“Mənim öz partiyam var və yenisinə ehtiyacım yoxdur”
  • Bəzi mətbuat orqanlarında, heç bir əsası olmadan, şayiə əsasında xəbər yayılıb.

Qeyri-peşəkarlar tərəfindən hazırlanan xəbərdə guya Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) son qurultayında bu partiyaya yeni sədr seçilən Fatma Əliyevanın Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanovanın yaxın adamı olaraq, bu vəzifəyə onun xeyir-duası gəldiyi qeyd olunub.

Xəbəri şərh edən Rəbiyyət Aslanova vurğulayıb ki, Demokratik Azərbaycan Dünyası Partiyası hər zaman mövcud iqtidarın yanında olub,  Azərbaycanın inkişafına xidmət göstərib və  əminəm ki, bundan sonra da belə olacaq.

R.Aslanova ilk öncə DADP-nin qurultayında həmin partiyaya  sədr seçilən F.Əliyevaya öz gələcək fəaliyyətində uğurlar arzulayıb və eyni zamanda qeyd edib ki, onun bu məsələdə adının hallandırılması heç bir halda həqiqəti əks etdirmir.

R.Aslanovanın qeyd etdiyinə görə, ötən əsrin 90-ci illərindən, xüsusilə, üzvü olduğu hakim YAP-ın yaradıcısı, ümummilli lider Heydər Əliyevin ikinci hakimiyyəti dövründə Azərbaycanda digər aparıcı, demokratik ölkələrdə olduğu kimi, çoxpartiyalı sistem formalaşmağa başlayıb:

“Bu, demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan ölkəmiz üçün çox mütərəqqi bir haldır. Çünki heç bir demokratik dövləti çoxpartiyalı siyasi sistem mövcud olmadan təsəvvür etmək olmaz.

Demokratiyanın başlıca tələblərindən biri çoxpartiyalı sistemin formalaşması və bərqərar olmasıdır. Qeyd etdiyim kimi, Azərbaycanda da artıq 20 ildən çoxdur ki, bu istiqamətdə hərtərəfli addımlar atılıb.

Bu gün ölkədə qeydiyyatdan keçən 40-dan artıq partiya və bir o qədər qeydiyyatsız fəaliyyət göstərən siyasi qurumlar mövcuddur. Ancaq çox təəssüflər olsun ki, bu partiyaların indiyə kimi heç birinin sədri, lideri (bir istisna olmaqla) qadın olmayıb.

İndi çox əlamətdar haldır ki, bir Azərbaycan xanımı öz bacarığı, öz qabiliyyəti sayəsində bir partiyanın sədri seçilib. Ona bu işdə kömək etmək, xeyir dua-vermək, işlərinin yaxşı getməsini arzulamaq əvəzinə, fəaliyyətinin elə ilk başlanğıcında həmin xanımı bu cür lüzumsuz, əsassız müzakirələrə çəkmək, adı ətrafında qalmaqal yaratmaq, ünvanına ittihamlar səsləndirmək heç bir halda düzgün deyil və ilk növbədə bu iddia edənlərə başucalığı gətirmir”.

Daha sonra YAP-ın yarandığı ilk illərdən hakim partiyanın üzvü olduğunu, bunu özü üçün böyük  şərəf bildiyini qeyd edən millət vəkili onun yeni partiya yaratmağa, yaxud hansısa yeni partiyada təmsil olunmağa heç bir ehtiyacı olmadığını qətiyyətlə vurğulayıb və bu yerdə məşhur yazıçı Mark Tvendən sitat gətirərək bunları sözlərinə əlavə edib:

“Mark Tvenə deyirlər ki, qəzetlər sənin öldüyünü yazıblar. O cavab verir ki, qəzetlər bir qədər şişirdirlər. Mənim mənsub olduğum partiya var və Yeni Azərbaycan Partiyasında təmsil olunmağımdan böyük şərəf duyuram. Ulu öndər Heydər Əliyevin yaratdığı siyasi təşkilatda təmsil olunmaqdan böyük xoşbəxtlik görmürəm.

Eyni zamanda fəxr hissi ilə qeyd etmək istəyirəm ki, bu gün yarım milyondan artıq üzvü olan və yaxın günlərdə yaranmasının 20 illiyini təntənəli şəkildə qeyd etməyə hazırlaşdığımız möhtəşəm bir partiyanın sıralarında on minlərlə Azərbaycan xanımı, Azərbaycan qadını üzv kimi fəaliyyət göstərir.

Mənim bildiyimə görə, bu gün YAP-ın üzvləri arasında 50 mindən çox qadın var və elə hesab edirəm ki, bunun özü böyük hadisə, böyük göstəricidir.

Partiyamızın üzvləri, eləcə də, bu partiyada təmsil olunan xanımlar hər zaman öz fəaliyyətləti, əməkləri ilə Azərbaycanın demokratik dövlət quruculuğu prosesinə töhfə verirlər və verməkdədirlər.

Həmçinin, YAP hər zaman bütün xoşməramlı partiyalara kömək əlini uzadıb və lazım gələrsə, bundan sonra da köməkliyini göstərməyə hazırdır. Çünki YAP həmişə cəmiyyətdə dialoqun, həmrəyliyin tərəfdarıdır və bunu da daim öz addımları ilə sübut edib.

Demək istəyirəm ki, mənim öz partiyam var və sədaqət, etibar anlayışlarına da hər zaman sədaqətim, etibarım var. Ona görə də mənim partiya yaratmağa ehtiyacım yoxdur. Bu haqda yazan jurnalistlərə də üzümü tutub demək istəyirəm ki, onlar hər hansı bir məlumatı yazarkən ilk öncə onun dəqiqliyinə, səhihliyinə çalışsınlar, heç bir həqiqətə uyğun gəlməyən, böhtan xarakterli məlumatları cəmiyyətə ötürməsinlər.

Ən əsası da jurnalist, peşə etikasına əməl etsinlər. Ancaq görünür ki, bəziləri bundan bixəbərdirlər. Onlara, yazıqlar olsun, deyirəm”.

Aynur Cəfərova

(Gün.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.