Ərəstun Oruclu: “İctimai Palata demokratik qurum ola bilmədi”
  • “Artıq İctimai Palata böhrana düşüb və ölkədəki partiyaların daha uğursuz modelinə çevrilib”

Ərəstun Oruclu İctimai Palatadan (İP) istefa verməsi ilə bağlı öz bloqunda açıqlama yayıb. FOXnews.az-ın APA-ya istinadən veridyi məlumata görə, açıqlamada deyilir: “Dünən İctimai Palatadan istefa qərarımı açıqladıqdan sonra gələn reaksiyalar göstərdi ki, bu istefaya səbəb olmuş göstərdiyim səbəblər ya yetərli olmayıb, ya da onlar hamını qane eləməyib. Bu səbəbdən də istefam ətrafında ən müxtəlif mülahizələr yürüdülür ki, bunu da normal qarşılayıram. Odur ki, hər şeydən öncə bu fakta diqqət yetirən, istefam ətrafında müzakirələrdə iştirak edən hər kəsə səmimi təşəkkürümü bildirirəm! Eyni zamanda, ünvanıma təhqirlər və ittihamlar yağdıranları isə bir qədər səbirli və dözümlü olmağa çağırıram”.

Ə. Oruclu bildirib ki, istefasının onunla eyni gündə İctimai Palatanı tərk etmiş Müsavat başqanının müşaviri Yadigar Sadıqovun istefası ilə heç bir əlaqəsi yoxdur: “Bu istefaların səbəbləri də tam fərqlidir. Mənim istefa qərarım son 2 ayda tədricən yetişən bir qərar idi və onu prezident seçkilərinə hazırlıq kimi dəyərləndirənlərə də birbaşa demək istəyirəm ki, mən 2013-cü il prezident seçkilərində iştirak haqda qərar versəm, bunu açıq və birbaşa elan edəcəyəm. İstefanın səbəbləri bundan qat-qat ciddidir, sadəcə ola bilsin ki, demokratik dəyərlərə fərdi yanaşmalar fərqli olduğundan burda bir anlaşılmazlıq üzə çıxır”.

İstefasının əsl səbəblərini bəyanatında açıqladığını deyən keçmiş İP üzvü daha sonra bunları açıqlayıb: “Tam məsuliyyətlə deyirəm ki, İctimai Palata milli-azadlıq hərəkatından sonra özündə cəmiyyətin ən müxtəlif kəsimlərinin təmsilçilərini birləşdirən, geniş ictimai-siyasi spektrə malik bir qurum kimi yaranmışdı. Bu isə onun şansları ilə yanaşı, həm də üzərinə düşən tarixi vəzifələri və tarixi məsuliyyəti artırırdı. Bu baxımdan qurum ictimai maraqları ifadə edən aparıcı kütləvi bir hərəkata çevrilə bilərdi. Təəssüf ki, bu baş vermədi, əksinə İctimai Palata partiya, qrup və fərdi maraqların mübarizəsi meydanına çevrilməyə başladı. O özü demokratik qurum ola bilmədi və fəaliyyətində rasionallıq ortaya qoymağa müvəffəq olmadı. Qərarların qəbulunda kollegiallıq yarada bilmədi, adından bəlli olduğu kimi, koordinasiya funksiyasını yerinə yetirməli olan Koordinasiya Şurası isə de-fakto İctimai Palatanın qərarverici qurumuna çevrildi. Demokratik dəyərlər uğrunda mübarizəni məhəlli maraqlar uğrunda pərdəarxası çəkişmə və yarışma meylləri əvəz etdi. Yeni Azərbaycan Partiyasının Avropa Parlamentinin bəlli qətnaməsinə etiraz məktubunun imzalanması məsuliyyətinin İctimai Palata ilə bölüşdürülməsi isə beynəlxalq aləmdə həm partiyaların, həm də palatanın nüfuzuna son dərəcə ciddi zərbə oldu.

Nəhayət, 2012-ci ilin payızında baş verənlər göstərdi ki, artıq İctimai Palata tam olaraq böhrana düşüb və ölkədə mövcud olan siyasi partiyaların onlardan daha uğursuz modelinə çevrilib, bu isə heç bir halda ölkədə müsbət dəyişikliyə aparan yol ola bilməz. Olsyadı, bu elə keçən 19 ilin ərzində baş verərdi. Son 2 ayda İctimai Palata ilə hakimiyyət arasında guya danışıqlar getməsi haqda mətbuatda, cəmiyyətdə yayılan məlumatlara və mülahizələrə bir dəfə də olsun təkzib verilmədi, münasibət bildirilmədi, əksinə mediadan yayınma tendensiyaları artdı. Mən əsla iddia eləmirəm ki, bütün bunlar həqiqətdir və medianı bu cür fikirlər yaymaqda suçlamıram da (istənilən mülahizələr, məlumatlar yaymaq medianın müqəddəs hüququdur), amma belə məlumatların təkzib edilməməsi İctimai Palatanın cəmiyyətdə onsuz da bir o qədər yüksək olmayan nüfuzuna ciddi xələl gətirdi. Bunu sadəcə, görməyə çalışmaq lazımdır. Bütün bu sadaladıqlarım İctimai Palatanın ölkədə demokratik islahatlar uğrunda mübarizəyə başçılıq edən quruma çevrilməsinə ciddi maneələr yaratdı və ümumiyyətlə, bu missiyanı artıq bitirmiş oldu. Belə olan halda isə İctimai Palata üzvlüyündə qalmağın özünün səmərəsiz və qeyri-rasional göründüyündən mən bu qurumdan istefa vermək qərarına gəldim. Məgər bütün bunlar istefa üçün yetərli deyildimi?”

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.