Qurban Qurbanov: Biz hələ indi başlamışıq (VİDEO)
  • Ortada Azərbaycanın dövlət müstəqilliyi var və istiqlal əmanətimiz var. Və biz bu əmanəti qorumalıyıq.

Azərbaycanın “Qarabağ” futbol klubunun Ukraynadan gətirdiyi qələbəyə mən Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolun tərkib hissəsi, bir yarımstansiyası kimi yanaşıram.

ANS TV-nin “Hesabat” verilişində Mirşahin “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanovla görüşüb. Həmin verilişdən olan müsahibəni sizə təqdim edirik:

O, futbolçularını, daha doğrusu döyüşçülərini yeni döyüşə, yeni görüşə hazırlayırdı.

Mirşahin: Qurban müəllim, Sizi qazandığınız uğur münasibəti ilə Azərbaycan tamaşaçıları adından, içində özüm də olmaqla təbrik edirəm. Siz komanda ilə çıxdınız – artıq belə bir söz var, Biləcəridən o yana. Çoxdandır ki, “Qarabağ” komandası Biləcəridən o yana çıxıb. Artıq bu komandanın futbolçularına müştəri gözü ilə baxanlar çoxdur. Bu kollektivi bir yerdə saxlamaq imkanınız nə qədərdir?

Qurban Qurbanov: İlk öncə təbriklərə görə təşəkkür edirəm. Futbolçulara gəldikdə, onların hər birinin bizimlə müqaviləsi var, çoxu uzun müddətlidir. Belə bir problemimiz yoxdu. Amma digər tərəfdən, əgər normal bir klublardan futbolçulara belə bir təklif gəlsə, nəticəni dəyərləndirərik. Çünki futbolçularımızın belə bir klubdan gedib, digər yaxşı klublarda oynaması düşünürəm ki, həm klub, həm də Azərbaycan futbolunun xeyrinə olar. Çünki kənar klubların və kənar dövlətlərin bizim futbol bazarına girməsi, məncə lazımdır və biz də bunu gözləyirik. Başqa isə hər bir futbolçunun müqaviləsi var və bu sahədə ciddi bir problemimiz yoxdur.

Mirşahin: Bunların yerinə bizim alternativlərimiz varmı? Onları əvəz edə biləcək layiqli oyunçularımız varmı?

Qurban Qurbanov: Bu gün bizim klubumuz böyük klublardan deyil. Azərbaycan reallığına baxsaq, həqiqətən bu gün bizdə daima çatışmazlıqlar var. Daima oyunçu qıtlığı var, o cümlədən də azərbaycanlı oyunçuların çatışmazlığı var. Amma son vaxtlar 4-5 nəfər gənc futbolçunu komandamıza dəvət etmişik, hansı ki, perspektivli futbolçulardır. Biz çalışırıq ki, onları Avropa oyunlarına buraxaq ki, təcrübə toplasınlar. Belə desəm ki, bu gün hansısa bir güclü futbolçumuzu götürüb aparsalar, yəni onun yerinə biz ona layiq bir futbolçu qoya bilərik? Bu, bir az çətin olar. Amma düşünürəm ki, ümumən o qədər də işimiz pis getməz. Eyni zamanda futbolçu o zaman gedə bilər ki, transfer pəncərəsi açıq olsun. Bizdə isə transfer pəncərəsi yayda, bir də qışda olur. Həmin futbolçu getdiyi zaman isə lazım olsa, biz onun yerini digər bir futbolçu ilə doldura bilərik.

Mirşahin: Tutaq ki, yaxşı komandalar yaxşı futbolçulara müştəri çıxırlar. Bəs yaxşı məşqçiyə müştəri çıxsa nə edəcəyik?

Qurban Qurbanov: Reallığa baxsaq, bu gün Azərbaycandan bir o qədər, nə futbolçumuz, nə də məşqçimiz var. Aparıcı futbol klublarını isə bu, bir o qədər də maraqlandırmır. Azərbaycan futbolunun inkişafı son vaxtlar digər ölkələrdə tanınmağa başlayıb. Hələlik buna maraq yoxdur. Amma belə bir kiçik qələbələrlə Avropa klublarından təklif gəlməsini gözləyirəm desəm? Bu, mənim işimə mane ola bilər. Sadəcə olaraq təkliflər yalnız böyük uğura imza atmış məşqçilərə gələ bilər. Biz hələ indi başlamışıq. Birdən-birə biz o barədə düşünsək mənə elə gəlir ki, bu, reallıq olmaz. Düşünürəm ki, burda işlərimizi daha düzgün qurmalıyıq və daha yaxşı komanda yaratmalıyıq.

Mirşahin: Berti Foqts getdi. Münasibətiniz necədir onun gedişinə? Ümumiyyətlə, bir həmkar olaraq onun fəaliyyətini necə qiymətləndirirsiniz? Siz də komanda çalışdırırsınız, o da çalışdırırdı?

Qurban Qurbanov: Mən onun getməyinə normal baxıram. Bu, hər birimizi gözləyən bir addımdır. Buna cavabdeh olan qurum isə AFFA-dı. Hansı ki, milli komanda tam AFFA-nın nəzdindədir. Hər halda, onlar da istəyirlər ki, milli komandamız daha yaxşı nəticələr əldə etsin. Onun yerinə kim gələcəksə, ondan uğur gözləyəcəyik. Çünki milli komanda hamımızındır. Nə qədər yaxşı nəticələri olsa, hamımız sevinəcəyik.

Mirşahin: Komandanın məqsədi nədir? Qrupdan çıxırıq?

Qurban Qurbanov: Hazırda şansımız pis deyil. Oyundan sonra mən qeyd etmişdim ki, biz bu gün ikinci yeri düşünsək qalib gələ bilmərik. Bizi Bakıda ağır oyun gözləyir. Bizim yenidən qarşılaşacağımız komanda böyük təcrübəyə malikdir. Onlar çalışacaqlar ki, maksimum nəticə əldə etsinlər. Biz isə çalışacağıq ki, orda buraxdığımız səhvləri burda təkrarlamayaq. Bu oyun bizim üçün qrupun ən ağır oyunu olacaq.

Mirşahin: Uğurlar arzu edirəm Qarabağımıza! Allah köməyiniz olsun! Çox sağ olun, təşəkkür edirəm.

Bilirsiz, Qurban Qurbanovda mənim diqqətimi nə cəlb elədi? Soyuqqanlılıq. Onun soyuqqanlılığı heç də bu payız havası ilə bağlı deyildi. Onun soyuqqanlılığı öz idmançılarına, öz oyunçularına olan etibardan və inamdan qaynaqlanırdı. Qurban Qurbanovun soyuqqanlılığını sabah Azərbaycan vətəndaşlarının elə Qurban Qurbanovun bəlkə də komandasında bu saat oynayan Azərbaycan vətəndaşlarının istiqanlılığı da əvəz edə bilər – səngərdə, döyüşdə.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.