Eminin konserti alqışla keçib
  • "Heç bir ölkədə bu hissləri keçirmirəm" Məşhur ifaçı və bəstəkar Emin Heydər Əliyev Sarayında "Yeni bir şou" adlı möhtəşəm konsert proqramı ilə çıxış edib.

Xeyriyyə məqsədi ilə təşkil olunan konsert bir çox maraqlı məqamlarla yadda qalıb. 
“Just for one night” mahnısı ilə tamaşaçıları salamlayan EMİN konsert ərzində repertuarında yer alan digər mahnıları ifa edib. Altı musiqiçi və üç bek-vokalçının iştirakı ilə əsasən “Wonder” albomundakı mahnıları səsləndirən müğənni “Wonder”, “All i need to night”, “Miss America”, “Falling”, “Obvious”, “Dont go” mahnıları ilə yanaşı, bir neçə yeni mahnı da ifa edib. Emin konsert ərəfəsində iki dəfə geyimini dəyişib. Səhnədə olduqca mehriban təsir bağışlayan Emin konsertdə iştirak edən hər bir tamaşaçıya xüsusi diqqət ayırıb. Ona yaxınlaşıb gül dəstəsi verən və avtoqraf istəyənlərin hər birini hörmətlə yanaşıb. “Zalın dolu olması hər bir sənətçinin arzusudur. Mənim bütün konsertlərim bu cür keçir. Buna görə də sizə təşəkkürümü bildirirəm. Bakıda, sizin qarşınızda çıxış etmək bütün konsertlərdən daha fərqli və xoşdur. Heç bir ölkədə çıxışım zamanı bu hissləri keçirmirəm. Bütün il boyu həsrətlə Bakıdakı konsertimizi gözləyirik”- söyləyən ifaçıdan tamaşaçılar yalnız müsbət enerji alıblar. Müğənni sənət müəllimi hesab etdiyi görkəmli sənətkar Müslüm Maqomayevlə virtual duet də oxuyub. Müslüm Maqomayev ekranda, Emin Ağalarov isə səhnədə “Sinyaya vecnost” mahnısını ifa edib. Tamaşaçılar Müslüm Maqomayevin əvəzolunmaz ifasını ayaqüstə alqışlayıblar. Maraqlı məqamlardan biri də Araz Ağalarovun ilk dəfə oğlunun Bakıdakı konsertində iştirak etməsi idi. Müşahidələrimizə görə, Eminin həyat yoldaşı, anası, bacısı və nənəsindən fərqli olaraq onu konsertlərin heç birində görməmişdik. Emin Ağalarov iyulun 7-də Yaşıl Teatrda baş tutan konsertində atasının yoxluğunu ayağından əməliyyat olunması ilə əsaslandırmışdı. Atasını salamlayan ifaçı, ona göstərdiyi dəstəyə görə təşəkkür bildirməyi unutmadı. Daha sonra Emin gülə-gülə nənəsinin yanına gedərək “diskoteka mahnıları ilə kef edir” deyərək, onu qucaqlayıb və nənəsinin 97 yaşında olduğunu fəxrlə hər kəsin diqqətinə çatdırıb. Ölkə başçısı olan qayınatasını yaddan çıxarmayan ifaçı İlham Əliyevi sabahkı 50 illik yubileyi münasibəti ilə təbrik edib, ona xoş arzularını bildirdi. Bu il "Eurovision" müsabiqəsində ölkəmizə qələbə qazandıran Eldar və Nigar “Come to me” mahnısını ifa etdikdən sonra konsert barəsində tamaşaçılara məlumat veriblər. Onlar konsertdən gələn gəlirin Nardaran qəsəbəsində yerləşən 130 saylı məktəbin təmir işlərinin yekunlaşdırılmasına sərf olunacağını qeyd etdilər. Emin tamaşaçıların alqışları ilə üç dəfə səhnəyə qayıdıb və yenidən mahnılar ifa edib. Sonda müğənni bu konsertində də məşhur "Ruh" filmindən hər kəsin sevdiyi “Unchained melody” mahnısını ifa edərək həyat yoldaşı Leyla Əliyevanın yanına gəlib hər konsertində olduğu kimi ona bir qırmızı qızılgül verdi. Müğənni Azərbaycan xalqını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik etməyi unutmadı. Konsertdən sonra isə Emin əlil və kimsəsiz uşaqlar və eyni zamanda “fan-klub”u ilə görüşdü. Pərəstişkarlarına xüsusi diqqət ayıran Emin onlara avtoqraf verdi, fotolar çəkdirdi. Konsertə gələn hər bir tamaşaçıya da müğənninin “Wonder” albomu və remix variantı hədiyyə edildi. Qeyd edək ki, müğənni-bəstəkar Emin in indiyədək Bakıda verdiyi bütün konsertləri xeyriyyə xarakteri daşıyır və konsertlərdən əldə edilən vəsait Nardaran qəsəbəsindəki 130 saylı orta məktəbin yenidənqurulmasına sərf olunur. 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.