Prezident 31 nömrəli orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir işləri ilə tanış olub
  • İlham Əliyev avqustun 10-da Yasamal rayonundakı 31 nömrəli orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil islahatlarının genişləndirilməsi və bu sahədə keyfiyyət dəyişikliklərinə nail olunması istiqamətində görülən işlər artıq öz bəhrəsini verir.

Bunun nəticəsidir ki, indiyə qədər ölkədə 2200-dən çox məktəb binasə tikilmiş, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılmışdır. Yeni təhsil ocaqlarının inşası ilə yanaşı, mövcud məktəblər üçün əlavə tədris korpuslarının tikintisi geniş vüsət almışdır. Son illərdə 2000-ə yaxın məktəb üçün əlavə korpus inşa olunmuşdur.

Təkcə 2011-ci ildə Bakıda 60-dan çox məktəbin binası əsaslı təmir edilmişdir. 2012-ci ildə 81 məktəbin binası təmir olunmuş, yeni korpuslar tikilmişdir. Bu il ərzində isə 120 məktəbdə yenidənqurma işlərinin aparılması nəzərdə tutulmuşdur ki, indi bu proses uğurla aparılır. Yasamal rayonundakı 31 nömrəli orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri də bu sırada mühüm yer tutur.

Dövlətimizin başçısına məlumat verildi ki, ötən əsrin əvvəllərində tikilən bu təhsil ocağı 1936-cı ildə oğlanlar üçün ixtisaslaşdırılmış məktəb kimi fəaliyyət göstərmişdir. 1941-1945-ci illərdə təxliyyə hospitalına çevrilən məktəb Böyük Vətən müharibəsi başa çatdıqdan sonra yenidən öz qapılarını şagirdlərin üzünə açmışdır. Uzun illər ərzində əsaslı təmir olunmayan məktəbdə yaranan vəziyyət yenidənqurma işlərinin aparılmasını zərurətə çevirmişdi. Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində digər təhsil ocaqlarında olduğu kimi, bu məktəbdə də görülən yenidənqurma işləri artıq başa çatmışdır. Dördmərtəbəli, ümumi sahəsi 4000 kvadratmetr olan 650 şagird yerlik məktəbdə tədris üçün bütün zəruri baza yaradılmışdır.

Bildirildi ki, tədrisin bir növbədə aparılacağı məktəbdə bütün siniflər yüksək səviyyədə təmir olunmuş və onların hamısı tədris avadanlığı, o cümlədən əyani vəsaitlərlə təchiz edilmişdir. Üç fənn labaratoriyasından başqa yaradılan iki informatika sinfində şagirdlərin informasiya texnologiyalarına yiyələnmələri üçün hər cür şərait yaradılmışdır.

Onu da qeyd edək ki, digər məktəblərdə olduğu kimi, bu təhsil ocağında da siniflərin istilik sistemi ilə təchiz olunmasına xüsusi diqqət göstərilmişdir. Bundan əlavə, məktəbdəki idman zalı da yenidən qurulmuş, burada şagirdlərin idmanla məşğul olmaları üçün zəruri avadanlıq quraşdırılmışdır. Akt zalında isə məktəb həyatı ilə bağlı tədbirlərin keçirilməsi üçün bütün imkanlar vardır. Gələcəkdə məktəbin ətrafında geniş abadlıq işlərinin davam etdirilməsi nəzərdə tutulur və bu çərçivədə idman meydançasının, həmçinin akt zalının daha da genişləndirilməsi planlaşdırılır.

Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.