Nərgiz Paşayeva: Azərbaycanın rifahı naminə çalışacaqlarına əminəm
  • M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında növbəti məzun buraxılışına həsr olunan mərasim keçirilib.

Dünyanın nüfuzlu ali təhsil ocaqlarından sayılan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının 102 məzunu unudulmaz anlar yaşayıb.

Mərasimdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva bu ali məktəbdə artıq üçüncü ildir bakalavr və ilk dəfədir magistrlər buraxılışının qeyd edildiyini bildirib.

Rektor məzun gününü universitetin həyatında əlamətdar hadisə adlandırıb, ali məktəbi 17 bakalavrın və 11 magistrin fərqlənmə diplomu ilə bitirdiyini vurğulayıb. Məzunların dünyada şöhrət qazanan universitetin diplomuna sahib olacaqlarını bildirən N.Paşayeva həmişə olduğu kimi, məzun günündə də ali təhsil ocağında qonaqların iştirak etdiyini diqqətə çatdıraraq diplomları təqdim etmək üçün onları səhnəyə dəvət edib.

Rektor məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq onların Azərbaycanın rifahı naminə çalışacaqlarına əminliyini bildirib.

Bakı filialının rəhbəri hazırda vacib layihə üzərində iş aparıldığını da qeyd edib. Diqqətə çatdırıb ki, yaxın vaxtlarda Oksford Universitetində Nizami Gəncəvi Elmi Mərkəzi fəaliyyətə başlayacaq.

Nərgiz Paşayeva hazırda Bakı filialında 5 fakültənin - kimya, riyaziyyat, filologiya, psixologiya və iqtisadiyyat fakültələrinin fəaliyyət göstərdiyini vurğulayıb. O qeyd edib ki, bu günədək M.V. Lomonosov adına Moskva Dövlət Universitetindən 1200-dən çox müəllim bu dünya şöhrətli ali məktəbin Bakı filialında dərs deyib.

Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin çıxış edərək üçüncü dəfədir Bakı filialında məzun günündə iştirak etdiyini söyləyib. Bu filialın açılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq Sərəncamını xatırladan səfir universiteti Rusiya və Azərbaycanın birgə uğurlu layihəsi kimi dəyərləndirib, hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulayıb.

Məzunlar çıxış edərək universitetdə tələbələr üçün gözəl mühitin yaradıldığını və bunun sayəsində gənclərin təhsildə daha yüksək nəticələr əldə etdiklərini, burada bir ailə kimi yaşadıqlarını söyləyiblər. Məzunlar onlara daim dəstək olan universitetin rəhbərliyinə, müəllim və valideynlərinə minnətdarlıqlarını bildiriblər.

Sonra məzunların ənənəvi andı səslənib, beynəlxalq tələbələr himni ifa edilib. Məzunlar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tələbəsi fəxri adını ləyaqətlə daşıyacaqlarına söz veriblər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.