"Səni Axtarıram" verlişinə çıxan qadının başına gələn şok hadisə
  • Almaniyada övladları əlindən alınan azərbaycanlı ana başına gətirilən olayla bağlı Azərbaycandan kömək istəyir.

Dünən ATV telekanalında nümayiş olunan “Səni axtarıram” verilişində Almaniyada yaşayan azərbaycanlı Ruhəngiz Əli qızı Cəfərova 3 övladının Almaniya məhkəməsi tərəfindən alınaraq başqa ailəyə verilməsini göz yaşları içərisində danışıb.

Həmyerlimizin acı taleyi ilə bağlı verilişin aparıcısı və müəllifi Xoşqədəm Hidayətqızı Milli.Az-a açıqlamasında bildirdi ki, Ruhəngiz Cəfərova əri Elçinlə Almaniyada qaçqın statusu ilə yaşayıblar. Onların həmin ölkədə 3 uşağı dünyaya gəlib. İki il əvvəl onlar arasında ailə münaqişəsi olub. Elçin də onunla dalaşıb. Səhhətinin pozulmasından şübhələnən Ruhəngiz həkimə müraciət edib. Geri qayıdarkən ər qapını onun üzünə açmayıb. Ruhəngiz məcbur olub qonşunun evinə gedib və ərinin qapını nə vaxt açacağını gözləyib. Qonşu olan həmin rus qadın da məsələ ilə bağlı polisə məlumat verib. Ruhəngiz alman dilini bilmədiyindən polis tərəfindən verilmiş sənədə imza atıb. Ruhəngizin dediklərindən belə məlum olub ki, qonşu qadın həmin sənəddə onun əri tərəfindən döyülməsi və işgəncə verilməsini yazıbmış. Bir həftə sonra ailə münaqişəsi məhkəməyə çıxarılıb. Lakin Elçin Ruhəngizə məhkəməyə getməyə icazə verməyib. Bundan sonra Almaniyada uşaq problem və hüquqlarını müdafiə edən təşkilat həmin uşaqları anadan alaraq başqa ailəyə verib.

“Ruhəngiz iki ildir Almaniya məhkəmələrində qalıb, amma nəticə yoxdur. Uşaqlar artıq başqa ailələrdə öz ana dillərini də unudublar. Dəhşətlisi odur ki, uşaqlardan iki qız uşağı yaşca bir az böyük olsalar da, qardaşları anadan alınarkən 10 aylıq südəmər olub. Ruhəngizin arzusu Azərbaycan dövlətinin ona köməklik etməsidir. Bizə müraciət etməsinin səbəbi də məhz budur ki, Azərbaycan dövləti uşaqlarını geri almasında ona kömək etsin”, - deyə Xoşqədəm Hidayətqızı bir ananın faciəsini dilə gətirdi.

Qeyd edək ki, bir müddət əvvəl belə bir hadisə Hollandiyada türk qadının başına gətirilmişdi. Məsələyə Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan qarışdıqdan sonra ana öz balasına qovuşmuşdu.

Onu da əlavə edək ki, aprelin 30-da son məhkəmə iclasıdır. Ananın övladlarına qovuşması bu məhkəmədən asılıdır.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Azay Quliyev bildirib ki, söhbət Azərbaycan vətəndaşı və azərbaycanlıdan gedirsə, dövlətimiz birmənalı şəkildə öz soydaşının yanında olacaq. Komitə sədrinin sözlərinə görə, Azərbaycan qadının bütün pozulmuş hüquqlarının bərpa olunmasına çalışacaq: "Həmin ananın buna heç bir şübhəsi ola bilməz. Sadəcə, bu müdafiəni uğurla təşkil etmək üçün bütün bu vəziyyətlə bağlı ətraflı bilgi əldə etməliyik. Bilgi olmalıdır ki, müvafiq qaydada həm Avropa qanunvericiliyinə, həm də beynəlxalq konvensiyalara uyğun bu məsələnin həlli imkanlarını araşdıraq. Bunun üçün həmin qadın yazılı şəkildə Azərbaycanın müvafiq orqanlarına müraciət etməlidir. Həmin qurumlar müraciət əsasında, şübhəsiz ki, araşdırma aparıb onun pozulmuş hüquqlarının bərpası istiqamətində öz işlərini qurmalıdır".

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.