləri, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş əraziləri və qoşunların təmas xətti istisna olmaqla, ölkənin bütün ərazisində qarşılıqlılıq prinsipi əsasında sərbəst hərəkət etmək imkanına malikdirlər. Bununla yanaşı, onlara tövsiyə olunur ki, sərhəd bölgələrinə səfərlər planlaşdırarkən öncədən bununla bağlı Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılsın. Həmçinin Azərbaycanın hər hansı bölgəsində rəsmi görüşlər keçirmək və ya rəsmi tədbirlərdə iştirak etmək planlaşdırılırsa, bu halda nəzərdə tutulan səfərdən 7 iş günü əvvəl Azərbaycan XİN-ə nota ilə yazılı müraciət olunmalıdır. Bəzi hallarda Konvensiyanın tələblərinin və Xarici İşlər Nazirliyinin tövsiyələrinin nəzərə alınmaması, ilk növbədə, diplomatların təhlükəsizliyinin təmin edilməsinə maneə yaradır. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, ölkədə akkreditə olunmuş diplomatik missiyalar fəaliyyətlərində Vyana Konvensiyasının müddəalarını rəhbər tutmalı və Azərbaycanın daxili işlərinə müdaxilə etməməlidirlər”.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.