Universitet Milli Qəhrəmanın qızına güzəşt etmədi
  • “Şəhid ailələrinə güzəştlər edilməsi ilə bağlı qərar təhsil sahəsində öz əksini tapmır”.

Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurova dövlət imtahanına buraxılmayıb. Buna səbəb isə illik ödənişin ödənilməməsidir. Bu haqda Adolat Aznaurova məlumat verib:

“Mən Odlar Yurdu Universitetinə Azərbaycan Beynəlxalq Universitetindən köçürülmüşəm. ABU bağlanmamışdan öncə həmin universitetdə son kurs üzrə təhsil almış, təhsil haqqını ödəmiş və buraxılış imtahanlarını vermişdim. Lakin ABU-nun bağlanması nəticəsində diplom almaq üçün Odlar Yurdu Univeristetinə köçürüldüm. Təhsilimi davam etdirdiyim müddətdə yenidən təhsil haqqı kimi 2000 AZN ödəməli olduğumu bildirdilər. Dəfələrlə Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyevə şəhid, Milli Qəhrəman ailəsi oduğumuzu nəzərə alıb ödənişin ödənilməsində güzəşt edilməsi barədə müraciət etmişik və bir neçə dəfə qəbulunda da olmuşuq. İlk olaraq bu ödənişlə bağlı güzəşt ediləcəyini bildirsələr də, hal-hazırda bu pulu ödəmədiyim üçün məni Dövlət imtahanlarına buraxmadılar.

Cənab prezidentimizin şəhid, Milli Qəhrəman ailələrinə güzəştlər edilməsi ilə bağlı verdiyi xüsusi tapşırıqlar hələ də təhsil sahəsində öz əksini tapmır”.

Oxu.Az-ın Odlar Yurdu Universiteti ilə əlaqə yaratmaq cəhdi baş tutmadı. Xəbər diqqət mərkəzində saxlanılır, qarşı tərəfin fikirlərini də işıqlandırmağa hazırıq.

Qeyd edək ki, İsgəndər Aznaurov 16 avqust, 1956-cı ildə Özbəkistan Respublikasının Buxara vilayətində dünyaya gəlib. Əslən Ahısqa türküdür. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra İsgəndər də yüz minlərlə Ahısqalı kimi oranı tərk etməyə məcbur olub və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana – Şəmkir rayonunun Kür qəsəbəsinə köçüb.

Erməni faşistlərinin torpaqlarımıza basqınları İsgəndəri  Milli Ordu sıralarına könüllü yazılmağa vadar edir. Onu “N” saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər. “Topçu İsgəndər” kimi tanınan İ.Aznaurov Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv edib. Şınıx bölgəsində gedən döyüşlərdə o düşmənin demək olar ki, bütün silah-sursatını sərrast atəşlərlə sıradan çıxarıb. 18 aprel 1993-cü ildə igid döyüşçü yenidən döyüşə girir və bu döyüşdə qəhrəmancasına həlak olur.

Evli idi. Üç qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bakının Şəhidlər xiyabanında dəfn edilib.

(Oxu.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.